Taleh Şahsuvarlı kitab haqqında geniş danışmayacağını qeyd etdi: “Müəllifin işi kitab işıq görəndə bitir. Şəxsən mən “Canlanma”dan narazıyam, çünki bu əsərdən daha yaxşı, daha samballı nəsr nümunələri yaradacağıma inanıram. Bununla belə, hesab edirəm ki, bu əsərin uğurlu cəhətlərini və qüsurlarını oxucular, tənqidçilər, ədəbiyyat adamları mənə göstərsə, yaxşı olar. Lakin bu təqdirlərin və tənqidlərin təəssüratlara və zövqə yox, tarixi metaroman janrının kriteriyalarına istinad etməsini arzulayıram”.
Yazıçı, “Canlanma”nın ilk oxucusunun “Alma” qəzetinin baş redaktoru İsrail Musayev olduğunu bildirdi və ondan qəbul etdiyi təbriki heç zaman unutmayacağını vurğuladı.
İsrail Musayev: “Bu kitabı iki axşama oxudum. “Canlanma”nın ən uğurlu cəhəti oxunaqlı olması, müəllifin məlumatlarla peşəkarcasına işləməsi və konseptuallığıdır. Qətiyyətlə deyirəm ki, son on ildə Azərbaycan nəsrində bu cür samballı əsər olmayıb. Təbii ki, qüsurlar da var. Amma bu qüsurlar bədii mətnə ciddi problemlər yaradacaq səviyyədə deyil”.
Kulturoloq Aydın Xan Taleh Şahsuvarlının yaradıcılığını müasir türk prozasının, xüsusən də Orhan Pamukun Azərbaycan ədəbiyyatına təsiri aspektindən şərh etdi. “Son illər Azərbaycanda yaranan romanların, belə demək mümkünsə, Orxan Pamukun şinelindən çıxdığı sezilir. Bu əslində yaxşçıdır. Mən kitabı ilk dəfə görsəm də, “Canlanma”nın internetdə yayılan parçaları ilə tanışam. Taleh təkcə tarixin yox, həm də gələcəyin təsvirini verib. Düşünürəm ki, həm də Azərbaycanın gələcək inkişafının modelini bədii şəkildə təqdim etmək lazımdır.”.
Taleh Şahsuvarlı: “Romanda bu modeli verməyə çalışmışam”
“Azad Yazarlar Ocağı”nın sabiq sədri, şair Rasim Qaraca müəllifi təbrik etdi və normal kitab bazarının olmadığı, azad sözün, alternativ fikrin basqı altında olduğu bir dövrdə Taleh Şahsuvarlının ortaya bədii kitab qoymasını fədəkarlıq nümunəsi saydı.
Tədbirin sonunda müəllif oxuculara kitablarını pulsuz hədiyyə etdi.
Ümumiyyətlə, bir neçə saat davam edən tədbirdə, təkcə roman deyil, həm də ədəbiyyatla bağlı geniş müzakirələr aparıldı. Müasir romanın tələbləri, kitab bazarının problemləri, posmodernizm və s. haqqında iştirakçılar öz fikirlərini paylaşdılar və belə müzakirələrin davamlı olmasını istədilər.






