“Masallı Mamed” müalicə olunurmuş
“Masallı Mamed”in sağlıq durumu barədə ilk ziddiyyətli xəbərlər 2008-ci ilin sentyabrında yayılmışdı. Həmin xəbərlərin birində deyilirdi ki, o, şəkər xəstəliyinin ağır formasından əziyyət çəkir və insulin asılılığındadır. Lakin bu xarakterli xəbərləri elə o zaman da, indi də “Masallı Mamed”in yaxınları qətiyyətlə rədd edirlər. Yaxınları iddia edirdilər ki, onun hansısa xəstəlikdən əziyyət çəkməsi barədə xəbərlər maraqlı dairələr tərəfindən yayılır və ortada M.Hüseynovun aradan götürülməsi planı var: “Bu cür xəbərlər də ona görə yayılır və faktiki olaraq “Masallı Mamed”in fiziki məhvinə hazırlıq məqsədi daşıyır”. Onun qəfil ölümü kriminal aləmdə də şübhə ilə qarşılanıb. Baxmayaraq ki, onun son günlər ürək ağrılarından əziyyət çəkdiyi və müalicə olunduğuna dair hələ “içəridən” təsdiqlənməmiş xəbərlər də var.

“Onun öldürülməsi barədə xəbərlər həqiqət deyil”
Dünən mərhumun yaxınları ilə əlaqə saxlayıb avtoritetin ölümü ilə bağlı yayılan təzadlı xəbərlərə də münasibət öyrəndik.
“Mamed çox hörmətli oğlanlardan biri idi. Onun ölümü ilə bağlı yayılan xəbərlərin içində həqiqət olmayanları da var. O, ürək tutmasından dünyasını dəyişib. Başqa heç bir söhbət yoxdur. Əgər nəsə bir söhbət olsaydı, Mamed ətrafında olan qohum-qardaşını Masallıya yollamazdı. O, ölümündən əvvəl tez-tez onunla görüşən qardaşına deyib ki, “qohum-qardaşı yığın, gedin Masallıya, bayramı anamla birgə keçirin”. Onun dəfn mərasiminə 10 mindən artıq insan gəlmişdi. Bəziləri var ki, yaslarına kiməsə xatir toplaşırlar. Mamedin yasına insanlar məhz onun özünə, ona olan hörmətlərini izhar etmək üçün yığışmışdılar. 7 mərasimi martın 27-də olacaq. Həmin gün də ölkənin hər yerindən Mamedin hörmətini saxlayan insanlar Masallıya gələcəklər".
Qeyd edək ki, mərhumun 40 mərasimi aprelin 28-də keçiriləcək.
Bu arada lent.az saytındakı həmkarımız Səbuhi Məmmədli “Masallı Mamed”in həyat yolu ilə bağlı maraqlı yazı hazırlayıb. Bəzi ixtisarlarla həmin yazıdakı faktları diqqətinizə çatdırırıq.

***
1960-cı ildə Masallıda anadan olan Məmməd Hüseynovun atası İsgəndər kişi rayonun tanınan və imkanlı adamlarından olub. Univermaq müdiri olan İsgəndər kişinin evində Məmməddən başqa daha dörd qardaşı böyüyüb. Məmməd evin böyüyü olub. Yaşıdlarının danışdığına görə, orta məktəbdə çox davakar olub. Onun bu davakarlığının nəticəsidir ki, 10 illik orta təhsil dövründə bir neçə məktəb dəyişməli olub. Orta məktəbi başa vurandan sonra gənc Məmməd ali məktəbə daxil olmaq istəyirmiş. Amma təsadüfi bir cinayət onun bütün həyatını dəyişib. Həbslər, həbsxanalar və oğru dünyası...
Şuşa “krıtı”sından “Matrosskaya tişina”yadək
1978-ci ildə, 18 yaşı təzəcə tamam olmuş Məmməd Masallıda milis işçisini vurduğuna görə bir neçə il müddətinə azadlıqdan məhrum edilir və cəzasını çəkmək üçün SSRİ-nin ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanasına - Şuşaya göndərilir. Burda tale yenə Mamedi sərt sınağa çəkir. Dustaqlardan birinin yoldaşlarını rəhbərliyə tez-tez “satmasına” Mamed dözmür və onu öldürür. Bundan sonra o dövrün qanunlarına görə, Mamedi ölüm hökmü də gözləyə bilərdi. İkinci hadisə, özü də ölümlə. Mamed 15 il iş alır. Onu güllələnmə hökmündən güclə xilas etmək olur. Bu dəfə Mamed cəzasını Azərbaycanda çəkə bilmir. Onu Qroznıya, Şuşadakından da betər həbsxanaya göndərirlər. Orda Mamed bir sıra nüfuzlu avtoritetlərlə tanış olur. Xüsusən də gələcəyin iki “qanuni oğrusu” Mamed və “Dağlı Cavanşir”in dostluğu burdan başlayır.
“Masallı Mamed” 1990-cı ildə azadlığa çıxır. Həmin vaxt o, artıq keçmiş SSRİ ərazisində kriminal aləmdə ən nüfuzlu şəxslərdən idi. Amma “qanuni oğru” deyildi. Bu adı o, hələ beş il sonra alacaqdı. Və bunun da maraqlı tarixçəsi var...

***
Ona “oğru” adı “Sabirabadlı Hikmət”in toyunda veriləcəkmiş. 1994-cü ildə “Masallı Mamed” Moskvada saxta ittihamla yenidən həbs edilir. Amma bu həbs müddəti də çox çəkmir. “Matrosskaya tişina”dan çıxır.
1995-ci ildə Sabirabadda böyük toy məclisi olacaqdı. O dövrün ən nüfuzlu “qanuni oğrularından” Hikmətin toyuna Rusiyadan, Gürcüstandan nüfuzlu “oğru”lar yığışıb. Həmin vaxt “Lotu Bəxtiyar” təklif edir ki, məhz Hikmətin toyu günü həm Mamedə, həm də “Dağlı Cavanşir”ə “qanuni oğru” adı verilsin. Təklif bütün qardaşlar (“bratva”) tərəfindən qəbul edilir. Amma Cavanşir “böyük qardaş” Bəxtiyara deyir ki, əvvəlcə adı Mamedə versinlər. Çünki o, onun üçün böyük qardaşdır. Bəxtiyar razılaşır. Toydan bir neçə gün sonra Bakıda əvvəl Mamed, sonra isə Cavanşir “qanuni oğru” adı alır. Heç iki gün keçmir ki, bu xəbər Bakıdan tutmuş Vladivostoka kimi bütün cəzaçəkmə müəssisələrinə yayılır...

***
Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra Mamed sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlmişdi. Mərhumun üç mərasimindən sonra isə Rusiyadan dəfnə gələn kriminal avtoritetlərlə birgə Azərbaycanı tərk etmişdi. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması gündəmə gətirilib.
***
Lent.az yazır ki, Masallıda yasa gələnlər arasında tanınmışlar da az olmayıb. Milli Məclisin deputatı Nəriman Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, əməkdar artist Baloğlan Əşrəfov... “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun Türkiyədən telefon açaraq mərhumun yaxınlarına başsağlığı verdiyi deyilir.
Rusiyanın bir çox bölgələrindən, xüsusən də Moskva və Sankt-Peterburqdan mərhumun hüzrünə gələnlər olub.
Hikmətin ölümündən sonra xüsusən Rusiyada məskunlaşan Azərbaycan kriminal qruplaşması bərk sarsıntı keçirir, hətta qruplaşma daxilində parçalanmalar yaranır. Amma Mamed “böyük qardaş statusu”ndan istifadə edərək onları toparlaya bilir. Çox keçmir ki, Rusiya kriminalitetinin “xaç atası” “Yaponçik”- Vyaçeslav İvankov güllələnir. Onun dəfnində iştirak edən Mamed, sonra “Ded Xasan”ın başçılığı ilə keçirilən toplantıya dəvət olunur. Toplantıda Rusiya hüquq-mühafizə orqanlarının kriminalitetə basqısı və bundan sonra Moskvada milli qruplaşmalar arasında müharibəyə son qoyulması müzakirə olunur. Azərbaycan kriminal qruplaşmasını bu toplantıda “Masallı Mamed” təmsil edir.

Və son...
2009-cu ildə yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn “Masallı Mamed” çox keçməmiş narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır. Ötən ilin sentyabrın 13-də Masallı Rayon Məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilir. Və əcəl onu martın 20-si “Lotu Bəxtiyar”ın da vəfat etdiyi 1-ci “kolon”da tapır...
“Masallı Mamed”in vəfatı şübhəsiz ki, Azərbaycanın beynəlxalq kriminal aləmdə təmsilçiliyinə təsirsiz ötüşməyəcək.
Allah rəhmət eləsin.






