İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqomayevin heykəli müzakirəsi: kim nə deyir...

5868 24.08.2022 09:30 KİVDF layihələri A A

Xalq rəssamı: “Heykəldə bəyəniləsi heç nə yoxdur”

Məlum olduğu kimi, ötən həftə Bakı Dənizkənarı Milli Parkında əfsanəvi azərbaycanlı ifaçı Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə abidəsinin açılışı oldu. Heykəl ictimaiyyətə təqdim olunduqdan sonra xeyli tənqidlərə tuş gəldi. Belə ki, sosial şəbəkələrdə əksəriyyət heykəlin postamentinin olmaması, onun heç də Müslüm Maqomayevə bənzəmədiyini, əzəmətli olmadığı haqda tənqid və narazılıqlarını bildirdilər.

“Hər şey yaxşıdır, amma nədənsə, təəssüf və inciklik hissi tərk etmir - axı biz daha yaxşısını edə bilərdik...” Bu sözləri sosial şəbəkədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, professor  Elçin Əliyev yazıb. Tanınmış memar ölkədə illərdir memarlıq müsabiqələrinin keçirilməməsini vurğulayıb:

“Niyə yubileyə bir il qalmış heykəltəraşlar və memarlar arasında müsabiqə elan etmək mümkün olmadı? Əminəm ki, Mədəniyyət Nazirliyinə yüzlərlə layihələr təqdim edilə bilərdi, onlardan yaxşı ideyalar çıxartmaq olardı. Amma... həmişəki kimi - azərbaycanca, özəl, gizli fəaliyyət göstərdilər. Səriştə, işləmək həvəsi olmadığına görə mədəniyyətdən uzaq adamlar hər şeyi son anda yada salanda və ya ”yuxarıdan" deyiləndə edirlər.

Çox çətinliklə istedadlı və əsl memarımız Nəriman İmaməliyevdən xahiş etdim ki, abidənin öz eskiz layihəsini versin. Həmkarımın mürəkkəb təbiətini bildiyim üçün uzun müddət xahiş etdim. Bunun səbəbi budur: fikrə baxın - axırda abidədə əsas şey budur. Heykəltəraşın işi deyil, memarın peşəkarlığı deyil, bu gün üzümüzə açılan abidədə tamamilə yoxa çıxmış ideyadır!"

Bununla belə Elçin Əliyev Müslüm Maqomayevin abidəsinin Dənizkənarı bulvarda qoyulması ideyasının möhtəşəm olduğunu qeyd edib:

Elçin Əliyev

“Haqqında oxuduğu, sevdiyi Xəzər dənizinin fonundadır. Amma biz bundan sonra bulvarın ərazisindən bütün digər metal heykəlləri yığışdırmalıyıq, çünki onlar məşhur heykəltəraşımızın bugünkü yaradıcılığına ağrılı şəkildə bənzəyirlər”.

Xatırladaq ki, Müslüm Maqomayevin heykəlinin müəllifi 94 yaşlı xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasnın rektoru Ömər Eldarovdur. O, səslənən tənqidlərlə bağlı “Sputnik Azərbaycan”a danışaraq bildirib ki, Maqomayevlə şəxsən tanış olub.

Ömər Eldarov

O, həm də müğənninin Bakıda Fəxri Xiyabanda ucaldılan qəbirüstü abidəsinin müəllifidir. Bu dəfə Eldarov işə başlayaraq eskiz hazırlayıb və abidənin yaradılmasında müğənninin ifa etdiyi sevimli mahnılarından biri olan “Mavi əbədiyyət” mahnısından ilhamlanıb: “Müslüm hündürboylu, qamətli, yaraşıqlı, alçaq səsli, gülərüzlü, xeyirxah idi. O, heç vaxt gülümsəmədən adamla salamlaşıb, tanış olmazdı. Əvvəlcə gülümsəyər, sonra tanış olardı”.

Eldarov tunc abidənin üzərində iki ilə yaxın işlədiyini bildirib. Onun hündürlüyü iki metrdir. Müəllifin izahına görə, qarşısında duran vəzifə Maqomayevin daxili dünyasının zənginliyini, təkrarolunmaz və çoxşaxəli istedadını, ruhunun bütün genişliyini, vətənpərvərliyini çatdırmaqdan ibarət idi. Əsərin hazırlanması zamanı əfsanəvi ustadın dul xanımı, SSRİ xalq artisti Tamara Sinyavskayanın bütün istəkləri nəzərə alınıb.

“Mən şadam ki, sonda o, abidəni çox bəyəndi”, - deyə heykəltəraş qeyd edib.

Ömər Eldarov əmindir ki, sənətkarın abidəsi onun müxtəlif ölkələrdən olan pərəstişkarlarının ziyarət yerinə çevriləcək:"O, çox gözəl yerdə, Maqomayevin dəlicəsinə sevdiyi Xəzər dənizinin sahilində quraşdırılıb. Abidə postamentsiz də çox təsiredici görünür. Çünki müğənninin özünün də boyu hündür idi".

Bəs niyə son illərdə təqdim olunan heykəllər ictimaiyyət tərəfindən bəyənilmir? Əksəriyyətin dediyi kimi, heykəltəraşlıqda cılızlaşma haradan qaynaqlanmağa başlayıb?

Xanlar Əhmədov:

Xanlar Əhmədov

Mövzu ilə bağlı xalq rəssamı Xanlar Əhmədov “Yeni Müsavat”a danışıb. Onu da xatırladaq ki, Xanlar Əhmədovun da bu ilin yanvarında təqdim etdiyi Hacı Zeynalabdın Tağıyevin heykəli də bəziləri tərəfindən tənqidlə qarşılanmışdı. Tənqidlərin əsas səbəbi isə heykəlin postamentinin olmaması ilə bağlı idi.

Xanlar Əhmədov həmkarı Ömər Eldarovun əsərini bəyənmədiyini dedi: “Aydın məsələdir ki, heykəl yaxşı deyildi. Mən heykəli bəyənmədim. Orada bəyəniləsi heç nə yoxdur. Müslüm Maqomayev, Nəsibə Zeynalova və Tofiq Quliyevin heykəlinin yaradılması ilə bağlı müsabiqə elan olunmuşdu. Müsabiqədə çox adam iştirak edirdi. Lakin Mədəniyyət Nazirliyi tərəfindən heç bir cavab verilmədi və dedilər ki, gəlin işlərinizi götürüb, aparın. Sonda Ömər Eldarova sifariş etdilər ki, heykəli o yaratsın. Vəssalam”.

Xalq rəssamı son illər heykəllərin postamentsiz hazırlanmasından da danışdı: “Bu məsələni müəlliflər deyil, sifarişçilər həll edir. Məsələn, Tağıyevin heykəlini hazırlayanda onun məndə 3 variantda olan postamenti var idi. Amma qəbul edilmədi, dedilər ki, istəmirik, lazım deyil. Yəni, bu məsələni sifarişçi həll edir, necə ki deyirlər, ”kim pul verir, musiqini də o sifariş edir". İndi də musiqini “onlar” sifariş edir, burda heykəltəraşın heç bir günahı yoxdur".

“İndiki gənc heykəltəraşların yaradıcılığı sizi qane edirmi?” sualına xalq rəssamı bu cür cavab verdi: “Əlbəttə ki, istedadlı gənclər var, çoxdurlar. Bir ”əmma" budur ki, əvvəllər müsabiqələr, sərgilər keçirilərdi, hamı bir-birini tanıyırdı. Amma indi nə sərgilər var, müsabiqə və konkurslar da qapalı keçirilir, heç kim bilmir ki, orada nə var, nə yox. İstedadlı gənclər üçün şərait, mühit yaradılmalıdır. Onlar nə özlərini göstərə bilir, nə də müsabiqədə iştirak edə bilirlər.  Daha bir məsələ, təqdim olunan əsər haqqında gərək peşəkarlar rəy və tənqid bildirsin, danışsın. Baxırsan ki, bu sənətə aid olmayan, sənətdən anlayışı olmayan kimlərsə rəy bildirir. Tənqidi də qəbul etmək istəmirlər, nəsə bir söz deyəndə düşmən olursan".

Xalidə GƏRAY

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR