Fransa prezidentlərinin sevgi və xəyanət hekayələri insanı şoka salır
Həyat yoldaşından 25 yaş kiçik olan Fransanın yeni prezidenti Makron barələrində çıxan xəbərlərə etiraz edib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yelisey sarayının yeni sahibləri olan Emmanuel Macron və özündən 25 yaş böyük olan həyat yoldaşı Bridcet Trogneux barədə mətbuat demək olar ki, hər gün yazır. 15 yaşında bir lisey tələbəsi ikən evli, dram müəlliməsi Bridcetə aşiq olan, illər sonra onunla evlənən Makron bununla da öz keşməkeşli eşq həyatları ilə gündəmdə olan Fransa prezidentlərinin “layiqli davamçısı” olub.
Xatırlayırsınızsa, eks-prezidentlərdən Nikola Sarkozi də vəzifəyə gəldikdən qısa müddət sonra həyat yoldaşından boşanmış və keçmiş müğənni, yeni maneken Karla Bruni ilə evlənmişdi. Ondan sonra isə Fransua Holland da qalmaqallı bir eşq hekayəsi ilə dünyanı təəccübləndirmişdi. Belə ki, o, Yelisey sarayında birgə yaşadığı sevgilisi Valerie Trierveilerə aktrisa Gayetlə xəyanət etmişdi.
PREZİDENT SEVGİLİSİNİN QUCAĞINDA ÖLÜB
Musavat.com mövzunun aktual olduğunu nəzərə alıb, Fransa prezidentlərinin həyatındakı qalmaqallar barədə dosye hazırlayıb. Məlum, sevginin, ehtirasın və emosiyaların vətənində prezidentlər də daşdan-dəmirdən yaradılmayıblar. Bu səbəbdən də onların həyatı qalmaqalsız ötüşməyib. Yelisey sarayında ilk bu qəbildən olan qalmaqal 19-cu əsrin sonunda baş verib. Prezident Feliks For (1895-ci ildən 1899-cu ilə qədər) sevgilisi Marqerit Stenelin qucağında dünyasını dəyişib. Şayiələrə görə, afrodoziak “peredozirovkası” prezidentin axırına çıxıbmış. Amma bu günə qədər bir nəfər də olsun, özündən deyən tarixçi ən məşhur fransız prezident Şarl de Qollun sevgilisini aşkar etməyib.
Amma Fransada 1974-cü ildən 1981-ci ilə qədər prezident olmuş Valeri Jistar dEsten tez-tez tanınmış fransız aktrisaların əhatəsində olub. 5-ci respublikanın üçüncü prezidenti heç zaman erotik film “Emmanuel”in baş rol ifaçısı Silviya Kristellə olan sevgi hekayəsini gizlətməyə lüzum görməyib. Amma bu, onun yeganə sevgilisi olmayıb. Aktrisa Marlen Jober bizim tamaşaçılara bəlli deyil. Baxmayaraq ki, məşhur filmlərdə çəkilib və bir dəfə prezidentin limuzininin sükanı arxasında olub. Cənab prezident onunla yanaşı oturub və bu, fotoların yaddaşında öz əksini tapıb. Olan şeydi...
"Mən respublikanın prezidenti olarkən, 17 milyon fransız qadına vurulmuşam", - Jiskar d'Esten müsahibələrinin birində deyib. "Mən onları kütlə arasında görəndə, onlar bunu hiss etdilər, sonra mənim lehimə səs verdilər". Yataq və siyasət Fransada bir-biri ilə o qədər sıx bağlıdır ki, artıq 4 prezident dalbadal dövlət başçısı postuna sahib olan kimi şəxsi həyatlarında bir-birilərinə qalib gəlmək uğrunda mübarizəyə qoşulublar.
Jiskar d'Estenin çıx ehtiraslı sevgilisi Silviya Kristel olub, o daha çox "Emmanuel" erotik filminin qəhrəmanı kimi tanınıb. Onların sevgi romanı Jiskar d'Esten Yelisey sarayının sahibi olmazdan əvvəl başlayıb. Amma nə seçkidəki qələbə, nə də qanuni arvadının dünyaya gətirdiyi dördüncü uşaq onların münasibətlərini dəyişməyib. Prezidentin Emmanuellə romanından hamı xəbərdar olub. Silvia tez-tez rəsmi qəbulların sahibi rolunda çıxış edib və özünün havadarını xarici səfərlər zamanı müşayiət edib. Amma baxmayaraq ki, nə aktrisa, nə də dövlət başçısı bir-birinə sədaqətli olmasalar da, davam edib.
![]()
FRANSA PREZİDENTLƏRİNİN FAVORİT SEVGİLİ NAMİZƏDİ – AKTRİSALAR...
Fransua Mitteranı isə heç yaddan çıxarmayaq. 1981-ci ildən 1995-ci ilə qədər Fransa prezidenti olmuş bu şəxs nəinki aktrisaları, heç nazir portfelindəki şəxsləri də boş buraxmazdı. O, eyni zamanda müğənni Dalidanın və aktrisa Anna Jirardonun sevgilisi olmaqla yanaşı, rəsmi ər statusunda da olub. Kənarda ailəsi və uşaqları olub. İncəsənət eksperti və iri muzey işçisi Ann Penjo onunla uzun illər yaşayıb və qızı Mazarini dünyaya gətirib.
Mitterandan sonra prezidentlik vəzifəsini icra edən Jak Şirakın hekayələri də az deyil. 1995-ci ildən 2007-ci ilə qədər prezident olmuş bu şəxs sələflərindən geri qalmayıb. Heç vaxt sevgi hekayələrini “əlinə və üzünə” bulaşdırmayıb. Əksinə, dildən-dilə dolaşan sevgi macəralarına görə xeyli hörmət və lətifə də qazanıb. Ən məşhur lətifələrdən biri isə odur ki, onun qadınlarla keçirdiyi vaxt hər zaman bol olub. Ən pis halda üç dəqiqəni keçməyib. Onunla dünya kinosunun ulduzu Kladia Kardinal da xeyli şöhrət qazanıb.
SARKOZİNİN MACƏRALARI - SEVGİLİSİ, ARVADI, ARVADININ SEVGİLİSİ...
Fransanın bundan öncəki prezidenti Nikola Sarkozi hakimiyyəti dönəmində daha çox Karla Bruni faktoru ilə gündəmdə olub. Çünki Bruni daha öncə onun sevgilisindən həyat yoldaşı statusuna keçib. Onların Sarkozi ilə sevgi romanları çox qətiyyətli və cəsarətli olub. Karla ilə münasibətlərinə qədər Sarkozi iki dəfə evli olub. Onlar 2007-ci ildə tanış olublar və dərhal da Sarkozi həyat yoldaşından ayrılıb, bir neçə ay sonra isə Karla ilə ailə qurub.
Sarkozi Bruniyə qədər də evlilikləri dönəmində paralel olaraq eşq hekayələri yaşayıb. Məsələn, Nikolanın ikinci həyat yoldaşı Sesiliya ondan ayrılmasının səbəbini belə ifadə edirdi: “O, çox simic və şorgözdür”.
Yeri gəlmişkən, Sarkozi Sisiliyanın ona qaytardığı üzüyü Karla Bruniyə hədiyyə etmişdi və sonuncu da utanmadan bu üzüklə fotokameralar qarşısında poza verirdi. Sisiliya isə öz sevgilisini heç zaman mediadan gizlətməyə ehtiyac duymurdu. Tam bir sevgi üçbucağı...
2014-cü ildə prezident Fransua Ollandın vətəndaş nikahında olan arvadına xəyanət etməkdə günahlandırılması ilə bu ölkədə artıq ənənəyə çevrilən arvadbaz prezident məsələsi yenidən gündəmə gəldi. Dövlət başçısının aktrisa Jüli Qaye ilə əlaqəsini təsdiq edən fotolar çap ediləndən başlayan qalmaqal ölkənin birinci ledisi, 49 yaşlı jurnalist Valeri Trierveylerin Yelisey sarayını tərk etməsi ilə nəticələndi.
![]()
17 MİLYON QADINA VURULAN PREZİDENT
Bu siyahıda xüsusi yer tutanlardan biri də Fransa prezidenti Valeri Jiskar Estenlə Silviya Kristel cütlüyüdür. Onların hekayəsi də 1974-cü ildə başlanıb, həmin vaxt V.J.Esten prezident deyildi. Silviya Kristel dünya kişilərinin xəyallarını bəzəyən erotik serial “Emmanuel”in qəhrəmanıdır. Aktrisa Yelisey sarayında yaşamasa da, onlar heç zaman münasibətlərini gizlətməyiblər. Onu bütün rəsmi tədbirlərə dəvət ediblər, o da orda özünü ev sahibəsi kimi aparıb. Prezident hətta onu ölkə xaricindəki səfərlərinə də aparırmış. Bundan fransız xalqı da xəbərdar olub və “sevgi aşiqi” olan fransızlar heç zaman buna aqressiv reaksiya verməyiblər. Dünya tarixində prezidentlərin sevgililərindən heç biri özünü Silvia kimi açıq, komplekssiz aparmayıb.
Amma fransız deyib keçməyin. Onların da əsəbləri tarıma çəkilir belə mövzularda... İlk belə qalmaqal 1995-ci ildə baş verib. Həmin vaxt yenicə Fransa prezidenti olan Jak Şirak Yelisey sarayından Ann Penjo və onun qızı Mazarini çıxarıb. Bu şəxslərdən biri Fransua Metteranın rəsmi sevgilisi, digəri isə qızı olub. Mitteranın ölümündən sonra isə daha bir qalmaqal baş verdi. Keçmiş prezidentin ailəsi Ann və Mazarinin dəfn mərasimində iştirakına etiraz edib. İndi mətbuat yazır ki, Ann ayın əvvəlini sonuna güclə bağlayır. O, Paris muzeylərindən birində çalışaraq, ildə cəmi 40 min dollar qazanır və Sena çayının sol sahilindəki kiçik bir evdə yaşayır.
Fransua Mitteran sələflərindən fərqli olaraq sevgililərinə qarşı münasibətdə vəfalılığı ilə şöhrət qazanıb. Prezidentin "rəsmi" sevgilisi 1974-cü ildə ona Mazarin adlı qız dünyaya gətirən Anna Pinjo olub. Qızın dünyaya gəlməsi, nəhayət Annanın şəxsi ailəsi ilə münasibətlərini pozub: Pinjonun valideynləri qızlarının evli kişidən uşaq doğması ilə barışa bilməyiblər. Mazarinin doğum haqqında şəhadətnaməsindəki qrafada "atası" kimi heç Mitteranın adı yazılmayıb. Amma qayğıkeş prezident Anna və Mazarini tam təmin edib, qızın 7 yaşı olanda yoxa çıxıb. Onun axtarışı üçün bütöv bir jandarm dəstəsi cəlb olunub.
Bir sözlə, Miitteranın Annadan və ona iki övlad dünyaya gətirən qanuni arvadı Danieldən başqa bir neçə sevgilisi, o cümlədən tanınmış müğənni Dalida da olub. Nəticədə Mitteranın sürücüsü və mühafizəçisi Pyer Turle özünün "Sola gedişlər" kitabında bu gizli görüşlərdən yazıb. 1994-cü ildə Mitteran qərara gəlir və ənənəvi susqunluğunu pozaraq "Pari Match" jurnalına icazə verir ki, Anna və Mazarin Pinjolar haqda material çap etsin. Ardınca böyük qalmaqal baş verib. 1996-cı ildə Mitteran xərçəngdən vəfat edir, onun qanuni arvadı olan Daniel özü dəfn mərasiminə Annanı dəvət edir. Bütün mərasim boyu birinci və ikinci ledilər yan-yana otururlar.
Gördüyünüz kimi, bu, Fransa, bu da onun prezidentlərinin filmləri kölgədə qoyan sevgi hekayələridir. Adam oxuduqca düşünür ki, bunlar hansısa melodramın səhnələridir və ya sevgi romanlarının süjetləridir. Amma bunlar reallıqda yaşanıb və özü də sıradan insanların yox, prezidentlərin həyatında...
Sevinc TELMANQIZI,
Musavat.com






