İnsanlara hürriyət, millətlərə istiqlal!

M.Ə.Rəsulzadənin Fransadakı fəaliyyəti

6083 02.02.2014 09:50 Gündəm A A




Hələ 1913-cü ildə Fransada bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Fransa-Şərq” Komitəsi yaranmışdı. Bu Komitənin rəhbərliyinə fransız generalları, nazirlər, diplomatlar, tanınmış siyasətçilər, tanınmış alimlər daxil idi. 1920-ci illərin əvvəllərindən isə Fransa Azərbaycan mühacirlərinin də siyasi və mədəni mərkəzinə çevrildi.


Qeyd edək ki, M.Ə.Rəsulzadənin Fransadakı fəaliyyəti 1920-ci illərə təsadüf edir. Bu dövrdə, xüsusən 1928-1934-cü illərdə Türkiyədə və Fransada yaşayan azərbaycanlı mühacirlər arasında olan ziddiyyətləri qeyd etməliyik.

M.Ə.Rəsulzadə yazırdı: “Olduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmaq və ya yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hallardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”.

Bu dövrdə azərbaycanlı mühacirlər arasında - xüsusən İstanbul (M.Ə.Rəsulzadə) və Paris qrupu (C.Hacıbəyli, Ə.Şeyxülislamov) arasında olan narazılıqlar Azərbaycan Probleminin bir mərkəzdən idarə olunmasına gətirib çıxarırdı. Yəni bu parçalanma ümumi işə ciddi zərbələr vururdu. Vəziyyəti aradan qaldırmaq üçün M.Ə.Rəsulzadə 1928-ci ildə Parisə gedərək orada Ə.M.Topçubaşov, C.Hacıbəyli və Ə.Şeyxülislamovla razılaşaraq “Bir mərkəzdən idarə” prinsipini qəbul etmişdilər.


Digər tərəfdən Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən “Prometey” klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində “Prometey” jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və b.
Parisdə çap edilən “Prometey” jurnalında isə M.Ə.Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh. 11-13; 5) “Siyasətçi tarixçiyə qarşı”, 1931, N51, səh. 6-8.


Ümumilikdə M.Ə.Rəsulzadənin “Prometey” jurnalında 10-dan çox yazısı çap edilib.
1930-cu ildə isə Parisdə M.Ə.Rəsulzadənin iki kitabı nəşr edildi. Fransız dilində nəşr edilən kitabında (“laAzerbaidjan en lutte pour lindepudance, Paris, 1930) M.Ə.Rəsulzadə Avropa oxucusuna Azərbaycanın 1918-1920-ci illərdəki müstəqillik mübarizəsi haqqında məlumat verirdi. Elə həmin ildə rus dilində nəşr edilən digər kitabında isə ("O panturanizme", Parij, 1930) Qafqaz Birliyini pozmaq istəyənlərə əsaslı cavab vermişdi. Bu kitaba giriş sözünü Gürcüstanın tanınmış dövlət xadimi N.Jordaniya yazmışdı.
1936-cı ildə M.Ə.Rəsulzadənin fransız dilində daha bir kitabı (“Azerbaidjan”, Paris, 1936) nəşr edildi. Bu kitabda müəllif fransızdilli oxuculara Azərbaycan haqqında məlumatlar verirdi.


1936-cı ilin 17 yanvarında M.Ə.Rəsulzadə Parisdə “Müasir Azərbaycan Ədəbiyyatı” mövzusunda maraqlı məruzə oxumuş, dinləyiciləri Azərbaycan ədəbiyyatının nümunələri ilə tanış etmişdir. Bu məruzə sonradan ayrıca kitab olaraq nəşr edilmişdir.


1936-cı ilin 17-26 aprelində isə Parisdə Azərbaycanın, Povoljyenin, Uralın, Krımın, Şimali Qafqazın və Türküstanın müsəlman xalqlarının nümayəndələrinin iştirakı ilə qurultay keçirildi. Həmin qurultayda Azərbaycanı M.Ə.Rəsulzadə, Mir Yaqub Mehdiyev, Mustafa Vəkilli təmsil etdilər. Qərara alındı ki, bu təşkilatın fəaliyyəti gizli saxlanılsın.


M.Ə.Rəsulzadənin Almaniyadakı  fəaliyyəti M.Ə.Rəsulzadənin Almaniyadakı fəaliyyəti əsasən 1932-ci ildən başlayır. Polşada yaşamasına baxmayaraq o, Berlində də olur və fəaliyyətini davam etdirirdi. Almaniyada onun Baş redaktorluğu ilə 1932-ci ilin yanvarın 10-dan “İstiqlal” qəzeti, noyabrın 6-dan “Qurtuluş” jurnalı nəşr edilir. “İstiqlal” qəzetinin nəşri 1934-cü ilə qədər, “Qurtuluş”un nəşri isə 1939-cu ilin avqustunadək davam edib.
Bundan əlavə, M.Ə.Rəsulzadənin Almaniyada 1938-ci ildə “Azərbaycan Problemi” əsəri alman dilində nəşr olunub.

Eyni zamanda O, 1937-ci ilin may ayında Berlində “Humboldt  klubu”nda çoxlu sayda insanların iştirakı ilə keçirilən tədbirdə Azərbaycanla bağlı maraqlı məruzə etmişdi.
1942-ci ildə isə İkinci Dünya müharibəsinin davam etdiyi bir zamanda  M.Ə.Rəsulzadə Almaniyaya dəvət edilir.


Qeyd edək ki, panturanizmin coşğun bir tərəfdarı və təbliğatçısı olan, Türkiyədəki Almaniya Böyükelçisi Frans von Papen  fəal  mühacir qrupları və məşhur pantürkistlər vasitəsi ilə Ankara hökumətini Almaniyanın cərgəsində hərbə cəlb etmək istəyində  idi. Məhz von Papenin  təşəbbüsü ilə iki türk generalı - Ərkilət və Ərdan bəy  türklərin yaşadıqları bölgələrin gələcəkdəki idarə forması ilə tanışlıq üçün Almaniyada olmuşdular. Bundan əlavə, Türkiyənin sabiq  Hərbiyyə Naziri Ənvər Paşanın qardaşı Nuru Paşa (Killigil) da məhz von Papenin təşəbbüsü ilə Berlinə gəlmişdi. “Prometey” təşkilatı tərəfdarlarından azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə şimali qafqazlı Səid Şamil, Aytən Namita və digərləri alman məqamları ilə müzakirələrə cəlb olunmuşdular.
1942-ci ilin aprelində Şulenberq Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət etdi. Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur “Adlon” mehmanxanasında bir toplantı keçirildi. Toplantıda aşağıdakı şəxslər iştirak edirdilər: Azərbaycanlı - Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov və Fuad Əmircan; Şimali Qafqasiyalı - Səid Şamil, Heydər Bammat və Əlixan Qantəmir; gürcülərdən - Spiridion və Leo Kereselidze, Daşa Vaçnadze, Zurab Avalaşvili. Bu toplantının mühacirlərlə işbirliyi qurması baxımından böyük əhəmiyyəti vardı.

Hitler Almaniyası mühacir təşkilat və qrupları ilə danışıqları əsasən iki nazirliyi vasitəsi ilə aparırdı: Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi. Xarici İşlər Nazirliyində bu işlə Şulenberq, Şərq Nazirliyində isə Rozenberq məşğul olurdu.


Şərq Nazirliyində professor Von Mendenin başçılıq etdiyi SSRİ millətləri üzrə Baş İdarə fəaliyyət göstərirdi. Bu idarənin nəzdində isə Qafqaz işləri üzrə idarə yaradılmışdı. Burada Qafqazdan olan, ayrı-ayrı xalqları əhatə edən - azərbaycanlı, gürcü, erməni, şimali Qafqaz və Kalmık şöbələri vardı. Bu şöbələrin başlıca məqsədi müxtəlif sahələr üzrə gələcəkdə istiqlal məqsədi ilə kadrlar hazırlamaqdan ibarət idi.

Lakin mühacirlərin Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də uğurlu getmirdi. Xüsusən, şimali qafqasiyalı, gürcüstanlı və azərbaycanlılar öz ölkələrinin müstəqilliyini irəli sürdüyündən almanlar tərəfindən qəbul edilmirdi. Belə olduqda, Azərbaycan təmsilçisi M.Ə.Rəsulzadə və Şimali Qafqazlı Səid Şamil Almaniyadan çıxıb getmək məcburiyyətində qaldılar. Lakin Von Mende çətinliklə də olsa M.Ə.Rəsulzadəni müvəqqəti olaraq saxlaya bilmişdi.

Nəhayət, üzvləri Şərq Nazirliyi tərəfindən təsdiq olunan və dörd Qafqaz millətindən hər biri üçün, bir də kalmıklar üçün “milli komissiyonlar” təşkil olundu. Hitler “Milli komitə” adını adını yasaqladığından mövcud qurumları “milli komissiyonlar” adlandırırdılar.
Həmin dövrdə Almaniyada M.Ə.Rəsulzadənin başçılığı ilə “Milli Azərbaycan Komitəsi” yaradılmışdı. “Milli Azərbaycan Komitəsi” bu proqramla fəaliyyət göstərirdi: “Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etmək”.

Qeyd etdiyimiz kimi, almanlar hər vasitə ilə M.Ə.Rəsulzadədən faydalanmağa çalışırdı. 1942-ci ilin oktyabrın 7-də M.Ə.Rəsulzadə ilə aparılan danışıqlar fayda vermədiyindən (çünki o, Azərbaycanın müstəqilliyi fikrini önə çəkirdi) o, Rumıniyaya - Buxarestə getmişdi. Almanlar onun getməsinə təəssüflənmiş, qalması üçün Drezden məktəblərinin birində müəllimlik təklif etmişdilər. Lakin o, bununla da razılaşmamışdı. “SS” mərkəzi dairəsi onu sonradan yenə axtarmış və işbirliyinə çalışmışdı.

Beləliklə, M.Ə.Rəsulzadə ilə danışıqların alınmadığını gördükdə almanlar Fuad Əmircan, Abbas Atamalıbəyov və Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə işbirliyi qurmuşdu. Azərbaycan Rabitə (Əlaqə) Heyətinə başçılıq isə Ə. F. Düdənginskiyə tapşırılmışdı. Bu heyət Azərbaycan legionerlərinə həm də başçılıq funksiyasını daşıyırdı.

1943-cü ilin avqustun 5-də M.Ə.Rəsulzadə Azərbaycan legionerləri qarşısında onların öz azadlığı uğrunda mübarizə aparan xalqlara qarşı mübarizə aparmayacaqları ilə bağlı bəyanat verib, növbəti dəfə Almaniyanı tərk edərək Rumıniyaya qayıtdı.

1944-cü ilin 23 avqustunda Buxarestdə baş verən hökumət çevrilişindən və sovetlərlə atəşkəs elan edilməsindən sonra sovetlərin bu ölkəyə yaxınlaşması nəticəsində  M.Ə.Rəsulzadə Almaniyaya gedərək 1945-ci ildə savaşın bitdiyi  Mittenvald bölgəsindəki qaçqın düşərgəsində yaşadı. Burada olduğu müddətdə o, azərbaycanlı legionerlərin sovetlərə təhfil verilməməsinə çalışmış, “Azərbaycan Demokrat Birliyi” qurumunu yaradıb onların Türkiyəyə, Misirə və digər ölkələrə getməsini təmin etmişdi. Bundan ötrü o, Almaniyada olmuş Misir kralı Fərruxla da danışıqlar aparmışdı. 

Nəhayət, Türkiyə dövlətinin rəsmi icazəsindən sonra 1947-ci ilin sentyabrında M.Ə.Rəsulzadə Türkiyəyə getmişdi.

 1950-ci illərdə isə o, “soyuq müharibə” dövründə Almaniyada keçirilən tədbirlərdə, konfranslarda fəal iştirak etmişdi. 1951-ci ilin noyabrında Münhendə “Antibolşevik Xalqların Bloku”nun keçirdiyi konfransda M.Ə.Rəsulzadə çıxış etmiş,  dünya ictimaiyyətinə ünvanlanmış sənədə  imza atanlardan biri  olmuşdu.

1952-ci ilin dekabrın 11-16-da Münhendə keçirilən Ümumqafqaz konfransında da M.Ə.Rəsulzadə maraqlı məruzə etmişdi.

Nəsiman YAQUBLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR