İnsanlara hürriyət, millətlərə istiqlal!

“Axtarıb tapmalı olduğum bir atam və bir uşağım var”

4726 14.05.2014 19:51 Müsahibə A A

“Yeni Müsavat” qəzetinin Azərbaycan mediasına qazandırdığı gənc reportyorlardan biri də Məhəmməd Türkməndir. Sonuncu dəfə NİDA fəallarının aksiyasında yadımda bir tablo qalıb. Polis Məhəmmədi aparır, gənc dil-boğaza qoymur: “Ay müəllim, mən jurnalistəm...” Bu arada fotoaparatını da basıb qucağına, gözü kimi qoruyur. Birdən əlindən alarlar, birdən yaddaşını silərlər... Can qorxusundan daha çox peşə (həm də fotoaparat, videokamera) qorxusudur müasir jurnalistlərin yaşadıqları. 

*  *  *

Bir dəfə hansısa müsahibədən birgə gələndə söhbətləşdik, həyat hekayəsini danışdı. Qulaq asa-asa necə şok keçirdimsə, az qala bir qəzanın qurbanı olurdum. Yeri gəlmişkən, oxucularımıza hər gün saytda, qəzetdə gördükləri fərqli foto və videoların müəllifini tanıdacağıq. Həm bəndənizi şoka salan hekayəni, həm də gənc əməkdaşımızın media günlərini... 

“Valideynlərimin ayrılmağına ana nənəm səbəb olub. Klassik Azərbaycan mənzərəsi: qayınananın ara vurması, münasibətləri korlaması” 


- Başlayaq əlifbadan... Əsl adın nədir? 

- Baxır sənədlə, yoxsa belə...

- Hər iki variantı soruşuram. 


- Sənəddə Muxammed Qurbanov Muxammed gedir. Belədə isə hamı məni Məhəmməd Türkmən kimi tanıyır... 

- Sənin milliyyətin türkməndir o zaman. 

- Bəli, türkmənəm. 

- Bəs Azərbaycana gəliş hekayən necədir? 

- Hekayəm bir az maraqlı olub. Türkmənistanda doğulmuşam. 3-4 yaşa qədər orda yaşamışam. Mən o yaşlarda olanda atamla anam ayrılıblar, biz də Azərbaycana qayıtmışıq. 

- Atan türkməndir? 

- Bəli. Anam isə Salyandandır. 

- Salyanlı qızı Türkmənistana aparan hekayə necədir bəs? Salyan hara, Türkmənistan hara? 

Bəlkə də nə vaxtsa onu görüb 3 kəlmə söz demək istəyərəm. Amma hələ ki, o niyyətdə deyiləm” 


- SSRİ vaxtında bu respublikalar arasında gediş-gəliş güclü olub. Atam da işi ilə bağlı tez-tez Salyandakı fabriklərdən birinə, mühasibat işləri ilə bağlı gedib-gəlirmiş. Anam o fabrikdə işləyirmiş. Elə o fabrikdə tanış olub, razılaşıb, evləniblər. Nəysə, 4 yaşım olanda ayrılıblar valideynlərim. Buna səbəbkar kimi daha çox ana nənəm olub. Klassik Azərbaycan mənzərəsi: qayınananın ara vurması, münasibətləri korlaması. Bildiyimə görə, sonradan atamın məni tapa bilməməsi, izlərin itirilməsinin səbəbkarı da elə nənəm olub. 

- Doğrudanmı o vaxtdan bəri atanı görməmisən? 

- Yox, görməmişəm. Yəni, 4 yaşında uşağın yadında atası necə qalırsa, mənim yadımda da elə qalıb. Bir də şəkillərdən.

- Və səni axtarmayıb... 

- Bilmirəm axtarıb, ya yox. Axtarsaydı da tapmazdı böyük ehtimalla. Çünki biz çox tez-tez yer dəyişdirmişik. Hamısı da nənəmin sayəsində. Gah yaşadığımız evi qohumlara verib, gah başqa yerə köçmüşük. Amma yenə də bu, bəhanə deyil. İstəsəydi tapa bilərdi. 

- Jurnalist adamsan, sənin onu axtarıb tapmaq imkanların yoxdurmu? Heç nə bilmirsən atan barədə? 

- Atam tərəfin ünvanını, yaşadığı qəsəbəni bilirəm. Amma 20 il ərzində məni tapmayan adamı mən də axtarmaq istəməmişəm. Bəlkə də nə vaxtsa onu görüb 3 kəlmə söz demək istəyərəm. Amma hələ ki, o niyyətdə deyiləm. 

- Yaşın 24 olacaq səhv etmirəmsə... Harda oxumusan, təhsilin nədir? 


...kameranı qoltuğumda gizlədim çökdüm yerə. Altı nəfər başladı məni vurmağa ki, o kameranı sındırsınlar. Künc tərəfə sıxılıb kameranı vermədim”


- Orta məktəbi Salyanda qurtarmışam. Mənim üçün çətin olub. Çünki birinci dilim rus dili olub. Bacım öyrədib. İnstituta da hazırlaşırdım. Amma orta məktəbin sonuncu ilində ağacdan yıxılaraq kəllə-beyin travması aldığım üçün ali məktəbə girmək planlarım da suya düşdü. Travmadan sonra hər xırda şeyə həyəcanlanırdım, hətta kiminləsə söhbət edəndə ani həyəcanlanır, tər axıdırdım. Həkimlər isə deyirdi ki, bu, tezliklə keçəcək, əsas odu ki, başında şiş yoxdur. İndi də davam edir bu hal. Kiminləsə müsahibəyə gedəndə müsahibim həyəcanlanmaqdan mən həyəcanlanıram. 

- Bu həyəcanla aksiyalarda, mitinqlərdə nə edirsən? 

- Maraqlıdır ki, aksiyalarda o həyəcanı hiss etmirəm. Əvvəllər adrenalin olurdu, amma get-gedə bu, yoxa çıxdı. Əsl həyəcanlanası vaxt mən sakit oluram. 

- Yaxşı, jurnalistikaya gəlişin necə olub? 

- Sırf təsadüfən. Ömür boyu ağlıma gəlməzdi. Qohumlar hərb sahəsinə yaxın olduqları üçün məni hərbiyə yaxınlaşdırmağa çalışıblar. Amma əsgərlikdən sonra gəldim. Hər zaman fikirləşirdim ki, hər insanın bir qabiliyyəti olur. Mən də özümü axtarırdım ki, görəsən qabiliyyətim hansı sahəyədir. Bir çox sahələrdə özümü sınadım: satıcıdan tutmuş menecerliyə qədər... Bir çox yerlərdə işlədim, amma özümü tapa bilmirdim. Sonradan Nərimanovda bir oyun salonu işlətməyə başladım. Arada Türkiyəyə gedib-gəldim. Bu zaman kompüter sahəsində heç bir məlumatım olmayıb. Məsələn, “ət”(@) işarəsini necə qoymağı ilk dəfə dostumdan öyrənmişəm. Amma bir il sonra mən o dostumun kompüterini təmir etmişəm. Heç bir kursa getmədən, özüm öyrənmişəm. Rus və türk dilini bilməyim kompüter sahəsində xeyli yenilikləri öyrənməyimə, 5 addım qabağa düşməyimə səbəb oldu. 


Bir çox proqramları mənimsədim. Sonra isə mənimlə eyni düşüncəni paylaşan insanların əhatəsində olmaq istədim və NİDA təşkilatını tapdım. Gördüm ki, NİDA tam sərbəstdir. 2013-cü ilin fevral ayında təşkilata üzv oldum. Həmin vaxt çoxlu aksiyalar keçirilirdi. Mən də öz mobil telefonumla çəkilişlər edirdim. Sonra internet vasitəsilə montajı öyrəndim. Youtube.com-da qoyduğum videoları saytlar götürüb yaydılar. Məhkəmələrdən birində elitar.az saytının əməkdaşı mənə yaxınlaşdı, çəkdiyim videolarla maraqlandı. Dedi ki, saytın maddi imkanı olmasa da, yaradıcı gəncləri öz ətrafına toplayır, onlara əməkdaşlıq təklif edir. Elə oldu ki, Elmin Bədəlov, Azər Zeynalov və mən oturub danışdıq. Başladıq saytı işlətməyə, təbii ki, pul almırdım. Çünki saytın pulu yox idi. Bu arada oyun salonunu da işlədirdim. Ordan qazandığım pulla videokamera alıb çəkilişlər aparmağa başladım. Sonra Kanal-13-dən təklif gəldi, ora getdim. 

- Bəs “Yeni Müsavat”a gəlişin necə oldu? 

- Kanal-13-də işləyəndə gənc jurnalistlərlə bağlı bir sorğu keçirirdim. Bunlardan biri də musavat.com saytının əməkdaşı Toğrul İsmayıl idi. O vaxta qədər Toğrulu tanımırdım. Müsahibəni qurtarandan sonra söhbətləşdik. Kanal-13-dən çıxmağa hazırlaşırdım həmin vaxt, maddi baxımdan sərf eləmirdi. Həmin vaxt başqa saytlardan da təkliflər gəlirdi, amma ürəyimcə deyildi. Qarşıma məqsəd qoydum ki, Azərbaycanda iqtidar mediasına üz tutmayacam. Ya AzadlıqRadiosu, ya da “Yeni Müsavat”da işləmək istəyirdim, qarşıma bunu məqsəd qoymuşdum. Mənim üçün hər iki şans yarandı. Amma mən “Yeni Müsavat”ı seçdim. Oktyabrın 16-da, ad günümdən bir gün əvvəl “Yeni Müsavat”a gəldim. Bu, mənə ad günü hədiyyəsi oldu. 

““Sovetski” camaatı hakimiyyətlə anlaşandan sonra biz jurnalistləri söyməyə başladılar -  onlara daha sərf eləmirdik”


- Jurnalistə, xüsusən də foto-videoreportyora cəmiyyətin münasibəti birmənalı deyil. Polisindən tutmuş aktivistinə, siyasətçisinə qədər. Sən isə daha çox qaynar nöqtələrdəsən. Necədir sənə münasibət? Daha çox aqressiya var, yoxsa insanların özünüreklam cəhdi? 


- Bilirsiz, adamına görə dəyişir. Məsələn, bəzi polislər jurnalistlərdən çəkinir və onlara hörmət edir. Bəziləri isə qorxduqları üçün jurnalistin üstünə gəlirlər. Jurnalistdən nə vaxt qorxarsan? Qanunsuz iş görəndə. Bu işi görərsən və hamı da sənin elədiyin hərəkəti lentə alar. Onda artıq səni ifşa edənə hücum çəkərsən. Bizim işimizdə də bu, daha çox aksiyalar zamanı baş verir. Qarşıdurma zamanı dəfələrlə görmüşəm ki, bir nəfəri polis tutur, daha iki nəfər mülki geyimli onun qoluna girir, dördüncü adam isə mülki geyimdə arxadan gəlir, tutulana yumruq, təpik vurur. Bir dəfə Hacı Talehin məhkəməsində buna bənzər hal baş verdi. Qarşıdurma yaranmışdı həyətdə. 

Bayıra çıxanda gördüm ki, polis adamları bir-bir tutur, bir nəfər də bir-bir tutulanlara şillə-yumruq vurur. Mən bu adamı xüsusi olaraq videoya çəkdim, o da bunu gördü və əmr verdi ki, o jurnalisti tutun. Bunu eşidən kimi kameranı qoltuğumda gizlədim çökdüm yerə. Altı nəfər başladı məni vurmağa ki, o kameranı sındırsınlar. Künc tərəfə sıxılıb kameranı vermədim. Orda yaşlı rus qadınları bu hadisəni görüb qışqırmağa başladılar ki, jurnalisti vurmayın. Ondan sonra bir az məndən əl çəkdilər, mən də kənara çəkildim. Çünki növbəti dəfə çəkməyə başlasaydım, onların əlindən qurtula bilməyəcəkdim. Özüm heç, uzaqbaşı döyəcəkdilər, bir gün xəstəxanada yatacaqdım. Amma o kadrların silinməsinə görə heyfslənəcəkdim. Çünki onlara görə xeyli yumruq-təpik yemişdim. Polislərin aqressiyasının səbəbi psixoloji problemlərdir. 

- Polisləri anladım. Bəs əlində foto, videokamerası olan jurnalisti qalan hamı sevirmi? 

Hədəfim Türkiyənin “Hürriyyət” qəzetində işləməkdir” 


- Yox. Məsələn, “Sovetski” hadisələri olanda oranın camaatı bir müddət sonra bizi söyməyə başladılar. Halbuki problem başlanan vaxt özləri bizi axtarırdılar, problemlərindən yazmağımız üçün xahiş edirdilər. Sonra özləri gizli sövdələşmələrə getdilər, bu halda biz onlara sərf eləmədik. Hətta bir dəfə ailələrdən biri ilə problemlə bağlı söhbət edəndə bir nəfər heç nə soruşmadan gəlib boğazımdan yapışdı. Başladı ki, sən burda neynirsən, nə istəyirsən bizdən? O mərhələdə artıq məhləyə gələn jurnalistləri əhali söyməyə başlamışdı. Hadisə harda varsa, aqressiv insanlar da orda var. Ona görə də jurnalist bir qədər aktyor olmağı bacarmalıdır. Təsəvvür edin ki, “Sovetski”də insanlar ağızlarına su alıb oturan vaxt mən məlumat almalıydım. Ona görə də 4 ayrı-ayrı dükandan siqaret almışdım ki, hərəsindən bir az məlumat əldə edim. Bəzən də sevdikləri, axtardıqları olur jurnalistləri. Bir də görürsən, hadisə yerinə gedirik, başlayırlar qışqırmağa ki, sən get, ANS gəlsin, ATV gəlsin. Biz də onlara izah edirik ki, telekanallarda senzura var, sizin dediklərinizi hamı yayımlamayacaq, ümidiniz bizik, bizi də belə bezdirməyin. 


- Küçə sorğuları da çətindir səhv etmirəmsə. Danışdırmağa adam olmur çox vaxt, doğrudur? 

- Əlbəttə. Məsələn, yaxınlaşırsan küçədə insanlara, salamlaşıb sorğu keçirmək istədiyini deyən kimi uzaqlaşırlar. Deyirlər, mənlik deyil, mən siyasətə qarışmıram və sair. Çox adam qorxur. Fikrini ifadə etməyin sonradan ona baş ağrısı yarada biləcəyindən çəkinir. Bunun bir səbəbi siyasidirsə, digər bir səbəbi isə bəzi qeyri-peşəkar həmkarlarımızın gördüyü işlərdir. Məsələn, vaxtilə bəzi jurnalistlər yolda sorğu keçirir, anormal suallar verir, sonra respondentin çaşqınlıqla dediyi hansısa sözü, cümləni götürüb internetdə yerləşdirir, onunla məzələnirdilər. Bu da insanlarda kompleks yaradır. 

- Bayaq atandan danışdın. Onunla bağlı yaşadıqların, səni itirib-axtarmaması və sair. Amma mənə bir dəfə sözarası danışmısan: sənin də buna bənzər bir hekayən var. Amma bu dəfə rollar fərqlidir: övladını atan tərəf sən olmusan... Bəlkə hekayəni tam danışasan? 

- Vallah, hardan başlayım, bilmirəm ki...

- Ordan başlayaq ki, sən də bir atasan... 

- Bəli, mən də bir atayam. Bax, indi danışanda yanaqlarım da qızardı. 

- Amma uşağının üzünü görməmisən... 

- Yox, görməmişəm. Əslində hesablamalarıma görə, uşaq 3 yaşında olmalıdır. 

- Bu hekayə də Bodrumda başlayıb, düz xatırlayıram? 

“O qadın facebookdan yazdı ki səndən hamiləyəm. Sonra da məni bloka atdı” 


- Bəli, 2011-ci ilin yayında Bodrumda olmuşam. 2011-ci ilin sentyabrında xəbər tutdum ki, uşağım olacaq. O qədər məlumatsızam ki, heç bilmirəm, uşaq dünyaya hansı ayda gəlib, oğlandır, ya qız. Mən həmin il Türkiyəyə həm işləmək, həm də istirahət etmə üçün getmişdim. Qohumların restoranı var idi, rus dilini bildiyim üçün orda işlədim. Turqut Reis qəsəbəsində idi restoran. Bir xanımla tanış oldum. Reklam şirkətində işləyirdi. Həmin vaxt onun 32 yaşı var idi. Aramızda 11 yaş fərqi var idi. Münasibətlər yaranmışdı. Sonra sənədlərim qaydasında olmadığı üçün Türkiyədən deportasiya olundum avqust ayında. Gəldim Bakıya, gələndən sonra sentyabr ayında o, mənə facebookdan yazdı ki, getdiyini mənə niyə deməmisən? Ona durumu izah etdim, amma bir az mübahisə etdik. Sonra da gecə yazdı ki, mən indi sənə bir şey deyəcəm, amma buna görə məsuliyyət daşımırsan. Bizim uşağımız olacaq, 2 aylıq hamiləyəm. 

Mən də ona dedim ki, əgər bunu məni geri qaytarmaq üçün deyirsənsə, özünü yorma, çünki deportasiya olunmuşam, ancaq 2016-cı ildə gələ bilərəm. Qayıtdı ki, bu, ona görə deyil, sadəcə xəbər vermək istədim, uşağımız olsa, özüm saxlayacam, qız olsa adını Su qoyacam. Ona görə də mən indiyə qədər də qızımız olduğunu düşünürəm. Bu sözləri yazandan sonra isə son nöqtəni qoydu. Dedi ki, bundan sonra mən səni axtarmayacam, sən də boş yerə məni axtarma, biz heç vaxt qarşılaşmayacağıq. Mən cavab verməyə fürsət tapmamış o, məni facebookda bloka atdı, sonradan mən başqa profildən onun profilinə girməyə çalışsam da, gördüm hesabını bağlayıb. Nə telefonunu bilirdim, nə əsl adını. Biz əvvəldən də bilirdik ki, bu münasibətin adı əyləncədir. Onun 32, mənim 21 yaşım vardı, aramızda nə ciddi münasibət ola bilərdi ki? 

- Yaxşı, bəs sən nə fikirləşirsən? Gedib tapmağı düşünürsən o qadını, uşağını? 

- O barədə düşünmürəm. Düzdü, hərdən şəhərdə uşağı ilə gəzintiyə çıxan ata görəndə mənim də ağlıma gəlir ki, uşağım var, indi o nə boydadır-filan. Deyə bilmərəm ki, pis olmuram. 24 yaşım var, gəzməyi, əylənməyi sevən adamam. Hələ ki, uşaq məsələsi mənə çatmır, bəlkə nə vaxtsa... 

- Amma sən heç dəqiq də bilmirsən ki, uşaq dünyaya gəlib, ya yox... 2 aylıq hamilə olmaq hələ uşağın doğulması demək deyil... 


- O da düzdür. Bəlkə məni geri qaytarmaq üçün yalan deyirdi? Biləndə ki, deportasiya olunmuşam, heç nə demədən yox oldu, əlaqələri kəsdi. 

- Sonuc etibarilə sənin axtarıb tapmalı olduğun bir atan və bir uşağın var... 

- Hə, elədir. Həyatım qəribədir. Bununla yanaşı, məni də axtarıb tapmalı olan bir atam, mənim də axtarıb tapmalı olduğum bir övladım var. 

“Şəhərdə balaca uşaq görəndə ağlıma gəlir ki, mənim də hardasa bir uşağım var...” 


- Şəxsi axtarışları qoyaq bir kənara. Bəs karyeranda nəyi axtarır, nəyi planlaşdırırsan? 

- Hələ ki, işlədiyim yerdən məmnunam. Heç yerdə qazanmadığım iş təcrübəsini burda əldə edirəm. Qısa müddətdə əldə etdiyim nailiyyətlərə baxanda sevinirəm ki, nəsə edə bilirəm, bundan da artığını edə bilərəm. Hələ tam bişməmişəm. Bişənə qədər burdayam. Amma Türkiyənin “Hürriyyet” qəzetində çalışmağı qarşıma məqsəd qoymuşam. 

- Bəs indi bir jurnalist kimi ən böyük qorxun nədir? 

“Polis qolumdan tutub aparanda bircə şeyə görə heyfislənirəm: məndən sonra baş verən hadisələri çəkə bilməyəcəm” 


- Bilirəm ki, nə vaxtsa mənim üçün də döyülmə ola bilər. Hətta bir dəfə yox, on dəfə də ola bilər. Xəstəxanaya düşsəm də, qayıdıb öz işimi davam edəcəm. Çünki mən bunu özümə həyat tərzi seçmişəm. Bilirəm ki, bu mənim yolumdur. Həbsə gəlincə isə, hə, qorxum var. Amma özümə görə yox, anama görə. Evdə hərdən anama zarafatla deyirəm ki, bax, filan jurnalisti tutublar, ola bilər ki, mən də nə zamansa tutulum. O da deyir ki, mən dözə bilmərəm. Gülüb sözü dəyişdirirəm, üç gün sonra bunu yenə təkrarlayıram. İstəyirəm ki, buna öyrəşsin. Çünki biz hakimiyyətin bəyənmədikləriyik, həqiqəti göstəririk, bizi sevmirlər. Qohum-əqrəba da çəkinir məndən. Bakının yarıdan çox bölmələrində peşə fəaliyyətimlə bağlı oturmuşam. İzahat alıb, buraxıblar. Polis qolumdan tutub aparanda bircə şeyə görə heyfislənirəm: məndən sonra baş verən hadisələri çəkə bilməyəcəm. 

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR