İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda səfirliyimizə edilən hücuma vətəndaş cəmiyyətinin adekvat reaksiyası

2442 16.08.2022 08:20 KİVDF layihələri A A

Hüquq müdafiəçisi: “Azərbaycanın hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə  kimsə mane ola, ölkəmizi qarışdıra bilməz”

“Bakıda "Məşhədi Dadaş" məscidində dini kəsimin əlində bayraqlarla keçirdiyi aksiya həm də vətəndaş cəmiyyətinin mövqeyini ifadə etdi". Bu fikirləri “Yeni Müsavat”a Siyasi Hüquqların Müdafiə Mərkəzi" İctimai Birliyinin sədri Xəzər Teyyublu Londondakı səfirliyimizə “Mehdi xidmətçiləri” adlı marginal təşkilatın üzvlərinin hücum etməsi ilə bağlı danışarkən bildirdi. Hüquq müdafiəçisi hesab edir ki, həmin barbarların din adından sui-istifadə edərək Böyük Britaniyada yerləşən səfirliyimizə soxulması, üçrəngli bayrağımızı, dövlət atributunu təhqir etməsinə Azərbaycanın inanclı kəsimi susqun qala bilməzdi: “Onlar bəyanat yaymışdılar ki, guya Azərbaycanda Məhərrəmlik mərasimləri məhdudlaşdırılır və buna cavab olaraq səfirliyə daxil olublar. Əslində cəfəngiyyatdır və ölkədə hər il Aşura məraimləri normal qaydada keçirilir. Bu təşkilatın isə Azərbaycanla heç zaman problemi olmayıb. Ona görə həmin hadisə ölkədə qarışıqlıq yaratmağa, inanclı kəsimi qızışdırmağa hesablanmış hiylə idi ki, bu da alınmadı. Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri sosial şəbəkədə, inanclı təbəqə isə məscidlərdə həmin terrorçuların, onların himayədarlarının cavabını vermiş oldu”.

Ölkədə məhkəmə islahatları sürətlənməlidir - QHT rəhbəri və hüquqşünasdan  çağırış

X.Teyyublunun sözlərinə görə, avqustun 4-də baş verən hadisədən 10 gün keçib, hələ də cinayət aktının ədalətli istintaqının getməsi barədə əminlik yoxdur: “Sözsüz ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Londondakı səfirliyimiz məsələnin araşdırılması üçün fəallıq göstərməlidir. Vətəndaş cəmiyyəti, hüquqşünaslar Britaniya hökumətinə sorğular göndərməli, ”Mehdinin xidmətçiləri ittifaqı"nın terror təşkilatı kimi tanınması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə bu təşkilatın ləğvi tələb olunmalıdır. Təəssüf ki, bu hərəkətliliyi görmürük. Vətəndaş cəmiyyəti bu məsələdə də aktiv olmalıdır. Həmçinin məscidlərdə bayrağımızla aksiya keçirən inanclılar da tez-tez məsələ qaldırmalıdır ki, Azərbaycana yönəlik bu təxribatın üstü açılsın, ifşa edilsin. Ümumiyyətlə, Azərbaycanın hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə heç bir qüvvə mane ola, ölkəmizi qarışdıra bilməz. Kimsə burada din, məzhəb fitnəsi yaratmaq, daxildə iğtişaşlara, gərginliyə səbəb olmaq istəyirsə, bilməlidir ki, Azərbaycan əhalisi dinə hörmətlə yanaşı, həm də milli dəyərləri ən üstün tutan xalqdır. Kimsə bayrağımızı təhqir edəcəksə, dindarı da, ateisti də həmin vəhşilərin cavabını verəcək. Çünki o bayraq uğrunda inanclı da, sekulyar da həmişə mübarizə aparıb. O baxımdan vətəndaş cəmiyyətinin reaksiyası yerində idi və istər cənubdan hansısa planlar qurmaq istəyənlər, istər Qərbdən ölkənin içərisinə fitnələr ixrac arzusunda olanlar məkrli niyyətlərinə çata bilməyəcəklər. Sadəcə, hüquq müdafiəçiləri, media, cəmiyyətin aktiv hissəsi bu barbar dəstənin əməllərinin hüquqi cəza alması üçün beynəlxalq səviyyədə iş aparmalıdır. Və bu hadisə bir daha sübut etdi ki, azərbaycanlılar dünyəvi, hüquqi, demokratik dövlət tərəfdarıdır. Burada heç bir teokratik sistemin qurulmasına cəhddən belə söhbət gedə bilməz. Bizdə dini etiqad azadlığı var və heç bir vətəndaşın ibadətinə müdaxilə yoxdur. Bu, Azərbaycanda yaşayan xristian, yəhudilər üçün də keçərlidir. Ona görə multukultural dövlət hesab edilirik". 

Qeyd edək ki, səfirliyimizə hücum edənlər “The Mahdi Servants Union” (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə küveytlidir, Londonda yaşayır. İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə ‘’London şiələri’’ adlandırır. Qrup sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni təhqir edənlərə dəstək verir. Onu da qeyd edək ki, qrup “Fədak” adlı peyk televiziyasını idarə edir. Bu, radikal qrupun ilk belə həmləsi deyil. 2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR