İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında kinostudiya fəaliyyətə başlayır - Peşəkarların gözləntisi

738 25.08.2023 08:13 Mədəniyyət A A

 

Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır.

Musavat.com Kult.az-a istinadən xəbər verir ki, bu barədə aktyor Azər Aydəmir Baku TV-yə açıqlamasımda məlumat verib. Laçın səfəri ilə bağlı təəssüratını bölüşən aktyor qeyd edib: “Laçın artıq kino çəkilişləri üçün ən ideal və əlverişli məkana çevrilməkdədir. Laçının təbiəti rejissorlara orada istənilən janrda filmlər, verilişlər çəkməyə şərait yaradır”.

Studiyanın tanıtım videoçarxında çəkilmək üçün Laçına səfər etdiyini vurğulayan aktyorun sözlərinə görə, videoçarx avqustun 26-da - Laçın Şəhəri Günündə təqdim olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət kinostudiyaları “Azərbaycanfilm” kinostudiyası və onun nəzdində fəaliyyət göstərən “Debüt” (bədii, sənədli, xronikal, eksperiment, cizgi filmləri çəkilib), “Mozalan” (satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edib), “Salnamə” (sənədli filmlər istehsal edib), həmçinin Mədəniyyət Nazirliyinə məxsus “Yaddaş” Sənədli Filmlər Studiyası olub. Bir müddət əvvəl bütün dövlət kinostudiyalarında istehsalat prosesinin dayandırıldığı açıqlanmışdı.  Mədəniyyət Nazirliyindən bildirilmişdi ki, Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci il aprelin 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılıb.

Bəs yeni yaradılan kinostudiyadan əsas gözləntilər nədir?

Ayaz Salayev: “Sifarişlə film çəkmək murdarlıqdır” - Müsahibə

Ayaz Salayev: “Əgər bu, başlanğıcdırsa, çox gözəldir, amma...”

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bu xəbərin böyük sevinclə qarşıladığını dedi: “Ümumiyyətlə, çoxdan düşünürdüm ki, kino ilə bağlı bir çox şeyləri Bakıdan kənara çıxartmaq, paytaxtı yüngülləşdirmək lazımdır. Əgər bu, başlanğıcdırsa, çox gözəldir, başqa ağıllı bir şey deyə bilmərəm. Hər halda Laçın, Qarabağ bölgəsində filmlərin çəkilməsinə təkan verə bilər. Bir sözlə, bu məsələni çox müsbət qiymətləndirirəm, amma əvvəldən bir söz demək olmur”.

Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudova isə qeyd etdi:  “Əvvəla, kinostudiyanın  açılması o demək deyil ki, orada böyük işlər görüləcək. Hansısa kinostudiyanın lazımi səviyyədə fəaliyyət göstərməsi üçün həm yaradıcı qrupu, həm də maddi-texniki bazası yüksək səviyyədə olmalıdır. Çox arzu edərdim ki, bu işi təşkil edələr əvvəldən kinostudiyanın maddi-texniki bazanın lazımi səviyyədə olmasına çalışsınlar, hər bir detala diqqət etsinlər. Lazımdır ki, mövzular, süjetlər aidiyyəti üzrə seçilsin və təsdiq olunsun. Yoxsa ki, kiminsə zəngi, xahişi ilə və yaxud qohumbazlıq, dostbazlıqla iş qurulmasın. Çünki orada yaranacaq ilk məhsul studiyanın bütövlükdə gələcək üçün bütün zamanlarda o kinostudiyanın təbliğatı, simasıdır. Ayın 28-də görüş keçiriləcək, həmin görüşdə bəlli olacaq yeni kinostudiyada hansı səviyyədə, hansı masştabda, necə kinolar çəkiləcək. Yəqin ki, filmin janrları studiyanın imkanlarına uyğun formalaşacaq. Bütün bunlar bir qədər sonranın söhbətidir”.

Şeyx Əbdül məşhur filmlə bağlı şok faktı açdı

Əbdül Mahmudov

Şeyx Əbdül Mahmudov hazırda Qarabağda, Laçın yolunda gedən proseslərin sənədli fakt, dəlil sübut kimi çəkilib, arxivləşdirilməsinə böyük ehtiyac olduğunu bildirdi: “Fakt, dəlil sübut başqa, bədii obraz başqa şeydir. Ümumiyyətlə, ideoloji təbliğat sahəmiz mənim ən böyük, ən çətin, ən yaralı yerimdir. Biz bu məsələdə hər zaman geridə qalırıq. Ermənilər isə elə səs-küy salırlar ki, həqiqət qalır kənarda öz yalanlarını dünyaya inandırmağa çalışırlar. Biz bu ideologiya məsələsində işlər görməsək, erməni yalanı ayaq tutub yeriyəcək. Vətən müharibəsi zamanı hər bir detal, fakt çəkilib, sənədləşməliydi. Lakin biz bunu bəzi məmurlara başa sala bilmədik. Başa sala bilmədik ki, bu, tarixdir, bizim ideologiyamızdır, bu cür məsələdə şəxsi münasibət, qərəzçilik ola bilməz. Məncə, yeni kinostudiya xalqa müraciət etməlidir ki, kim telefonla belə nə çəkibsə, gətirib onu studiyaya təhvil versin. Əldə olunan materiallar əsasında çox sanballı məhsullar əldə etmək olar”.

Xalq artisti hazırda ölkədə olan kinostudiyaların mövcud vəziyyətindən də söz açıb: “Özəl studiyalar barəsində deyə bilərəm ki, onlar peşəkar səviyyədə deyillər. Ümumiyyətlə, onların peşəkar kino sənətinə aidiyyəti yoxdur. Prodakşınlar isə şoulara can atır. Bu gün peşəkar sənətkarlarımız, ağsaqqal kino adamları var ki, onların da məsləhətləri, tövsiyələri alınmalı, bu işdə iştirak etməlidirlər. Yəni hər şey peşəkar səviyyədə olmalıdır. Yeni başlayan kinostudiya prodakşn kimi fəaliyyət göstərəcəksə, heç nəyə nail ola bilməyəcək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR