İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolunda mülki döyüşçülər: vətəndaş cəmiyyəti zəfər çaldı!

1199 02.05.2023 11:17 Media A A

Ekoaksiyanın tanınmış iştirakçıları hesab edir ki, biz bunu bacardıq və beş aylıq mübarizə nəzarət postu qurulması ilə nəticələndi

Ekoaksiya müvəqqəti dayandırıldı. İctimai fəallar dövlətin təklifini dəyərləndirib hələlik etirazlara ara verdilər. Onlar bunu Laçın yolunda nəzarət mexanizmi qurulması ilə izah edib bəyanat yaydılar. Amma ərazini birdən tərk etməyəcəklər, ətrafda gül əkəcək, abadlıq işləri görəcəklər.

Hazırda Azərbaycan Laçın yolunda nəzarət məntəqəsi qurub, gömrükçülər də artıq xidmətə başlayır, yəni vətəndaş cəmiyyətinin başlatdığı prosesi sərhədçilər və gömrükçülər davam etdirəcək. “Yeni Müsavat” bildirir ki, dekabrın 12-dən şaxtalı, soyuq ərazidə dayanaraq tarixi mübarizə aparmış ekofəalların dirənişi öz nəticəsini verdi. Bu, kifayət qədər əhəmiyyətli mərhələ idi. Əgər ordu Laçın yolunu götürsəydi, daha kəskin beynəlxalq reaksiyalar olacaqdı. Ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərin isə heç bir humanitar krizis yaratmadan yolda sivil aksiyası daha məqsədəuyğun oldu. Bu, həm də vətəndaş cəmiyyətinin gücünü nümayiş etdirdi. Bu, həm də hüquqi dövlət quruculuğu prosesində önəmli hadisə idi. Azərbaycan bütün sərhədlərində suverenliyi bərpa etdi və bu istiqamətdə ekoaktivistlərin böyük töhfəsi oldu. Aksiya iştirakçılarından olan Hacıbəy Heydərlinin sözlərinə görə, Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması 5 ay davam edən ekoaksiyanın nəticəsidir: “Beləliklə, Ermənistandan Xankəndinə getmək istəyənlər ilk növbədə bizim sərhədçilərin yoxlanışından keçməli olacaqlar. Bu hadisə Azərbaycanın növbəti tarixi qələbəsi və ərazi bütövlüyümüzün tam şəkildə bərpasıdır”.

Diaspor Informasiya- Togrul Allahverdili- MAG Sefeq - YouTube

 Toğrul Allahverdili 

Digər aksiya fəalı Toğrul Allahverdili isə deyir ki, bu yolda dayanaraq mübarizə aparanlar Azərbaycanın mülki döyüşçüləri idi: “Azərbaycanın suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması xəbəri son ayların olduqca sevindirici xəbəridir. Bu, bir daha onu göstərir ki, güc birlikdədir, güc vəhdətdədir, güc Prezidentin ətrafında sıx və bir yumruq kimi birləşməkdədir. Bu Vətən hamımızındır, Vətənimizin qorunmasında və mühafizəsində təkcə hərbçilərimizin və silahlı qüvvələrimizin deyil, vətəndaş cəmiyyətinin, eləcə də xalqın hər bir sıravi nümayəndəsinin rolu və zəhməti var. Nə az, nə çox - düz, dörd aydan çoxdur ki, Laçın-Xankəndi yolunda etiraz edən aksiya iştirakçılarının zəhmətləri öz bəhrəsini verməkdədir”.

Allahverdilinin sözlərinə görə, ötən ilin dekabrından etibarən etirazlara başlayan aksiya iştirakçılarının tələblərindən biri də yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması idi: “Biz bunu bacardıq, bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hərbçi olub-olmamasından, hərbi forma geyinib-geyinməməsindən asılı olmayaraq hər bir vətəndaş döyüşçüdür”.

Qeyd edək ki, aktivistlər geniş bəyanat yayıb. Bəyanatın leytmotivində deyilir: “Biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik. Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq! 138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!”

Hazırda Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib. Vətəndaşların sərhədi keçməsi qarşılıqlı nəzakət şəraitində həyata keçirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərhədi keçən vətəndaşların qaydalara uyğun olaraq yoxlanması görünür.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "vətəndaş cəmiyyəti, hüququ dövlət quruculuğu" mövzusunda hazırlanıb.

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR