İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın və Kəlbəcərə qayıdış sürətləndirilir

2260 30.08.2023 08:00 Media A A

Ekspert: “Bu, Qarabağdakı erməni separatizmini məhv etmək baxımından çox vacibdir”

Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasını sürətləndirir. Bu ilin dövlət büdcəsinə edilən dəyişiklikdən sonra azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə əlavə olaraq 2 milyard 260 milyon manat ayrılmaqla onun ümumi həcmi 5 milyard 260,0 milyon manata çatdırılıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyun aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait sərf edilib. Bu, ötən ilin eyni dövründəki xərcləmələrdən  67.4 faiz və ya 674 milyon 645 min manat çoxdur. 2022-ci ilin ilk 6 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879.3 min manat vəsait yönəldilmişdi.

Azərbaycan hökuməti məskunlaşma və bərpa prosesində Laçın-Kəlbəcər rayonlarına xüsusi diqqət ayırır, bu rayonlarda insanların doğma yurdlarına qayıtma prosesi daha sürətlə həyata keçirilir. Bu, ilk yarımildə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitlərin rayonlar üzrə həcmindən də aydın görünür. Belə ki, bu il ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.

May ayından Laçın şəhərinə əhalinin qaytarılmasına başlanıb. Artıq 247 ailə, yəni 956 nəfərin şəhərdə daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyevin avqustun 26-da Laçın şəhəri günündə verdiyi məlumata əsasən, ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq.

Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndinə də əhalinin köçürülməsinə başlanıb. Rəsmi məlumata əsasən, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Qeyd edək ki, artıq avqustun 25-də 20 ailə - 88 nəfər doğma yurdlarına - Zabux kəndinə qayıdıb.

Laçın rayonuna qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi, bölgənin iqtisadi inkişafına nail olunması istiqamətində də addımlar atılır. Laçında “Həkəri Balıq Təsərrüfatı”nın, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin,  prefabrik modul evlərin istehsalı müəssisəsinin, xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyətə başlaması üçün işlər görülür. Bundan əlavə, Laçın şəhəri yaxınlığında mehmanxana kompleksinin tikintisinə başlanıb.

Azərbaycan Kəlbəcərə də qayıdışı sürətləndirməkdədir. Avqustun 17-də Prezidentin sərəncamı ilə Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb.

Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub. Bu kənddə ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır.

Hər iki rayondakı kiçik su elektrik stansiyaları sürətlə bərpa olunur. Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir.

Kəlbəcərdə isə 4,4 meqavat gücündə "Kəlbəcər-1", 6,3 meqavat gücündə "Qamışlı" və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb.

Oxu.az - Ədalət Verdiyev: “Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola  bilərdi?”

 Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Laçın və Kəlbəcərə qayıdışın daha sürətlə həyata keçirilməsi gözləniləndir: “Bildiyiniz kimi, uzun illər boyu davam edən danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcərin qaytarılması müzakirə olunmurdu. İlk öncə beş rayonun qaytarılması, daha sonra Qarabağda referendumun keçirilməsi, Laçın-Kəlbəcərin bağlı bundan sonra müzakirə olunması nəzərdə tutulurdu. Ermənilər Kəlbəcərin bir hissəsini Azərbaycana qaytarmaq, Laçını isə özlərində saxlamaq niyyətində idilər. Onların Laçın iddiaları hətta Vətən müharibəsindən sonra da qalırdı - düz bu ilin 23 aprelinə qədər.  Ermənilər Laçını Qarabağdakı erməni separatizminin nəfəsliyi kimi görür, onu heç cür əldən vermək istəmirlər. Düzdür, Ermənistandan Kəlbəcər üzərindən də Qarabağdakı separatçılara yol çəkilmişdi, lakin ağırlıq yenə də Laçın yolunda idi. Bu baxımdan, onlar Laçın yolunda hansısa maneəni ağıllarına belə gətirmirdilər. Lakin Azərbaycan dövləti öz sözünü dedi, Laçın yolunda beynəlxalq hüququn tələb etdiyi formada öz sərhəd-keçid məntəqəsini qurdu. Ondan bəri ermənilərin qopardığı hay-harayı görürsünüz”...

Ekspert qeyd edir ki, Laçın Azərbaycan üçün son dərəcə strateji əhəmiyyət kəsb edir: “Laçın rayonundakı bir sıra yüksəkliklər Azərbaycan Ordusunun Qərbi Zəngəzurun  Qapan, Gorus və Qarakilsə rayonları ərazisinə vizual müşahidəsini təmin edir. Ermənistanın uzun illər boyu yaratdığı miflərin dəfn edilməsi, erməni separatizminin Azərbaycan ərazilərindən silinməsi baxımından Laçına qayıdışın sürətlənməsi, ərazilərimizin bərpası təbii ki, ən prioritet vəzifələrdən biridir. Azərbaycan dövləti bu vəzifənin öhdəsindən kifayət qədər uğurla gəlir”.

Yazını hazırladı: Dünya SAKİT 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR