İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kulinariya Festivalı təkcə mətbəxlə bitmir, həm də...”

1104 07.05.2022 08:40 KİVDF layihələri A A

Azərbaycanın baş kulinarı Şuşada davam edən 1-ci Beynəlxalq Kulinariya festivalının əhəmiyyətindən danışdı

Mayın 5-dən etibarən Mədəniyyət paytaxtımız Şuşada 1-ci Beynəlxalq Kulinariya festivalı başlayıb. Mayın 8-dək davam edəcək festival Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Festivalda Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan gələn kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edirlər. Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil olunurlar.

Tədbirin önəmi və digər özəllikləri barədə Azərbaycanın baş kulinarı Tahir Əmiraslanov “Yeni Müsavat”a danışıb: “Şuşa bizi çox gözəl qarşıladı və əlbəttə ki, bir daha çox sevinirdik ki, Şuşa işğaldan azad olunub. Buna görə ölkənin Ali Baş Komandanı İlham  Əliyevə çox minnətdarıq. Qeyd edim ki, festivalın ilk günündə Heydər Əliyev Fondu tərəfindən qonaq qismində dəvət olunmuşdum. Onu da xatırladım ki, Milli Kulinariya Assosiasiyası bu festivalı hələ Şuşa işğaldan azad olunmamışdan 15 gün əvvəl, 24 oktyabrda elan etmişdi. Hətta həmin vaxt 19 ölkə festivala gəlmək istəyirdi.

Artıq bu festival reallaşıb. Orada müxtəlif ölkələrin və  bütün bölgələrimizin stendləri qoyulub. Bu stendlərdə aşpazlar çalışır, yemək bişirirlər. Azərbaycan Mədəniyyət Nazirliyinin işçiləri, o cümlədən aktyor və musiqiçilər çox böyük bayram əhval-ruhiyyəsi yaradıblar. Həmçinin “Azərxalça” Xalça Günü ilə bağlı çox gözəl stend düzəldib.

Mən festivalı təşkil edən Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinə, festival iştirakçılarına böyük uğurlar arzulayıram. Arzu edirik ki, Şuşamızda daha böyük tədbirlər, festivallar keçirilsin. Bu cür festivalların səs-sorağı bütün dünyaya yayılır və müxtəlif ölkələrdən insanlar bura cəlb olunur.

Lakin bir məsələni də qeyd etmək istəyərdim. Yolda olanda gördük ki, üzüm bağları yerində qalsa da meynələr dibindən, kökündən çıxardılıb. Bu bir daha erməni vəhşiliyinin təzahürüdür. Anlayırıq, ermənilər qəbir daşlarını belə çıxarıb aparıblar, ağacları kəsiblər, evlərini yandırıblar, yaxşı bəs bu meynənin günahı nədir, göz dağı kimi qalıb. Yollardan keçəndə görürdük ki, bir dənə də olsun salamat bina yoxdur. Amma xoş məqamlar da var. Belə ki, biz artıq turistlərə çox böyük qürur hissi ilə Füzulidə tikilən aeroportu göstərdik, böyük yollar çəkilib və sairə. Bütün bunlar qısa zamanda həyata keçirilən işlərdir.

Beləliklə, festival təkcə mətbəxlə bitmir. Turistlərin elə yollarda gördükləri, orada baş verən hadisələrin onlara izah olunması çox böyük önəm daşıyır. Hələ də dünyanın hansısa ölkələrində elə bilirlər ki, əksinə, təcavüzkar bizik, biz haranısa işğal etmişik. Amma bloqerlər, turistlər gördüklərini çəkir, yazır, Azərbaycan haqqında həqiqətləri yayırlar. Bu baxımdan hesab edirəm ki, bu cür festival və tədbirlərin tez-tez keçirilməsi lazımdır, vacibdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR