İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisin Yardımlı əməliyyatının təfərrüatları “Yeni Müsavat”da

9307 16.08.2014 08:25 Kriminal A A

Sözügedən xəbərdə əməliyyatın “xırda zəmində” başlanıldığı, “siqaret qaçaqmalçılığı” adı ilə həyata keçirildiyi qeyd olunur. Bildirilir ki, İrandan qaçaqmalçılıq yolu ilə siqaret gətirən Seymur Məriş oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü - Elnur Fəxrəddin oğlu Rzayev saxlanılıb. Yalnız bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan, “mötəbər şəxs” sırasında adı keçən qrup rəhbəri Sərvər Xanış oğlu Əmirov həbs edilib. 

Mənbənin məlumatına görə, böyük partiyalarla işləyən bu qrupun həbsindən sonra narkotik alverçiliyində adı keçənlərin hamısı saxlanılıb. Rayondakı mənbələrin sayta verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə orqanları ilə əlaqələri varmış. 

“Daha doğrusu, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb: ”Polkovnik Şamil Seyidli Yardımlı rayonuna yeni rəis təyin olunanda Sərvər öz evini ona təklif elədi. Rəis də kiminsə evində onsuz da qalmalıydı, ona görə də Sərvərin təklifini qəbul elədi. Sərvərin rayonda danışdığına görə, evi rəisə qalmaq üçün təmənnasız vermişdi və elə bundan da istifadə etməyə başladı: deyirdi ki, rəis dostumdur, ona görə də mənim evimdə qalır". Məlumatda daha sonra deyilir: “Sakinlərin dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər alıb”. Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis polkovnik-leytenantı Vidadi Əhədov da istintaqa cəlb edilənlər sırasındadır", - deyə mənbə qeyd edir. Rayon Polis Şöbəsinin yeni rəisi Nadir Məmmədov axar.az-a açıqlamasında hadisə ilə bağlı məlumat verə bilməyəcəyini deyib.

Şamil Seyidli “Yeni Müsavat”a açıqlamasında özü barədə yazılanları təkzib etdi: “Tamamilə yanlış məlumatlardır. İstənilən adamdan soruşmaq da olar. Mən Yardımlıda rəis təyin olunanda kirayə qaldığım ev Şahin adlı adamın olub. 4 il o evdə qalmışam, kirayə pulunu da ödəmişəm. Bunu yoxlamaq da olar, bütün polislər də bilir. Sərvər adlı şəxslə isə heç bir əlaqəm olmayıb. Sadəcə işdən çıxana 3-4 ay qalanda Şahin evi bu adama satıb. Sonra da çıxıb Ağcabədiyə getmişəm və mənim onunla heç bir əlaqəm olmayıb, tam səmimi deyirəm. 

Ancaq mən Şahinin evində 4 il qalandan sonra ev Sərvərə satılıb. Bunu yoxlamaq nə çətin şeydir? Digər tərəfdən adam evini kimə satır, mən məsələyə qarışa bilmərəm ki”. Ş.Seyidlinin sözlərinə görə, fəaliyyəti dövründə indi “narkobaron” kimi təqdim edilən S.Əmirov haqqında hər hansı məlumata malik olmayıb: “Nə onun çayxanasında çay içmişəm, nə yemək yemişəm, nə də onunla əlaqəm olub. Dostluq-filan barədə deyilənlər qəti yalandır. O zaman mənim müəyyən şəxslərlə əlaqəm pis idi deyə, hər zaman özümü qoruyurdum, ancaq işimlə məşğul olurdum. Yardımlıda işlədiyim dövrdə narkobaronlara, qaçaqmalçılığa qarşı çox kəskin mübarizə aparmışam. Çox qaçaqmalçı tutdum, bəzi işçilər cəzalandırıldılar. Mən belə hallara qarşı göz yummadığıma görə nüfuzum var. İndi məni ləkələməyə cəhd göstərməyin nə mənası var? Bütün camaat bilir ki, mən belə hallara heç vaxt göz yummamışam. 4-5 il ərzində mənim qədər narkotiklə bağlı əməliyyat aparan kim olub?” 

Polis rəisi norkoticarətlə əlaqədə ittiham olunaraq cəzalandırıldığı bildirilən rəis müavini Vidadi Əhmədovla bağlı da danışdı: “O, məndən əvvəl təyin olunmuşdu, məndən sonra da işləyib. Ancaq əgər o, belə işlərlə məşğul olsaydı və bundan xəbər tutsaydım, ona göz yumardımmı? Bu, heç mümkün də deyildi”. Ş.Seyidli narkotiklə bağlı durumun bir az şişirdildiyini vurğuladı: “Hansısa polisin belə hallara göz yumması, narkotik ticarəti ilə əlaqə qurması şərəfsizlik olardı”. Seyidli yeni rəis müavini Nadir Məmmədovu da yaxından tanıdığını və belə hallara qarşı barışmaz olduğunu qeyd etdi: “O, mənim tələbə yoldaşım, yaxın dostumdur. Özü də bu vəzifəyə təyin olunandan narkotiklərə qarşı ciddi şəkildə mübarizə aparır”. 

Redaksiyamıza daxil olan digər məlumatda isə bildirilir ki, həmin günlərdə əməliyyat təkcə Yardımlını əhatə etməyib. Belə ki, Lerikin Yardımlı ilə qonşu olan kəndlərində də geniş əməliyyatlar keçirilib və bir neçə nəfər həbs olunub. Həmin şəxslərin kustar üsulla narkotik istehsalı ilə məşğul olduğu, meşəliklərdə və həyətyanı sahələrində çətənə kolu əkdiyi barədə əməliyyat məlumatı alındıqdan sonra hüquq-mühafizə orqanları hərəkətə keçib. Bəzi şəxslərin ələ keçirilməsi üçün hətta vertolyotdan istifadə olunub. 
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov dedi ki, məqalədə yer alan fikirlərin əksəriyyəti əsassızdır: “Fakt ondan ibarətdir ki, iyulun 16-da Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində siqaret qaçaqmalçılığı ilə məşğul olan, qonşu dövlətlərdən Azərbaycana qanunsuz yollarla tütün məmulatları gətirən bir dəstə ifşa olunub. Onlardan təxminən 9 minə yaxın tütün məmulatı aşkarlanıb. Bununla əlaqədar olaraq hazırda 5 nəfər məsuliyyətə cəlb olunub. Bir daha qeyd edirəm ki, bu, narkoticarətçilərə qarşı deyil, qaçaqmalçılıq yolu ilə ölkəyə siqaret gətirən şəxslərə qarşı həyata keçirilən əməliyyat olub. Həmin dəstə ifşa edilib, gətirdikləri tütün məmulatları isə müsadirə olunub. Hazırda məsələ ilə bağlı cinayət işi qaldırılıb, istintaq aparılır. Bu əməliyyatla bağlı olaraq polis əməkdaşlarının işdən qovulması ilə bağlı məlum məqalədə yer alan fikirlərin də heç bir əsası yoxdur. Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Vidadi Əhədov isə öz xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə cənab nazirin əmri ilə vəzifəsindən azad edilib. O, daxili işlər orqanlarından qovulmayıb. Sadəcə olaraq vəzifəsindən azad edilib və nazirliyin sərəncamına götürülüb”.

E.Zahidov əməliyyatın Lerik rayonunu da əhatə etdiyi barədə məlumatlara da aydınlıq gətirdi: “Polis orqanları gündəlik, fasiləsiz olaraq narkotiklərin qanunsuz dövriyyəsinə qarşı, qanunsuz silah-sursatın yığılması ilə bağlı, ümumən cinayətkarlığa qarşı tədbirlər həyata keçirir. Bu, ölkənin hər bir rayon və şəhərində ola bilər”. DİN rəsmisi saxlanılan 5 nəfərin birindən cüzi miqdarda narkotikin aşkarlanaraq götürüldüyünü də vurğuladı: “Amma bunun narkoticarətə aidiyyəti yoxdur. Ümumən bunlar qaçaqmalçılıq yolu ilə siqaret gətirməklə əlaqədar ifşa olunub və məsuliyyətə cəlb olunub. Cinayət işi qaldırılıb, istintaq aparılır”.  

Vüqar MURAD



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR