İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosanın fizikası

1375 20.03.2024 17:29 Yazarlar A A

İnternetdə serfinq yaparkən Milli Elmlər Akademiyamızın saytında qarşıma bu xəbər çıxdı: “Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açıb. O, kollektivi təbrik edib və bildirib ki, Novruz bayramı Azərbaycan xalqı üçün milli dəyərlərə, rəmzlərə sahibdir. O, bayramın tarixindən danışıb”. Sitatın sonu. Xəbər hələ uzun idi, mən özətini yazdım. Axırda alimlər yığışıb Kibernetika İnstitutuna papaq atmağa getmişlər.

Əlbəttə, indi bisavadlar ortaya çıxar, deyər ki, Novruzun Fizika İnstitutuna nə dəxli vardır, zəhmət çəkin elm öyrənin, kəşflər eləyin, xalqımıza xeyir verin. İlk baxışdan belədir. Novruzu Folklor İnstitutu qeyd edər, Kosa və Keçəlin həyatı, tonqal, xonça, qapıya atılan papaq nə boyda olmalıdır kimi mövzularda çıxışlar söylənər. Ancaq fizika təbiət haqda elmdir. Bu baxımdan, Novruz bayramı, təbiətin oyanışı, xalqımızın dayanışı mütləq fiziklərimiz üçün mövzu verir. Ona görə də həmin elm ocağından (bax, görürsünüz, burda da ocaqdan söhbət gedir və elm ocağının üzərindən tullanıb “ağırlığım, uğurluğum, dissertasiyam odda yansın” demək faydalıdır) qədim zamanlarda mələyin uçma sürətini hesablayan, Eynşteynin səhv elədiyini mübarək hədisə əsasən sübut edən, yarpaq dolmasını bükərkən məkan-zaman əyrisi modelindən istifadə olunduğunu göstərən çoxlu möhtərəm alimlərimiz çıxmışdır.

Həmçinin, Novruzun fizikaya dəxli yox idisə, niyə Cordano Brunonu tonqalda yandırmışdılar?

Sözgəlişi, Conatan Svift hələ 300 il qabaq – 1726-cı ildə çıxan “Qulliverin səyahəti” əsərində bizim akademiyanın alimlərini böyük sevgi, maraq, həsəd, rəğbət, diqqətlə təsvir etmişdir: “Orada mən bir alimə rast gəldim. O, buzu şiddətli odda qızdıraraq barıta çevirməyə çalışırdı. Riyaziyyat məktəbində dərslər bizim Avropada əsla tətbiq edilməyəcək üsulla aparılır. Hər teorem isbat üsuluyla birgə nazik təbəqəyə yazılır. Mürəkkəb yerinə isə başağrı dərmanı işlədilir. Şagird bu təbəqəni dərman kimi bürmələyib acqarına udur, sonra üç gün ərzində çörək və sudan başqa heç bir şey yeyib-içmir. Həb həzm olunduqdan sonra teorem onun beyninə yeriyir. Düzdür, hələlik bu üsulun elmin öyrədilməsində rolu o qədər çox deyil, amma iki səbəbdən. Birincisi odur ki, dərmanı təbəqəyə zəif miqdarda yazırlar, ikincisi, bəzi uşaqlar dərmanı udmur, gizlincə qırağa tüpürürlər”.

Doğrudan da, hal-hazırda bizim elmin tədrisində əsas məsələ uşaqların tüpürməyinə nəzarət edilməsidir. Əgər buna nail ola bilsək, qələbələrimiz qaçılmaz olacaqdır.

Ümumiyyətlə, alimlərimiz akademiya sistemində çox faydalı çalışırlar. Dünən onlar baş akademik İsa müəllimin rəhbərliyi altında Akademiyanın “Nadir ağaclar bağı”nda ağac əkmişlər. Bəlkə çoxunuz bilmirsiniz, bizim elm ocağında keçən il belə bir bağ salınmışdır. (Ramiz Mehdiyevin vaxtında mümkün deyildi, bütün ağacları əkişdirib öz bağına daşıyırdı).  Lakin dünənki tədbirin foto, video, tik-tok, yutub, feysbuk, instaqram, salnamə, mixi yazıları, papirus, reader, qayaüstü rəsmlərini maraqla izlədim və belə qərara gəldim ki, artıq o bağ öz adına bir qədər uyğun olmayacaqdır. Çünki əkilən ağacların çoxu sərv, küknar, şam kimi bitkilər idi. Bunlar isə nadir ağac sayılmaz. Həm də nadir ağac bağında ağac bəlkə az olmalıdır, yoxsa niyə nadir adlansın? AMEA Nəsimi adına Dilçilik İnstitutundan bu mövzuya rəy gözləyirəm. Ümid edirəm onlar “20 yanvar faciəsi” konfransından sonra özlərinə gəliblər.   

Biz gərək həm meşədə ağacı, həm də ağacların dalında meşəni görməyi bacaraq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR