Külli miqdarda narkotik vasitə saxlamaqda və istifadə etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və narkotik vasitə satışında suçlanan 1990-cı il təvəllüdlü Həşimov Anar Yengibar oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Fuad Məmmədov ifadə verib. Fuad Məmmədov sahə müvəkkili olduğunu, təqsirləndirilən şəxsin də onun sakini olduğunu deyib.
Şahid hadisə günü baş verənləri və Anarın ilk saxlanma səbəbini belə danışıb: "Anar Həşimov kombi oğurluğuna görə şübhəli bilinərək saxlanılmışdı. O, əməlini etiraf etdi. Kombi də aşkar edilərək sahibinə verildi. Daha sonra əməliyyatçılar onun evinə baxış keçirdi. Mən və hal şahidləri də var idi. Evdən narkotik vasitə və şpris də aşkar edildi. Anar narkotikin özünə məxsus olduğunu dedi".
Anar Həşimovun vəkilinin suallarını cavablandıran şahid deyib ki, evə baxış zamanı bir neçə büküm də aşkar edilib.
"Dəqiq deyə bilmərəm ki, bükümlərdə narkotik və ya nəsə var idi. Mən sadəcə bükümləri gördüm. Əməliyyatçılar sonra hal şahidləri ilə baxış keçirdi. Bükümlərin dəqiq sayını xatırlamıram. 2 və ya 3 olmalı idi. Siqaret kağızına bükülmüşdü" - deyə şahid suallara cavabında deyib.
Anar Həşimov şahidin dedikləri ilə razılaşmayıb. Söyləyib ki, mənzilindən sadəcə şpris tapılıb: "Mən narkotik istifadəçisi olmuşam. Şpris özümün idi. Amma bükümlərdən xəbərim yoxdur".
Məhkəmə araşdırması davam etdirilir. Məhkəmənin növbəti iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, A.Həşimov oğurluq və külli miqdarda narkotik vasitə saxlama və satmaqda ittiham edilir.
İ.Muradov
Musavat.com