İnsanlara hürriyət, millətlərə istiqlal!

“Koçak Gold”la işləmiş iş adamı danışdı: “Bizə qarşı cinayəti araşdırın!”

3461 24.10.2018 15:48 Kriminal A A

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generallarının araşdırılmayan daha bir cinayəti haqda yazmışdıq. 2011-ci ilin dekabrında Bakı şəhərində Türkiyənin məşhur “Koçak Gold” şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə qarşı “mahmudovçu”lar tərəfindən planlanan hücum olub, 39 kiloqram qızıl ələ keçirilib. Bu günə qədər həmin qızılın harada olması haqda məlumat yoxdur.

Maraqlıdır ki, “MTN işi” üzrə çoxcildli cinayət işində “Koçak Gold”a qarşı cinayətin araşdırılması haqda da epizodlara rast gəlinmir. Sanki belə bir hadisə baş verməyib. Əslində isə reallıq başqadır, iş üzrə araşdırılma aparılsa, 20-dən artıq iş adamının bir əməliyyatla müflis edildiyi üzə çıxar. http://musavat.com/news/mtn-cetesi-kocak-gold-un-39-kiloqram-qizilini-nece-yagmalayib_564686.html

Onlardan biri də Siyavuş Fehruz oğludur. 2011-ci ildə “Koçak Gold”a qarşı əməliyyatdan sonra ona evini satdırıblar, 50 min dollar borca salıblar. Bakıda 3 iri ticarət mərkəzində mağazaları olmuş Siyavuş Fehruz oğlu hazırda kirayədə yaşayır, müflis durumdadır. Dərnəgül qəsəbəsindəki atılmış zavodlardan birinin həyətindəki ucqar bir guşədə xarratlıqla məşğul olmaqla ailəsini saxlayır.

Deyir ki, illərdir, ona qarşı cinayətin araşdırılmasını gözləyir: “2007-ci ildən Türkiyənin “Koçak Gold” şirkəti ilə işləyirdim. Bakıdan xeyli mənim kimi iş adamı vardı. İstanbula gedib “Koçak Gold”a qızıl məlumatları alırdım, Bakıya gətirib satırdım. 5 ilə yaxın belə işləmişəm. 2011-ci ildə növbəti dəfə İstanbula getdim, “Koçak Gold”un ofisində satış nümayəndəsi Mustafa Çakmakla görüşdüm. Dedi ki, yeni qaydalarla işləyirik. Bakıda nümayəndəmiz var. Qızılı sifariş edirsən, gömrük haqqını da bizə verirsən, yəni “Koçak Gold” şirkətinin Bakıdakı nümayəndəsindən qızıl məmulatlarını alırsan. 5 il bu şirkətlə işləmişdim. Hər kiloqram mala görə 1500 dollar gömrük rüsumu ödəməklə Azərbaycana gətirirdim. “Koçak Gold”un satış nümayəndəsi Mustafa Çakmakın təklifinə görə mənim təxminən 700 dollar xərcim az çıxırdı. Malı sifariş edib Bakıda onların nümayəndəsindən almağımı təklif etdilər. Mustafa Çakmak özbaşına belə təklif edə bilməzdi. Ona şirkətin sahibləri Tefik Koçak və ya İsmət Koçak səlahiyyət verməsəydilər, o, özbaşına belə bir təklif edə bilməzdi. Razılaşdım. Mustafa Çakmakın dediyi kimi də oldu. Sirafişi verdim, özüm Bakıya gəldim.  5-6 gün keçəndən sonra onların nümayəndəsi zəng edib Biləcəriyə çağırdı, sifariş etdiyim qızıl-zinət əşyalarını mənə təslim elədim. 3-4 dəfə belə oldu. Hər kiloqram mala görə xərcim 700-800 dollar az çıxırdı. 2011-ci ilin noyabrında növbəti dəfə İstanbulda malı sifariş etdim, özüm Bakıya gəldim. 3-4 gün sonra eşitdim ki, “Koçak Gold”un Bakıdakı nümayəndəsi Həmit həbs edilib. Nə baş verməsi haqda məlumat almaq üçün “Koçak Gold”la əlaqə saxladım. Dedilər ki, narahatçılığa əsas yoxdur, həll edəcəyik. Mənim malım gəlməli idi deyə narahat idim. Onlar demişdilər ki, zəng edəcəyik, zəng etmədilər. Mənə MTN-dən zəng elədilər, dedilər bura gəlməlisən. Məni əsas binaya 2-ci mərtəbəyə qaldırdılar. Oradakı otaqlardan gələn səslərdən başa düşdüm ki, mənim kimi “Koçak Gold”la işləyən azı 7-8 nəfər də oradadır. Mənimlə söhbət edən 2 nəfərdən biri Fizuli Əliyev idi. Türkiyədən Azərbaycana gətirdiyim malların siyahısını qabağıma qoydular. Dedilər ki, bu malları Azərbaycana gətirmisən. Sənə mal gətirən adamı 100 kilodan artıq qızılla tutublar. Həmin qızılları Azərbaycana qaçaqmalçılıqla gətiriblər. Əgər içəridə yatmaq istəmirsənsə, get 35 min dollar pul gətir. Uzun danışıqlardan sonra məndən 25 min pul aldılar”.

Siyavuş Fehruz oğlu MTN-dən çıxandan sonra Türkiyəyə yollanıb, “Koçak Gold”un ofisinə gedib: “Artıq Mustafa Çakmak yox idi. Məni Tefik və onun əmisi oğlu qarşıladılar. Onlardan hesabat istədim, dedim ki, əgər belə bir işiniz vardısa, ölkəyə qaçaqmal gətirirdizsə, məni niyə zibilə salırdız? Dedilər, narahat olma, malın pulunu da həll edəcəyik, sənə köməklik edəcəyik. Onlara dedim ki, sizə görə MTN-də məndən 25 min dollar alıblar, üstəlik malım da yoxdur, mala görə ödədiyim 25 min dollar da yoxdur. Kor-peşman Bakıya qayıtdım. Üstündən keçəndən sonra onların nümayəndəsi Natiq gəldi. Mən “Koçak Gold”la belə işləyirdim, 1 kiloqram mal alırdım, buna görə şirkətə 25 min dollar ödəyirdim, 800 dollar da gömrük haqqını ödəyirdim, gəlib Bakıda malımı alırdım. Natiqə dedim ki, mən  onlardan pulumu tələb edirəm. 25 min dollar MTN-də alıblar, verməsəydim həbs edəcəklərini deyirdilər. 25 min 800 dollar da 1 kiloqram mala görə pul vermişəm, həmin mal da mənə çatdırılmayıb. Natiqlə belə razılaşdıq ki, “Koçak Gold” mənə satmağa mal verir, satıram, yavaş-yavaş vəziyyətimi düzəldirəm. Tefik Koçakla da xeyli telefonla danışırdım. Belə razılaşdıq ki, evimi girov qoyub onlarla işləyirəm. Mənə 2 kiloqram mal verəcəkdilər. Evi adlarına keçirəndən sonra İstanbula getdim. Mənə 800 qram mal verdilər. Razılaşmamızı faktiki pozdular, məni aldadıb evimi adlarına keçirdilər. Sonradan isə ümumiyyətlə mənə mal vermədilər. Mən “Koçak Gold”la işlədiyim dövrdə malı onlardan alıb özüm Bakıya gətirəndə heç bir problemim olmayıb. Malı almışam, mala dair sənədləri də alıb gətirib bizim gömrükçülərə təqdim edib rəsmiləşdirmişəm. Özləri təklif ediblər ki, malı Bakıdakı nümayəndəmiz sənə təhvil verəcək, 800 dollar az xərcin olacaq. Mən də razılaşmışam, 3-4 dəfə də belə olub. Mənə qaimə filan da verməyiblər. Mənə “Koçak Gold”un nümayəndələri desəydilər ki, qızıl-zinət əşyalarını Bakıya qaçaqmalçılıq yolu ilə gətirəcəklər, əlbəttə ki, razı olmazdım. Əziyyətlə aldığım evim də əlimdən çıxmazdı. Bu gün mən Bakıda kirayələrdə yaşayıram, işimi itirmişəm, hazırda xarratlıqla məşğul olub ailəmi birtəhər dolandırıram. Qaçaqmalçılığı ediblərsə də, “Koçak Gold”un rəhbərliyi edib. Əziyyəti çəkən isə biz olduq”.

Siyavuş Fehruz oğlu deyir ki, 2015-ci ildə MTN-də Eldar Mahmudovun vəzifəsindən çıxarılması ilə başlanan “təmizləmə” əməliyyatından sonra  istintaqa müraciət etmək istəməyib: “Mənim evim də əlimdən çıxıb, pulum da gedib. Düşündüm ki, 2 övladım var, mənə qarşı bu cür şərəfsiz hərəkətlər edilib. Tərəddüd edirdim. Düşünürdüm ki, gec-tez bizə qarşı da cinayəti ədalətlə araşdıran olar. 3 ildir ki, bizi çağırıb dindirən olmayıb. Bu yaxınlarda bir məhkəmə oldu, bizi ora şahid kimi çağırdılar. Həmin günlərdə mənə “Koçak Gold”un sahibi Tefik zəng etdi. Dedi ki, atası mənimlə danışmaq istəyir. Ona dedim ki, sizinlə danışmaq istəmirəm, siz məni aldadıb pulumu da, evimi də əlimdən almısınız. Mən sənin atanla nə danışacağam? Dedi ki, atamla danış, narahat olma. Atası da sonra zəng elədi, dedi ki, narahat olma, məhkəməyə getmə. Biz sənə kömək edəcəyik. Deyirdi ki, Bakıya gələrəm, sənlə görüşəcəyəm. Sonra da dedi ki, vəkil gələcək. Heç kim də gəlmədi. Mən məhkəmədə hakimə dedim ki, bu məsələni araşdırsınlar. Bu günə qədər baş verənləri özümə bağışlaya bilmirəm. Çox çətin vəziyyətə düşmüşəm”.

Siyavuş Fehruz oğlu baş prokuror Zakir Qaralovdan MTN-də baş verən qanunsuzluqlar, “Koçak Gold”un vəzifəli şəxslərinin qaçaqmalçılıq və ona qarşı qanunsuzluqlarının araşdırılmasını xahiş edib: “Qoy həqiqət üzə çıxsın. Bu gün həmin MTN əməkdaşları həbsdədirlər. Onların və “Koçak Gold” rəsmilərinin mənə qarşı qanusnuzluqları isə araşdırılmamış qalıb. Ümumilikdə mənə 47 min 700 dollar ziyan dəyib. “Koçak Gold” rəsmiləri pulumu ödəsinlər, tələb edirəm. Məni zibilə salan bu adamlar olub. Qaçaqmalçılıq ediblər, məni ziyana salıblar, sonra da atıb qaçıblar. Halbuki mənim onların cinayətlərindən  xəbərim olmayıb. Bunu MTN-də işi araşdıranlar da əmin olublar”.

Siyavuş Fehruz oğlunun bəhs etdiyi “Koçak Gold”un nümayəndəsi Hamit Pehlivan Ahmetdir. Onu 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb.

Ona qarşı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206-cı(qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Pehlivan Hamitdən onun qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməsini təsdiqləyən ifadə alınıb. Sonradan isə “mahmudovçu”ların klassik pul qoparma sxemi işə düşüb. Qızıllar da gedib, üstəlik Azərbaycanda qızıl biznesi ilə məşğul olan Siyavuş Fehruz oğlu kimi iş adamları da müflis duruma salınıblar. Böyük bir cinayəti isə araşdıran olmayıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR