İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Zəngəzur mesajı, nazirin cəbhə toplantısı və...

8662 14.09.2015 08:05 KİVDF layihələri A A

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, nazir uğurla davam edən irimiqyaslı təlimlərin gedişi barədə ətraflı məlumat verib. Toplantı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin tapşırığına əsasən Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində baş tutub. 

“Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib. 

Məlumata görə, müşavirədə cəbhədəki real vəziyyət təhlil edilərək gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri qabaqlamaq məqsədilə müəyyən problemlər və onların həllinin tapılması istiqamətində birgə müzakirənin keçirilməsinin zəruriliyi vurğulanıb. Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tətrər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayon icra hakimiyyəti başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, bundan sonra da müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində yaxından iştirak edəcəklərini, Azərbaycan prezidentinin tələb və göstərişlərini layiqincə yerinə yetirəcəklərini və hər zaman ordu ilə birlikdə Ali Baş Komandanın əmrlərinə hazır olacaqlarını bildiriblər. 

Son günlər cəbhədə gərgin vəziyyətin hökm sürməsini, həmçinin hərbi təlimlərə ehtiyatda olan 6 min gəncin də cəlb olunmasını, ordumuzun yeni silah-sursatla təmin olunmasını və digər faktları nəzərə alsaq, cəbhədə keçirilən müşavirənin döyüşqabağı vəziyyətin müzakirəsi  kimi qiymətləndirilməsi ilə razılaşmamaq mümkün deyil. Üstəlik, prezidentlərin görüşünün baş tutmaması müharibə ehtimalını daha da artırır.

***

Ötən həftə prezident İlham Əliyev Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində Bakının prinsipial  mövqeyini bir daha bəyan edib və ölkəmizdən güzəşt gözləyənlərə mesajını çatdırıb. Ölkə rəhbəri nəinki Qarabağın, Zəngəzurun da Azərbaycana məxsus olduğunu xatırladıb. Eyni zamanda Türk dünyasına düşməni nişan verib. Sitat: “Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. 

Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq.

Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır”.


Qeyd edək ki, görüşə ev sahibliyi etməli olan ABŞ da ümidsiz və loyal mövqeyi ilə diqqət çəkir. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Amerikanın Səsi”nə müsahibəsində “artıq Qarabağ münaqişəsində sülhə nail olunmalıdır” deməsi də bunun sübutudur (APA). O bildirib ki, artıq sülhün vaxtı çatıb: “Əgər biz problemin həllinə nail ola bilsək, onda xalqlar bölgənin necə dəyişəcəyini görəcəklər”. Diplomat ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəklərinə ümid bəslədiklərini də söyləyib: “İki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşündə biz görüşün gündəliyi, vaxtı və yerini müəyyən etməyə çalışacağıq”.

ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Dağlıq Qarabağda sentyabrın 13-də keçirilən “bələdiyyə seçkiləri”nin nəticələrini qəbul etməyəcəyini bildirib.  Dövlət Departamentinin sözçüsü Con Körbi brifinq  zamanı Birləşmiş Ştatların Dağlıq Qarabağı tanımadığı ilə bağlı rəsmi mövqeyini bir daha bəyan edib. “Biz münaqişənin əhatəli həlli çərçivəsində Dağlıq Qarabağın əhalisinin öz gələcəyi ilə bağlı rolunu tanıyırıq. Amma Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də regionun leqal statusuna təsir göstərə biləcək qondarma seçkilərin nəticələrini qəbul etməyəcəyik. Biz həm də qondarma seçkilərin Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu həllinə nail olmaq üçün davamlı danışıqların nəticələrinə təsir göstərməyəcəyini vurğulayırıq”, - deyə Con Körbi bəyan edib.


Bundan öncə verdyi açıqlamada  Dövlət Departamentinin sözçüsü ABŞ-ın bölgədə gərginliyin artmasından narahatlığını bildirib və tərəflərə Minsk Qrupunun səyləri çərçivəsində münaqişənin dinc yolla həlli yollarının axtarılmasına dair öhdəliklərini xatırladıb. Bu cür loyal yanaşma isə heç cür qəbulolunan deyil. 

Politoloq Arzu Nağıyevin fikrincə, ABŞ səfirinin verdiyi bəyanat bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmanəti Azərbaycan və Ermənistan prezidentləri verməlidirlər. Ekspert “Yeni Müsavat”a dedi ki, bundan başqa, ABŞ yenə də bu məsələdə təşəbbüsü əldən vermək istəmir: “Məlumdur ki, Lavrov Bakıya gəlib-gedəndən sonra vəziyyət daha da gərginləşdi. Gözlənildiyi kimi, sonunda Rusiya Azərbaycana silah satmaq arzusunda olduğunu  nümayiş etdirdi və istəyinə də çatdı. Bundan sonra Sərkisyan Putinlə görüşdü və 200 milyon dollarlıq silah aldı, üstəlik, hakimiyyətdə qalacağına Rusiyadan zəmanət də ala bildi. Bütün bunları müşahidə edən ABŞ mütləq adekvat addımlar atmalı idi və buna da gedir. ABŞ başa düşür ki, Rusiya öz maraqları müqabilində sülhdən çox, status-kvonu saxlamaq niyyətindədir”.


A.Nağıyev əmindir ki, Qarabağdakı seçkilərə loyal münasibət isə sırf demokratik baxışlardan və erməni lobbisinin təsiri ilə bağlıdır: “ABŞ bilir ki, bu ”seçkilər" keçiriləcək, lakin heç kim nəticəsini tanımayacaq. Buna görə də ən loyal variantı seçir".


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu isə fərqli düşünür: “Amerikalı həmsədr Ceyms Uorlikin prezidentləri ilin sonuna qədər görüşdürmək istəyi ondan xəbər verir ki, Azərbaycan və Ermənistan dövlət başçıları bu ay BMT sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyəcəklər. Halbuki bu görüşün baş tutacağını elə Uorlikin özü anons etmişdi. Deməli, görüş üçün hələ münbit zəmin yoxdur. Bu isə o deməkdir ki, cəbhə bölgəsində gərginlik davam edəcək. Ancaq Uorlikin ilin sonuna qədər görüşlə bağlı ümidi də reallaşmaya bilər. Sentyabrda baş tutmayan görüş ilin sonunda niyə reallaşmalıdır? Sadəcə, Uorlik istəyini dilə gətirib”. 

E.Şahinoğlu  hesab edir ki, Uorlikin açıqlamasındakı “əgər biz problemin həllinə nail ola bilsək, onda xalqlar bölgənin necə dəyişəcəyini görəcəklər” fikrinin də xüsusi çəkisi yoxdur: “Elə məsələnin mahiyyəti məhz problemin həll olunmamasındadır. Porblem həll olunsa, aydındır ki, bölgə də müsbətə doğru dəyişəcək. Yəni həmsədrlər bizə bəlli həqiqətləri izah etməkdənsə, çıxış yolları axtarmalıdırlar. Ancaq heç bir iş getmir. Fəaliyyət və danışıqlarda irəliləyiş olsaydı, cəbhə bölgəsində gərgin vəziyyət yaranmazdı. Vaxtilə atəşkəs snayper atəşləri ilə pozulurdusa, bu gün ağır hərbi texnika işə düşüb, təyyarələr yaxın məsafələrdə uçurlar. Çünki torpaqlar işğal altındadır, danışıqlar nəticə vermir və düşmən bizə onları cəzalandırmaqdan başqa alternativ qoymayıb. Hadisələrin gedişatı göstərir ki, müharibənin qəfil başlaması üçün heç bir əngəl yoxdur. Hər iki tərəf cəbhə bölgəsində hərbi təlimlər keçirir, ağır texnikanı sərhəddə yerləşdiriblər”. 


Hərbi ekspert Üzeyir Cəfərovun qənaətinə görə, beynəlxalq qurumlar artıq özləri də Qarabağ məsələsi ilə bağlı heç bir ciddi nəticə əldə edə bilmədikləri üçün olan-qalan imiclərinin get-gedə daha da korlandığının fərqindədirlər: “Az qala hər həftə, hər ay biz bu məqsədyönlü şəkildə uzadılan münaqişə ilə bağlı müxtəlif fikirlər eşidir, həmsədrlərin özləri və təmsil etdikləri ölkənin rəsmiləri tərəfindən zahirən maraqlı görünə biləcək ideya və təkliflər eşidirik. Amma ortalıqda olan ”sıfır" nəticə onu deməyə əsas verir ki, Rusiya, Amerika və Fransa öz aralarında bir növ “yarışır” və Qarabağla bağlı vəziyyətə onların daha çox təsir etmək imkanları olması görüntüsünü yaratmağa çalışırlar. İndi də bizim amerikalı dostlarımız “estafeti” ələ alıb ilin axırınadək prezidentləri görüşdürmək istədiklərini dilə gətiriblər. Hansı ki, belə onlarla belə görüş olub və çox təəssüflər olsun ki, məhz Ermənistan tərəfinin hikkəsi və havadarlarının diktəsi ilə onlar yalnız görüşləri görüş xatirinə keçirir və vaxt udmaqla məqsədlərinə doğru irəliləyirlər. Məqsədləri də çox sadə və aydındır. Cinayətkar Sərkisyan-Ohanyan cütlüyü öz hakimiyyətlərini daha da uzatmaq üçün bütün mümkün olan-olmayan üsul və metodlardan istifadə edirlər. Ermənilərin birbaşa dəstəkçisi olan Rusiyanın xarici işlər naziri Lavrov da təkcə 2015-ci ildə bəlkə də 5-6 dəfə Qarabağla bağlı çox optimist fikirlər səsləndirmişdi. Nəticəsini hamı gözəl bilir. İşğalçı əvvəllər avtomat və pulemyotlardan istifadə edirdisə, indi artıq həyasızlaşaraq minatanlardan və artilleriyadan xaincəsinə istifadə edir. Üstəlik, öz ərazisindəki kəndləri nədənsə evakuasiya edir".

Ü.Cəfərov qeyd etdi ki, “DQR”-də keçirilən “seçkilərə” ATƏT-in Minsk qrupundan olan ölkələrin münasibəti isə sadəcə rəzalət və təhqiramizdir: “Onlara Azərbaycan XİN vasitəsilə çox sərt münasibət açıqlanmalıdır. Regionda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək daha bir saxta seçkini qınamaq və onlara konkret münasibət bildirmək əvəzinə, 21-ci əsrin ”filosoflarının" mücərrəd və məntiqi olmayan sözlərini və ifadələrini eşidirik. Bunun adı, sadəcə, özlərinə hörmət qoymamaq və Azərbaycanın tarıma çəkilən əsəbləri ilə daha da çox oynamaqdır. Bu, uzun davam edə bilməz. Hesab edirəm ki, ölkəmiz keçirtdiyi sonuncu ən böyük hərbi təlimlər vasitəsilə bütün ATƏT və digər beynəlxalq qurumlara lazım olan mesajını çatdıra bildi. Qoy ciddi-ciddi düşünüb, götür-qoy etsinlər". 

Arzu Nağıyev müdafiə nazirinin cəbhədəki müşavirəsini təqdir edərək bildirdi ki, hazırkı şəraitdə güc nümayişi mühüm şərtdir: “Təcavüzkarı güc hesabına danışıqlar masasına oturtmaq bu gün daha düzgün yoldur”.

Elxan Şahinoğlu Z.Həsənovun sərhəd rayonlarının icra başçıları ilə müşavirə keçirməsini sadə məsələ saymır: “Bu, işğalçıya da ciddi mesajdır ki, vaxtınız bitmək üzrədir, əgər ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmasanız, lokal toqquşmaların miqyası artacaq. Əlbəttə, böyük dövlətlər, o cümlədən ABŞ, Rusiya və Fransa əllərindən gələni edəcəklər ki, müharibə başlamasın. Ancaq bölgədə geri dönüşü mümkün olmayan elə proseslər gedir ki, gələcək toqquşmaların qarşısını almaq getdikcə çətinləşir. Top Ermənistanın və həmsədlərin meydanındadır. Əgər bölgədə gərginlik və genişmiqyaslı toqquşmalar istəmirlərsə, mərhələli həll planını işə salmalıdırlar. Məhz bu planın işə düşməsi bölgəni müharibədən qurtaracaq. Başqa alternativ yoxdur”.

Üzeyir Cəfərov da deyir ki, müdafiə nazirinin cəbhəyanı rayonların icra başçıları və digər səlahiyyətliləri ilə keçirtdiyi müşavirə də sıradan adi bir toplantı deyil: “Bir sözlə, hər şey, inşallah, çox tez bir zamanda müsbətə doğru dəyişməlidir və yəqin ki, dəyişəcək. Bu, bizim haqqımız və Tanrı tərəfindən bizə verilən unikal şansdır. Məncə, biz bu 20 ildən çox müddətdə yetərincə səbir və dözüm nümayiş etdirdik. Necə deyərlər, hər bir səbrin də bir sonluğu olmalıdır və olacaq. Şəxsən mənim təhlil və düşüncələrim bunu deməyə əsas verir”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR