İnsanlara hürriyət, millətlərə istiqlal!

KREML DNESTRYANI BÖLGƏNİ MOLDOVANIN TƏRKİBİNƏ QAYTARIR

9335 01.08.2012 09:24 KİVDF layihələri A A

***

Qəzetin anonim diplomatik qaynaqlara istinadən yazdığına görə, Rusiya rəsmiləri Dnestryanı münaqişəsinə dair heç vaxt belə açıq mövqe ilə çıxış etməyiblər. Xüsusən də qondarma “respublikanın” rəhbərliyi qarşısında. Bildirilir ki, Rusiyanın Dnestryanı münaqişəsinin bölgənin Moldovanın tərkibinə qayıtması yoluyla həllini təmin etməyin əvəzində öz şərtləri var: Moldova neytral statusda qalacağına dair möhkəm təminat verməli və NATO-ya üzv olmamalı, eyni zamanda rus dilinin ölkənin ikinci rəsmi dili statusu almasını təmin etməlidir. Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Tiraspolda keçirilən “Dnestrdə sülhməramlı əməliyyatlar və müasir çağırışlar” mövzusunda konfransda iştirak edib və münaqişənin həllinə dair Moskvanın mövqeyini həmin konfransda çatdırıb. Bu konfrans Rusiyanın 1992-ci ildə sülhməramlı əməliyyatlar həyata keçirərək Dnestryanı bölgəyə öz qoşunlarını yeritməsi və atəşkəsin əldə olunmasının 20 illiyinə həsr edilib.

***

Karasin Dnestryanı bölgənin rəhbəri Yevgeni Şevçukla birgə keçirdiyi brifinqdə daha konkret danışıb. “Moskva Dnestryanı bölgənin müstəqilliyini tanıya bilərmi” sualına yüksək rütbəli rusiyalı diplomat birmənalı cavab verib: “Biz Dnestryanı bölgənin gələcəyini xüsusi statuslu rayon və beynəlxalq səviyyədə tanınmış təhlükəsizlik təminatı çərçivəsində neytral Moldova dövlətinin tərkibində görürük”. “Kommersant” qeyd edir ki, bundan əvvəl də rəsmi Moskva Dnestryanı münaqişəsi ilə bağlı Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini bildirirdi, lakin münaqişənin bölgənin məhz Moldovanın tərkibinə qayıtması yoluyla həll edilməli olduğunu heç vaxt bu cür açıq ifadə etməmişdi. İndi Moskva separatçı bölgəyə açıq şəkildə bildirir ki, Dnestranı “respublikasının” tanınmasından söhbət gedə bilməz, bölgə Moldovanın tərkibinə qayıtmalıdır.

Qısa arayış: Dnestryanı münaqişəsi

Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.
1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib.
Rusiyanın keçmiş sovet respublikaları ərazisindəki “dondurulmuş” münaqişələrdən birinə münasibətdə birmənalı şəkildə ərazi bütövlüyü prinsipini dəstəkləməsi, separatçı bölgəyə Moldovanın tərkibinə qayıtmaq göstərişinin verilməsi Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair siyasətini yenidən gündəmə gətirir. Heç kimin şübhəsi yoxdur ki, vaxtilə SSRİ-nin dağılması ərəfəsində ittifaqa daxil olan respublikalarda, o cümlədən Moldovada və Azərbaycanda baş qaldıran separatçı münaqişələrdə Moskvanın əli olub. Sonradan bu münaqişələr “donduruldu” və Rusiya onlardan öz maraqları üçün istifadə etməyə başladı. Dnestryanı münaqişəsindən Moldovanın Avropa İttifaqına və NATO-ya daxil olmasını əngəlləmək, bu ölkəni Moskvadan asılı saxlamaq, Dağlıq Qarabağ münaqişəsindən isə Ermənistan və Azərbaycana təsir rıçaqları kimi istifadə edərək Cənubi Qafqaz regionu üzərində hakim mövqeyini qoruyub saxlamaq üçün istifadə olundu.

***

Digər iki separatçı münaqişə-Cənubi Osetiya və Abxaziya münaqişələri barədə də analoji vəziyyət hökm sürürdü. 2008-ci ildə Rusiya bu iki münaqişənin “donunu açdı” - Gürcüstana qarşı müharibəyə başlayıb onları faktiki işğal etdi və “müstəqilliklərini” tanıdı. Rusiyanın Cənubi Osetiya və Abxaziya münaqişələrini bu cür “həll etməsi” Moskvanın Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinə dair hansı siyasəti yeridəcəyinə dair sualları gündəmə gətirdi. 2008-ci ilin payızında Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aktiv vasitəçilik təşəbbüsü başlatdı və prezident Dmitri Medvedyev Azərbaycan və Ermənistan rəhbərlərini Moskvanın Mayndroff qəsrində bir araya gətirib onların danışıqlar prosesi ərzində ilk dəfə birgə sənədə imza atmasına nail oldu. Bu sənəd ümumi məzmunlu olsa da, nizamlama prosesində mühüm hadisə hesab edilmişdi. Orada göstərilirdi ki, Dağlıq Qarabağ münaqişəsi ancaq danışıqlar yoluyla, beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə həll edilməlidir. Lakin Mevedyevin vasitəçiliyi ilə o vaxtdan etibarən 3 il ərzində baş tutan çoxsaylı üçtərəfli danışıqlardan heç bir nəticə əldə olunmadı-Medvedyev missiyası bu ilin yanvarında Soçi görüşü ilə yekunlaşdı. Səbəb isə sadə idi-Rusiya münaqişənin ədalətli həllinə nail olmaq üçün Ermənistana təsir göstərmək fikrində deyildi və Azərbaycan üçün təslimçi hesab ediləcək sülh təkliflərini qəbul etdirməyə çalışırdı.

***

Doğrudur, Dnestryanı münaqişə ilə Dağlıq Qarabağ münaqişəsi arasında bənzərliklər azdır. Dnestryanı münaqişəsinə nisbətən Dağlıq Qarabağ münaqişəsi daha ağır nəticələrə səbəb olub-Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyona yaxın insan öz evlərini tərk etməli olub, Ermənistan azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə və soyqırım həyata keçirib. Bununla belə, hər iki münaqişənin həllinin böyük ölçüdə Moskvadan asılı olduğunu əksəriyyət qəbul edir. Yəqin ki, Rusiyanın dəstəyi olmasaydı nə Dnestryanı bölgə , nə Dağlıq Qarabağ “müstəqil respublika” kimi qala bilərdi. Ancaq indi Rusiyanın siyasəti dəyişir: Moskva Moldovanın NATO-ya üzv olmaması və digər şərtlər əvəzində Dnestryanı bölgəni onun tərkibinə qaytarmağa hazırdır. Ona görə də belə sual meydana çıxa bilər ki, Rusiya Azərbaycana da analoji şərtlər təklif etməklə Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini təmin edə bilərmi?

***

Qarabağa dair danışıqlar prosesini izləyən yerli və xarici müşahidəçilərə görə Rusiyanın öz maraqlarının olduğu şübhəsizdir. Məsələn, Rusiya münaqişənin həllini təmin edərək əvəzində öz qoşunlarını Qarabağda sülhməramlılar adı altında yerləşdirmək, Bakının NATO-ya və Avropa İttifaqına inteqrasiyadan imtina etməsinə nail olmaq, enerji məsələsində öz maraqlarını həyata keçirmək istərdi. Ancaq Azərbaycan bu cür şərtləri qəbul etsə Rusiyanın Qarabağı onun tərkibinə qaytaracağına təminat əldə edə bilərdimi? Ekspertlərə görə, bu qeyri-müəyyən və şübhəli məsələdir. Rusiyanın Qafqaz siyasəti daha mürəkkəb və məkrlidir. Məsələ Rusiyanın Azərbaycandan istədiyi güzəştləri alaraq Qarabağı onun tərkibinə geri qaytaracağı qədər sadə deyil. Bununla belə, Moskvanın Dnestryanı bölgəyə dair mövqeyində baş verən dəyişiklik onun Qarabağ münaqişəsində status-kvonu saxlamaq üzərində qurulmuş siyasətinin də dəyişə biləcəyinə zəif ümidlər yarada bilər.

***

Qeyd edək ki, 2004-cü ildə Rusiya prezidentinin administrasiyasının o vaxtkı rəhbəri Dmitri Kozak tərəfindən Dnestryanı münaqişəyə dair hazırlanmış sülh planı model kimi MDB-nin Astana sammitində Azərbaycan və Ermənistan prezidentlərinə də təqdim olunmuşdu. Həmin planının əsasında dayanan, separatçı bölgənin yekun statusunu müəyyən edəcək referendumun keçirilməsi prinsipi sonradan Qarabağa dair danışıqlarda masa üzərində qalmaqda davam etdi. “Kozak planı” adlanan həmin sülh planının modeli əsasında Minsk Qrupu həmsədrləri “Madrid prinsipləri” adı alan sülh təklifləri işləyib hazırladılar. Həmin prinsiplər əsasında aparılan danışıqlardan isə heç bir nəticə əldə edilmədi. Moldovanın keçmiş kommunist rəhbəri Vladimir Voronin isə “Kozak planı”nı qəbul etməyə yaxın idi. Lakin danışıqlar 2006-cı ilin fevralında Moldovada plana qarşı etirazların başlamasından sonra dayandı, Voronin Dnestryanı bölgə rəhbərliyinin qeyri-konstruktiv mövqe tutduğunu bəyan edərək danışıqları tərk etdi. O vaxtdan faktiki olaraq danışıqlar prosesi getmir. “Kozak planı”nda Moldovanın ərazi bütövlüyü prinsipi şübhə altına alınırdısa, indi Moskvanın mövqeyi birmənalıdır və Dnestryanı bölgənin Moldovanın tərkibinə qayıtmalı olduğunu nəzərdə tutur. Başqa sözlə, maraqların dəyişməsi 20 ildir “dondurulmuş” münaqişəyə dair mövqelərin də dəyişməsinə səbəb olur...

Ən sonda

Azərbaycanın işğal altında olan Ağdam və Füzuli rayonları istiqamətində erməni hərbi qüvvələri nəzarətdə saxladığı bir neçə kəndi boşaldıb. Buna səbəb kimi İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında qarşıdurmanın kulminasiya həddinə çatması göstərilir. Modern.az saytına cəbhə bölgəsində yerləşən kəndlərdən verilən məlumata görə, bir neçə gündür ki, adıçəkilən rayonlarda işğal olunmuş Azərbaycan kəndlərində davamlı atışmalar olub.
Bu atışmaların ardınca isə kəndlərin boşaldıldığı qeyd edilir. Sakinlər bir neçə dəfə sərbəst şəkildə boşaldılmış kəndlərə də gedə biliblər. Həmin kəndlər Azərbaycan ordusunun nəzarəti altına keçib.
Saytın digər məlumatına görə, Xankəndində keçirilən qondarma seçkilərdə Qarabağ erməniləri yer ala bilməyib. Buna etiraz edən Sergey Manukyanı Ermənistan rəhbərliyi həbs etdirib. Bu xəbər Manukyanın oğluna (onun adını dəqiqləşdirmək mümkün olmadı) çatıb. Məlumatlara görə, o, atasının dərhal azad olunmasını tələb edib. Nəticədə onu da həbs etmək istəyiblər. Manukyanın oğlu Ağdam, Füzuli istiqamətində Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşən hərbi hissələrdən birində yüksək post tutur.
Bundan sonra Manukyanın oğlu tabeçiliyində olan hərbi qüvvələri Azərbaycanın işğal edilmiş kəndlərindən geri çəkməyə başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR