İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ müharibəsində itkilər dəqiqləşdirilir

6413 19.04.2013 09:46 KİVDF layihələri A A
Siyahıda yalnız hərbi xidmət zamanı və döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin adları yer alır. Həmçinin şəhidin hansı şəraitdə və harada həlak olması da qeyd edilib. Mülki şəhidlər siyahıya daxil deyil. Saytda “Şəhidlərimiz” bölməsində yer alan siyahı Azərbaycanın rayonları üzrə bölünüb. Belə ki, hər rayon üzrə Qarabağ müharibəsində şəhid olanların ad-familiyaları ayrıca yer alır. Məlumatların mənbəyi müvafiq rayon hərbi səfərbərlik idarələrinin arxivləridir. Siyahı tamamlansa, Azərbaycanın döyüş əməliyyatlarındakı itkiləri barədə dəqiq məlumat əldə etmək mümkün olacaq.
Qarabağda müharibənin rəsmən başa çatmasından və atəşkəsin əldə edilməsindən 20 ilə yaxın vaxt keçsə də tərəflərin itkiləri barədə dəqiq məlumatlar hələ də yoxdur. Bu baxımdan siyahının hazırlanmasını gec də olsa düzgün istiqamətdə atılmış addım saymaq olardı. Rəsmi olmayan məlumatlara görə, Azərbaycan ermənilərin başlatdığı işğalçı müharibə nəticəsində atəşkəsə qədər 30 minə yaxın insan itirib. Bura həm hərbçilər, həm mülki şəxslər daxildir. Lakin bəzi mənbələrə görə, bu rəqəm daha çoxdur. Erməni tərəfi müharibədə 10 minə yaxın insan itirdiyini bildirir. Bunlar əsasən hərbçilərdir.
Müharibə Azərbaycan ərazilərində və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan yaşayış məntəqələrində getdiyindən Azərbaycan tərəfinin itkilərində mülki şəxslərin sayının erməni tərəfi ilə müqayisədə qat-qat çox olduğu təxmin edilir. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Belə ki, həmin dövrlərdə hər iki tərəfdə itkilər artıb. O cümlədən erməni qüvvələrinin Xocalı və digər yaşayış məntəqələrində həyata keçirdiyi qətliamlar nəticəsində mülki azərbaycanlı əhali arasında kütləvi itkilər baş verib. Erməni qüvvələrinin əsas itkiləri isə Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınmışdı. Həmin vaxt Ermənistan Qarabağa əlavə canlı qüvvə göndərməkdə çətinlik çəkirdi. Həmçinin erməni tərəfi etiraf edir ki, 1994-cü ilin yazında, atəşkəs razılaşmasının imzalanması ərəfəsində onların itkiləri qat-qat artıb. Bir neçə ay ərzində Ermənistan ordusu bütün Qarabağ müharibəsində verdiyi itkilər qədər itki verməli olub.
Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib. Bu əməliyyatlarda buraxılmış səhvlər üzündən minlərlə əsgərin həlak olduğu haqda məlumatlar var. Onların bir çoxu donvurmadan həlak olmuşdu.
Lakin itkilər təkcə müharibə illəri ilə yekunlaşmayıb. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, tərəflər faktiki olaraq mövqe döyüşlərini dayandırmayıblar. Qarabağda, Azərbaycan və Ermənistan qüvvələrinin təmas xətti boyu atəşkəs rejiminin pozulması adi xarakter alıb. Atəşkəs dövründə erməni qüvvələrinin açdıqları atəşlər nəticəsində Azərbaycan ordusunun minlərlə şəhid verdiyi haqda məlumatlar var. Bu məlumatlara görə, 1995-ci ildən bu yana Azərbaycan ordusunun 5 minə yaxın hərbçisini itirdiyi bildirilir. Erməni tərəfi də atəşkəs dövründə minlərlə itki verdiyini gizlətmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR