İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Qarabağ problemini həll edərdi, lakin...”

6297 16.09.2013 09:48 KİVDF layihələri A A
Moskvadakı Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev vesti.az-a açıqlamasında belə deyib. Onun fikrincə, Ermənistan üçün Qarabağ məsələsi böyük yükdür: “Rusiya status-kvonun qarantıdır. Ermənistanın hazırkı siyasi rəhbərlər nəsli ölkənin Rusiyayönlü oriyentasiyasını təmin edəcək. Sonra nə olacaq - bu, bir sıra faktorlardan asılıdır. Ermənistan üçün imkanlar dəhlizi dardır. Məhdudlaşdırıcı amillərdən biri isə Azərbaycanla münasibətlərdir”.
Ekspertə görə, Ermənistanı Rusiyadan yalnız rəsmi İrəvanın və rəsmi Bakının danışıqlar stolu arxasında kompromis axtarmağa hazır olması qopara bilər: “Ya da Azərbaycanın prinsipcə Qarabağ məsələsini güc yolu ilə həll eləməsi. Ancaq Bakı axı buna getməyəcək. Təbii ki, Ermənistanın Gömrük İttifaqına qoşulması və postsovet məkanında inteqrasiya proseslərində iştirakı İrəvandan ötrü Qarabağ probleminin önəminin Rusiya tərəfindən daha yaxşı dərkini ehtiva edir. Rusiya Ermənistanı satmaz”.
Öz növbəsində tarixçi ekspert, “İran News”un siyasi icmalçısı Anton Yevstratov hesab edir ki, əgər iqtisadi aspektlər götürülərsə, balaca, zəif və Rusiyadan asılı Ermənistanın Gömrük İttifaqına girməsinin Moskvadan ötrü plyusları çətin ki, çox olsun: “Ola bilsin Rusiyanın bu Cənubi Qafqaz ölkəsinə dəstəyi bir qədər asanlaşsın, lakin bu, daha çox Ermənistan üçün əhəmiyyət kəsb edir. Avropa ilə sağlam, bərabərhüquqlu və sivil iqtisadi-ticari münasibətlərə İrəvan görünür hazır deyil, bu da onun seçiminin Rusiyanın yaratdığı Gömrük İttifaqının xeyrinə etməsinə gətirdi. Təbii ki, Gömrük İttifaqı Rusiyadan daha çox Ermənistana sərfəlidir. Çünki xeyli dərəcədə Ermənistan iqtisadiyyatının mövcudluq qarantıdır. Ancaq Moskva əldə edilən anlaşmanın siyasi nəticələrini də nəzərində saxlayır”.
Onun sözlərinə görə, ola bilsin Ermənistanın Gömrük İttifaqına qoşulması Kremlin Qarabağ siyasətinə təsir edəcək: “Ancaq aydındır ki, Qarabağın və regionun problemləri bütövlükdə Rusiyanın iqtisadi qazancları və Kremlin İrəvanla münasibətləri ilə qurtarmır”.
Ukraynalı politoloq, “Ukrayna siyasəti” Fondunun layihələr rəhbəri Aleksey Voronenko isə əmindir ki, Ermənistanın Gömrük İttifaqına qoşulmasından Rusiya Federasiyası udub: “İlk baxışda Gömrük İttifaqının böyüməsi təəssüratı yaranır, əslində isə bu, heç kimi təəccübləndirmir. Ermənistan öz geosiyasi ambisiyalarından imtina edib və Moskvanın satelliti kimi çıxış edir. Onun Gömrük İttifaqına qoşulması zaman məsələsi idi. Qarşılığında İrəvan təbii ki, Moskvadan Qarabağla bağlı addımlar, ələlxüsus Azərbaycanın regionda artan gücünə imkan verməməsini gözləyir. Və istəyir ki, hətta Qarabağın bir hissəsi belə Azərbaycanın nəzarətinə keçməsin. Qazaxıstanın Gömrük İttifaqından çıxması fonunda Ermənistanam qəbulu lap yerinə düşdü. Lakin düşünürəm ki, İrəvan bu birlikdə ciddi nəyəsə ümid edə bilməz”.
Ekspert hesab edir ki, Qarabağ məsələsində son söz təkcə Rusiyaya deyil, dünya birliyinə - Avropa İttifaqı və ABŞ-a məxsusdur. “Rusiya Dağlıq Qarabağ problemini həll edə bilər, lakin Ermənistanın yox, öz xeyrinə. İnanın, Gömrük İttifaqı Ermənistana xoş heç nə vəd eləmir”, - deyə o, fikrini tamamlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR