İnsanlara hürriyət, millətlərə istiqlal!

Kinoya ayrılan vəsaitin azaldılması təklifi ciddi etiraz doğurdu

1191 01.06.2022 09:20 KİVDF layihələri A A

Ayaz Salayev: “Bəzi savadsızlar kinoya ”mütrüflük" kimi yanaşır”

Ötən həftə Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət tərəfindən kinoya ayrılan vəsaitin yarıbayarı azaldılmasını təklif edib:  “Biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”.

Qeyd edək ki, həmin gün müzakirələr zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Bu vəsaitin artırılmasını vacib sayan deputatın sözlərinə görə, büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar.

Azərbaycan kinosunun indiki vəziyyətində kinoya vəsaitin yarıbayarı azaldılması təklifi kinoçular tərəfindən böyük etirazla qarşılanıb.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor, kinoşünas Ayaz Salayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Deyə bilərəm ki, o adamlar ki, təkcə kino deyil, hansısa mədəniyyət sahəsinə yardımın göstərilməməsi, pulun kəsilməsi haqda danışırsa, demək ki, onlar mədəniyyət və sivilizasiya aləmindən kənar yaşayan, mövcud olan, formalaşan, püxtələşən, fəaliyyət göstərən adamlardır.  İkincisi, söhbət puldan getmir, ümumiyyətlə, kinoya qayğı göstərilməli, bu sahədə kadrlar yetişdirilməlidir. Kinomuz bu gün xalqımıza borcludur. Bu baxımdan mədəniyyətimiz, incəsənətimiz bu dövrə, mərhələyə uyğun olmalıdır. Əlbəttə ki, pul lazımdır. Lakin ilk növbədə qayğı lazımdır ki, kino inkişaf etsin. Kinoya ciddi yanaşılmalıdır.  Bəzən görürsən ki, bəzi savadsızlar kinoya, incəsənətə bir ”mütrüflük" kimi yanaşır. Artıq kinomuz özünü doğrultmalıdır. Kino güzgüdür. İnsanın evində güzgü olmayanda o, hansı şəkildə olduğunu necə görə bilər? Ona görə də kinoya güzgü kimi baxıb, özümüzü dərk etməliyik. Deyirlər ki, “gəl, kinonun pulunu yarıbayarı kəsək”. Bu cür fikirlər boş şeylər, “demaqoqiya”dır, onlar nə dediklərini qanmır.

Bir daha qeyd edirəm ki, kinonu ciddi bir sahə hesab etmək lazımdır. Müharibə on ildə, yüz ildə bir dəfə olur. Bəs başqa sahələr? Axı başqa sahələrdə də qələbə çalmalıyıq. Bəzən deyirlər ki, festivallarda uğur qazanılır və sairə. Nə maddi gəlir, nə də festival uğuru ölçü olmamalıdır. İndi festival uğuru özünü doğrultmur.

Artıq deməkdən yorulmuşam - kinoya milli mədəniyyətin bir hissəsi kimi yanaşmaq lazımdır! Ancaq çox təəssüf ki, bu sözlər beyinlərə girmir. Axı biz millət, xalqıq, ibtidai tayfa deyilik! Özünə hörmət qazanmış xalqın incəsənəti, mədəniyyəti olmalıdır, amma bunu başa düşmürlər".

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor-aktyor Elxan Cəfərov isə qeyd etdi: “Əlbəttə ki, bir kino işçisi olaraq səsləndirilən həmin fikirlərin əleyhinəyəm. Onsuz da kinoya ayrılan maliyyə böyük vəsait sayılmır. Bəlkə də bu vəsait başqa sahə üçün böyük görünə bilər, amma kino üçün kiçikdir. Biz bu gün həm kino çəkmək, həm dünya kino festivallarına çıxmaq, həm də gənc kadrlar yetişdirmək istəyirik. 6 milyon bunun üçün dəfələrlə azdır. Bu gün kinomuzun inkişafı üçün bir neçə vacib şərt var. Biri müntəzəm maliyyədir. Burada böyük-kiçik maliyyə fərq etmir, əsas odur ki, dövlət tərəfindən müntəzəm maliyyə dəstəyi olsun. Bizim kino o qədər gözəl vəziyyətdə deyil ki, onun maliyyəsini azaldaq. 2015-ci ilə qədər müntəzəm maliyyə ayrılırdı. 2015-ci ildən bu yana maliyyə ayrılmasında müəyyən azalmalar baş verdi. Bu, kinonun inkişafına çətinlik yaradır. İncəsənət-kino dövlətin ideoloji istiqamətinin dəstəkçisidir və buna görə də onun müntəzəm dəstəyə ehtiyacı var. Bu gün istedadların, 30-50 il sonra Azərbaycanın simasına çevriləcək kinoçuların yetişdirilən dövrüdür.

Bir daha qeyd edirəm ki, kinoya heç 6 milyon bəs etmir. Kino böyük pullar tələb edir, inkişaf üçün daha böyük vəsaitə ehtiyac var. Beləliklə, bu gün Azərbaycan kinosuna verilən böyük olmayan məbləğ, hər halda, öz köməyini göstərir. Onu kəsmək böyük səhv olardı.

Daha bir məsələ, elə düşünülməsin ki,  kinoya vəsait ayrıldı vəssalam, sabah biz qələbə haqqında möhtəşəm film çəkəcəyik. Bu, səhv fikirdir. Hər şey maliyyədən asılı deyil. Maliyyə, sadəcə, Azərbaycan kinosunun sabahı üçün xərclənən vəsaitdir. Əlbəttə ki, kino olan yerdə səhvlər olacaq və bu səhvləri danmaq olmaz. Ən vacibi odur ki, kino sahəsinə gələn insanın kino istehsalatından anlayışı olsun".

Xalidə GƏRAY

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR