İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kərbəla hadisələri Vətən, haqq-ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır”

2142 12.08.2022 09:50 KİVDF layihələri A A

Hər il olduğu kimi, bu il də Məhərrəm ayı başlar-başlamaz müəyyən qrup əks təbliğat aparıb, insanların illərlə qoruyub saxladığı dini dəyərləri aşağılamağa çalışır. Avqustun 8-də isə Aşura mərasiminə qatılan inanclı insanların məsxərəyə qoyulması narazılığa səbəb olub. Əsasən, sosial şəbəkələrdə müzakirəyə çıxarılan bu mövzu ətrafında günlərdir mübahisələr bitmir. Görünən isə odur ki, əksər vaxtlarda dindarlardan tolerantlıq, dözümlülük tələb edənlərin indi özləri dözümsüzlük nümayiş etdirir.

Tanınmış hərbi analitik Alp Arslan İmamqulu bu cür davranış nümayiş etdirənlərə elə öz sosial şəbəkə hesabından səslənib: “Media əməkdaşları, xahiş edirəm dini məsələlərdə diqqətli olaq. Dərindən bilmədiyimiz mövzulara girməyək. Din həssasdır. Bu günlərində çox daha diqqətli olmalıyıq. İslam dini bütün bəşəriyyət üçün vardır. Allahın uca məqamından enən müqəddəs ”Qurani-Kərim" isə sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd, onun əziz Əhli-Beyti və ali İmamət məqamının nuru ilə doğru yol olaraq bizlərə çatdırılıb. Vətənini, millətini, dövlətini sevmək və uğrunda savaşmaq İslamın əsası olan imandandır.

Hərbi ekspert "RUS" sözünə görə adını dəyişmək qərarına gəldi - Ruslan idi, ALP  ARSLAN olacaq Vaxtmedia.az

Alp Arslan İmamqulu: “Vətənini, millətini, dövlətini sevmək, uğrunda savaşmaq İslamın əsası olan imandandır”

Məhz ona görədir ki, bu uğurda canından keçənlərə dinimizin dili ilə Allahın 99 adından biri olan Şəhid (daima diri olan deməkdir) adı verilir. Şəhadətə and içənlər üçün isə ən doğru nümunə şəhidlik məqamının şahı Həzrəti Hüseyndir. Məhərrəm ayının 10-cu günündə əziz şəhidimiz Həzrəti Hüseyn və cəmi şəhidlərimizi ehtiramla anırıq. Allahın lənəti Yezid və onun yolunu gedənlərin üzərinə olsun. Allaha, “Qurani-Kərim”ə, Peyğəmbərimizə və Əhli-Beytinə murdar dillərini uzadanlar, insanların haqqına girənlər, günah əməllərini utanmadan yarışırmış kimi bəyan edənlər, rüşvəti bərəkət görənlər və pis əməllərini yaltaqlıqla ört-basdır edənlər mütləqdir ki, bu dəstədəndirlər".

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

Ceyhun Məmmədov: “Kərbəla hadisələrinə təkcə tarixi konteksdən yox, həm də şəhidlik məktəbi kimi baxmalıyıq”

Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı fikir bildirib. O, “Aşura hadisələrinə necə yanaşmalıyıq” sualına belə cavab verib: “Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğı hər zaman yüksək olub. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra  Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsi, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin tərkib hissəsinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı. Qısa müddətdə Azərbaycanda dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu. Sonrakı dövrdə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev dini dəyərlərimizə yüksək diqqət və qayğı göstərir. Ölkəmizdə məscidlərin, dini ibadət yerlərinin və ziyarətgahların bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atır.

Bu gün dünyada Azərbaycanın dövlət-din münasibətləri təqdir olunur, nümunəvi model kimi təqdim olunur. Bu gün Azərbaycanda dini etiqad azadlığı üçün hər cür şərait yaradılıb. Hər il ölkəmizdə bütün dini mərasimlər, o cümlədən Məhərrəmlik mərasimləri yüksək səviyyədə qeyd olunur. Qeyd etmək lazımdır ki, Aşura İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər, haqq və ədalət uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir.

Heç şübhəsiz ki, İslam peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi Həzrət Hüseynin övladları və yaxınları ilə birlikdə şəhid olması İslam tarixində dərin iz buraxıb. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində həm də şəhidlik salnaməsidir. Hər il Aşura mərasimləri ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bu anım mərasimləri və əzadarlıqla yanaşı, qanvermə aksiyaları da keçirilir. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən hesab olunur. Bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd olunur. Amma Azərbaycan bununla bağlı nümunəvi modelini ortaya qoyaraq qanvermə aksiyası ilə bu aksiyalara öz töhfəsini verib. Yəni insanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər.

Onu da qeyd etmək lazımdır ki, İmam Hüseynin mübarizəsi haqq və ədalətin bərpası, vətənə, torpağa sədaqətin nümunəsi idi. Burada bizim çıxaracağımız bir çox dərslər var. Bu hadisələr Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Bu gün hər birimiz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Heç şübhəsiz ki, Azərbaycanın qəhrəman oğulları 44 günlük müharibədə bu prinsiplərə sadiqlik nümayiş etdirərək vətən torpaqlarını göz-bəbəkləri kimi qorudular, onun yolunda canlarından keçdilər, yeni qəhrəmanlıq salnaməsi yazdılar".

Deputat hesab edir ki, bu baxımdan Kərbəla hadisələrinə təkcə tarixi konteksdən deyil, həm də şəhidlik məktəbi kimi baxmalıyıq: “Bu prinsip və dəyərlərə sadiqliyimizi daha çox xeyir və savab əməllərlə ifadə etməli, şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıyıq. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu qələbəsini təmin etdi. Bu qələbənin daimi və əbədi olması üçün hər birimiz səylə çalışmalıyıq”.

 Afaq MİRAYİQ,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR