İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlərin əmək stajı necə hesablanmalıdır - bir şikayətin izi ilə

1228 14.02.2023 08:12 Media A A

Telejurnalist Aytən Səfərovanın başına qəribə iş gəlib. Həmkarımız bildirir ki, 1996-cı ildən jurnalistikada olsa da, Medianın İnkişafı Agentliyinin (MEDİA) internet saytında ona cəmi 6 il iş stajı göstərilib. Halbuki onun bütün əmək fəaliyyəti “Əmək kitabçası”nda rəsmən təsdiqlənib:

“Medianın İnkişaf Agentliyinin internet saytına rəsmi qeydiyyatdan keçmək üçün daxil oldum. Müxtəlif xanaları doldurdum, iş təcrübəsinə gələndə... Orada təcrübə hesablanır. Təsəvvür edin ki,1996-cı ildən televiziya-radio sahəsində çalışan, fəaliyyəti əmək kitabçasında təsdiqlənən jurnalistəm. Görürəm ki, mənim hesablanmış stajım 6 il bir aydır. Bunu kim, necə hesablayıb? Apreldə 27 ilim tamam olacaq. Bu illərdən maksimum 5-i VÖEN-ə getsin. Çünki bir çox həmkarım da təsdiqlədi ki, bizi məcburən VÖEN-ə keçirmişdilər. Sonra yenidən qaytardılar. Mənim təcrübəm necə hesablanıb? Sənədim, sübutum əmək kitabçamdır. Ondan əlavə sübutum isə 27 il ərzində insanların gözü qarşısında olmuşam. Bu necə olacaq? Əksər media nümayəndəsi narazıdır ki, iş təcrübəsi niyə az hesablanıb? Öz adıma deyirəm. Bu qədər problemlə inanmıram təqaüd yaşına çatacağıq. Pensiya kapitalı da hesablansın. Amma insaf da dinin yarısıdır. Bunu necə edək? Kim açıqlama verəcək? Hesablamaların başında kim oturub? Bəlkə 3-cü qrupdan humanitar fənlər biləni gətirib riyazi hesablamaların başına qoyublar. Ümidvaram ki, bu məsələyə aydınlıq gətiriləcək. Mənim kimi nə qədər həmkarım da eyni halla rastlaşıb”.

(Ətraflı bu linkdə:

https://www.facebook.com/Median.Azxeber/videos/1869062546779839/?extid=NS-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=2Rb1fB&ref=sharing).

“Yeni Müsavat” Media Qrupun baş direktoru Ələsgər Süleymanov sözügedən məsələlərlə bağlı narahatlığın olduğunu təsdiq etsə də, bildirdi ki, çıxış yolu var:

“2006-cı ildə elektron bazaların yaradılması prosesi başladı. Buna görə də həmin ilə qədər olan məlumatların əksəriyyəti bazada yoxdur. Bu, texniki məsələdir, məlumatları sonradan əlavə etmək mümkündür.  Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bazasının Media Reyestrinin bazasına inteqrasiyasında problem var: bəzi məlumatlar ya daxil olunmur, ya da tam qeyd olunmur. Bu problemləri də həll etmək mümkündür. Bunun üçün əmək kitabçasının və ali təhsil haqqında diplomun surətini Notariusda təsdiqlədib, Medianın İnkişafı Agentliyinə təqdim etmək lazımdır”.

Ağdam kimi Adam: Ələsgər Süleymanov 50 yaşına vardı – VİDEO – Medianews

Ələsgər Süleymanov: “Media sahəsində aparılması labüd olan ən vacib islahat güzəştlərin tətbiq edilməsidir”

Ə.Süleymanov media nümayəndələrinin VÖEN hesabı ilə çalışdığı dövrdə iş stajının hesablanmaması ilə bağlı məqama da aydınlıq gətirdi: “Mülki müqavilə ilə çalışma dövrü iş stajına əlavə olunmur. Media sektorunda bu, ikitərəfli razılaşma əsasında qonorar müqabilində çalışmaq deməkdir. Bu zaman əməkdaş vergi ödəyicisi kimi qeydiyyatdan keçir. Bütün vergi və sosial ödənişlərin məsuliyyəti onun öz üzərinə düşür. Bir sıra media subyektləri sosial ödənişləri ödəmək baxımından sıxıntı yaşadıqları üçün buna məcbur oldular və yaxud da əmək müqaviləsində maaş minimum əmək haqqı məbləğində göstərilir ki, bu da əməkdaşın iş stajına təsir etsə də, gələcəkdə onun pensiyasının aşağı səviyyədə olmasına səbəb olacaq. Əksər hallarda əməkdaşlar özləri gələcəkdə pensiya miqdarını düşünməkdənsə, bu gün maaşlarından tutulmaların az olmasını tərcih edirlər.

Media subyektləri üçün güzəştlərin tətbiq olunması məsələsi müzakirə olunanda dəfələrlə bu istiqamətdə təkliflər vermişəm. Media sahəsində aparılması labüd olan ən vacib islahat budur.  Bu güzəştin tətbiq edilməsi üçün o qədər yüksək məbləğ tələb olunmur, çünki ölkəmizdə media subyektinin və onun əməkdaşlarının sayı çox deyil. Bu təklif müsbət dəyərləndirilərsə, əmək müqaviləsində əmək haqqının miqdarı reallığa uyğun göstəriləcək və bu, gələcəkdə normal əmək pensiyasının təyin edilməsini təmin edəcək. Digər bir yandan, Media Reyestrinə daxil edilmiş subyektlərin əməkdaşlarının sosial və maddi rifahı yaxşılaşacaq. Onların ipoteka və digər kredit alətlərindən səmərəli istifadəsi mümkün olacaq. Bu məsələ uzun zamandır müzakirə olunur. Medianın gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilməsi ilə bağlı təklif səslənir. Əgər sosial müdafiə ödənişlərinin dövlət hesabına bağlanması tətbiq edilsə, digər güzəştlərə ehtiyac olmayacaq, çünki bu gün medianın o qədər də böyük gəliri yoxdur. Mənfəət isə müqavilədə göstərilən  əmək haqqından qalan  hissənin hesabına yaranır".

Müşfiq Ələsgərli: "Ölkəmizin əldə edəcəyi dividentlər heçə endirilir"

Müşfiq Ələsgərli: “Rəsmiləşdirmə aparılmadığı üçün jurnalistlərin haqlarını qoruya bilmirdik”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iş stajının düzgün hesablanmaması ilə bağlı onlarla müraciət var. M. Ələsgərli qeyd etdi ki, araşdırma nəticəsində problemin Media Reyestrindən qaynaqlanmadığı bəlli olub: “Media Reyestrində qeydiyyatdan keçmə prosesi, sadəcə, çoxdan mövcud olan problemi aşkara çıxarıb. Əgər qeydiyyat üçün tələb olmasa idi, yaxud redaksiyada əmək mübahisəsi olmasa idi, bu aşkara çıxmazdı, nəticədə media nümayəndəsi yalnız pensiya yaşına çatanda problemlə üz-üzə qala bilərdi. Məlumat üçün bildirim ki, Jurnalistlərin Həmkarlar İttifaqı tərəfindən 2002-ci ildən başlayaraq jurnalistlərin sosial-iqtisadi, əmək məsələləri ilə bağlı illik monitorinq aparılır, hesabat hazırlanır. İllər öncə də pensiya yaşına çatmış bəzi jurnalistlərə ya pensiya təyin olunmurdu, ya da aşağı məbləğ təyin olunurdu. Uzun illər çalışmasına baxmayaraq əmək münasibətləri rəsmiləşdirilməyən jurnalistlər var idi. Həmin dövrdə bəzi media subyektləri yaradılmışdi, jurnalistlərə yüksək maaşlı iş vəd edilsə də, əmək müqaviləsi imzalanmırdı. Sonradan həmin media subyektləri ya özünü müflis elan edirdi, ya da başqa fəaliyyətlə məşğul olmağa başlayırdılar, nəticədə jurnalistlər işsiz qalırdı. Biz isə jurnalistlərin haqlarını qoruya bilmirdik, çünki rəsmiləşdirmə aparılmayıb. Əmək münasibətləri sahəsində aparılan islahatlar nəticəsində müəyyən irəliləyişə nail olunub. Əgər əvvəl işçilərin təxminən 30 faizi ilə müqavilə imzalanırdısa, hazırda bu rəqəm 70-80 faizdir. İşçilərin digər 20 faiz qismi ilə isə əmək müqaviləsi imzalanmır. Bu rəqəm hər redaksiyada fərqlidir”.

M.Ələsgərli xidməti müqavilə bağlanması ilə bağlı məqama diqqət çəkərək qeyd etdi ki, bu növ müqavilə işçi hüququ yaratmır: “Bir çox məqamları-məzuniyyət, istirahət və s. nəzərə alaraq, işçilərin əmək müqaviləsi ilə çalışmağa diqqət etməsini tövsiyə edirik. Bəzən isə işçilərlə qısamüddətli müqavilə imzalanır. Bu isə Əmək Məcəlləsinə ziddir. Qısamüddətli müqavilə layihə üçün bağlana bilər. Əmək Məcəlləsində dəqiq göstərilib ki, daimi iş yeri sayılan yerlərdə qısamüddətli müqavilə bağlana bilməz. Bu problem uzun illərdir mövcuddur. Təəssüf ki, 21 ildir bu problemin qabardılmasına baxmayaraq,  jurnalistlərin əksəriyyəti buna biganə yanaşır. Bu baxımdan, Media Reyestrinin tələbi ilə yenidən problemin fərqinə varıldı. Bundan sonra artıq problemin üstünə getmək lazımdır. Bütün işçilər əmək müqaviləsinin imzalanmasını tələb etməlidirlər. Qeyd edim ki, müxtəlif növ müqavilələrlə çalışmış insanların iş hüquqlarının elektron sistemdə görünməsi ilə bağlı aparılan araşdırmanın nəticələri yaxın zamanda təqdim olunacaq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR