İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlərə mane olanların cəzalandırılma mexanizmi: Prezident qanunu təsdiqlədi, nə dəyişəcək...

952 27.04.2023 11:28 Media A A

Azərbaycanda jurnalistika ilə məşğul olanlar zaman-zaman müxtəlif şəxslərin - məmurların, qurumların, bəzi hallarda sıravi vətəndaşların qanunsuz müdaxilələri, təzyiqlər, təhqirləri ilə üzləşiblər. Düzdür, əksər hallarda bu məsələ ictimailəşdikdə onlar cəzalandırılıb.

Bir müddət öncə İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif olunmuşdu.

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, dəyişikliyə əsasən, ölkədə jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.

Belə ki, yeni sənədlə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Ələsgər Məmmədli Milli Məclisə dəvət olunub – "Media haqqında" qanun  müzakirə olunacaq

Ələsgər Məmmədli: “İnzibati Xətalar Məcəlləsində dəyişiklik qanunvericiliklə nəzərdə tutulmayan halları ehtiva edir”

Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirdi ki,  İnzibati Xətalar Məcəlləsində dəyişiklik yeni “Media qanunu”nun tətbiqi ilə əlaqədardır. Ə.Məmmədli qeyd etdi ki, sözügedən qanunda bir sıra etik və hüquqi məsələlər öhdəlik kimi qoyulub: “Xüsusilə etik məsələlərə aid öhdəliklər inzibati pozuntu kimi, daha sonra İnzibati Xətalar Məcəlləsinə düşüb. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə bəndi qanunda hər zaman olub. Qeyd edim ki, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə qəsd hədəsi ilə olursa, bu, Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. İnzibati Xətalar Məcəlləsində dəyişiklik qanunvericiliklə nəzərdə tutulmayan halları ehtiva edir. Qanunvericilikdə medianın fəaliyyətinə hansı hallarda müdaxilə edilə biləcəyi, məsələn, dövlət sirri ilə bağlı, fövqəladə vəziyyət, hərbi vəziyyət zamanı və s. hallarda davranış qaydaları aydın şəkildə göstərilib. Əgər ictimai məkanda, mərkəzi küçələrdə, yaxud parklarda jurnalistlərin çəkiliş etməsinə maneçilik törədilirsə, bu, qanunsuz müdaxilə sayılır. Ölkədə fövqəladə hal yoxdursa, hərbi vəziyyət elan edilməyibsə, kütləvi informasiya vasitələri nümayəndələrinin peşə fəaliyyətinə maneə törədilməməlidir. Başqa bir nümunə, əgər tikinti sahəsində bədbəxt hadisə baş veribsə, ölüm varsa, jurnalist təhlükəsizlik qaydalarına riayət edilib-edilmədiyini araşdıra bilər, çünki jurnalist ictimai əhəmiyyət daşıyan məlumatı toplamaq imkanına malikdir. Dəyişiklik özəl sektorda, yaxud dövlət qurumlarında çalışmasından asılı olmayaraq, hüquqi funksiyaları yerinə yetirən şəxslər istisna olmaqla, peşəkar fəaliyyətə qanunsuz müdaxilə edənləri ehtiva edir. O ki qaldı sorğulara, qanunvericiliyə əsasən medianın informasiya əldə etmək hüququ ilə bağlı yaranan problemlərə ombudsman nəzarət edir. Sorğular zamanında cavablanmırsa, sorğuya qəsdən yanlış cavab verilirsə, bu zaman jurnalistlərin ombudsmana müraciət edib, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tətbiq edilməsini tələb etmək hüququ var. Son dəyişiklik İXM-in tətbiqinə dair fərmanla müəyyən olunur. Bu da o deməkdir ki, cərimələyəcək qurum ölkə başçısı tərəfindən müəyyən olunacaq. Bu  məsələ hələ ki açıqdır. Güman edirəm ki, bununla bağlı səlahiyyət yerli məhkəmələrə veriləcək”.  

Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli: “Əksər hallarda şikayət olmadığı üçün pozuntular artır”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, media fəaliyyətinin və informasiya dövriyyəsinin tənzimlənməsi ilə əlaqədar olaraq İXM-ə edilən dəyişiklik çox geniş prinsipləri əhatə edir. Ekspert bir sıra konkret hala diqqət çəkdi: “Dəyişiklikdə media məhsulunun yayılmasına maneə yaratmaq, sorğuya cavab almaqda çətinlik yaratmaq, informasiya almaq istəyən jurnalistin fəaliyyətinə mane olmaq, təqsirsizlik prezumpsiyasını pozmaq və s. maddələr üzrə dəyişikliklər nəzərdə tutulub. Qanunda əksini tapan məsələlər əslində "Jurnalistlərin etik kodeksi"ndə  və “Media haqqında” qanunvericilikdə mövcuddur. Burada diqqət çəkən məqamlardan biri Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın səlahiyyətlərinin artırılmasıdır. Məlumdur ki, hər hansı qayda pozuntusu olduğu halda şikayət üçün müraciət edilməlidir. Əksər hallarda şikayət olmadığı üçün  pozuntular artır. Adıçəkilən hər iki qurumun imkanı var ki, bu cür halları monitorinq etsinlər, nəzarətə götürsünlər, aradan qaldırılması üçün müvafiq tədbirlər görsünlər. Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şura yarandığı gündən kifayət qədər aktiv fəaliyyət göstəriblər. Son dəyişikliklə bağlı öhdəlikləri də layiqincə yerinə yetirəcəklərinə əminəm. Görülən tədbirlər Azərbaycan mediasının inkişafını, qanunvericiliyin tətbiqini, informasiya dövriyyəsi ilə bağlı olan şəxslərin məsuliyyət yükünün artırılmasını stimullaşdıracaq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR