İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistika fakültəsinin dekanı: “Media öz simasını dəyişir”

2046 14.07.2017 16:58 Son xəbər A A

Novator.az saytının suallarını Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu cavablandırıb.

Əliyev Vüqar Zifər oğlu 1978-ci il oktyabrın 12-də Bakıda doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bakalavr, 2001-ci ildə magistr dərəcəsi ilə bitirib. Sonrakı illərdə fakültənin dissertantı və doktorantı olub, beynəlxalq jurnalistika kafedrasında baş laborant, müəllim kimi çalışıb, laboratoriya müdiri işləyib.

Filologiya elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq jurnalistika üzrə dosentdir. Beynəlxalq jurnalistikaya dair bir sıra əsərlərin, tədris vəsaitlərinin müəllifidir.

Vüqar Zifəroğlu bədii yaradıcılıqla da məşğul olur, 2013-cü ildə “Sirr” adlı romanı işıq üzü görüb.

O, 2017-ci ilin may ayından BDU-nun jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edib, iyul ayında dekan seçilib.

BDU-nun jurnalistika fakültəsində təhsil bakalavr və magistratura pillələri üzrə Azərbaycan (əyani və qiyabi) və rus (əyani) dillərində aparılır.

– Vüqar müəllim, əsası 1928-ci ildə qoyulmuş jurnalistika fakültəsinin gənc dekanı kimi hansı planlarınız var? 2017-ci ilin mayından fakültəyə rəhbərlik edirsiniz, yəqin ki, mövcud vəziyyət və görüləsi işlər haqqında müəyyən fikir formalaşıb Sizdə…

– Əslində planlar çoxdur. Təbii ki, bunlar da tələbələrimizin tədrisi və praktik vərdişləri daha yaxşı mənimsəməsini təmin etməklə bağlıdır. Bilirsiniz, bizim ixtisasımız son dərəcə dinamik və çağın tələbləri ilə ayaqlaşmağı tələb edən sahədir. Çalışmalıyıq ki, bu dinamika, yeniliklər tədrisdə də tətbiq edilsin və bundan tələbələrimiz faydalansın. Təbii ki, bunun üçün müxtəlif layihələrə start veriləcək. Biz tələbələrimizi müasir media işçisi olaraq hazırlamalıyıq ki, onlar ciddi rəqabət şəraitində özlərinə layiqli yer tuta bilsinlər. Bu gün mediadan gözləntilər çoxdur. Həmin gözləntilərə cavab verəcək peşəkar jurnalistlərin hazırlanmasına öz qatqımızı saxlamalıyıq. Bunun üçün nə lazımdırsa əvvəllərdə edilib, yenə də ediləcək.

– Hazırda fakültədə neçə tələbə təhsil alır? Bu ilin qəbul planı nə qədərdir?

– Yeni tədris ilində planlaşdırdığımız qəbulla birlikdə saysaq, təqribən 400 nəfərə yaxın tələbə və magistrimiz olacaq. Bizim fakültəyə bakalavr pilləsinə qəbul 1 ixtisas – “Jurnalistika” ixtisası üzrə aparılır, Azərbaycan, rus və ingilis qruplarımız var. Magistratura pilləsində isə 7 ixtisasımız var – “Mətbuat tarixi”, “Publisistik jurnalistika”, “Jurnalistikanın nəzəriyyəsi”, “Beynəlxalq jurnalistika”, “Teleradio jurnalistikası”, “Televiziya və radio yayımları menecmenti”, “Media və kommunikasiya sistemləri”.

Azərbaycan və rus dillərindən başqa məhz bu qəbul ilindən artıq 3 ixtisasda ingilis dilində də qəbul aparıldı. Ümumiyyətlə müasir jurnalistin xarici dilləri bilməsi əhəmiyyətlidir. Bu, informasiya müharibəsinə məruz qalan bir tərəf olaraq bizim üçün xüsusilə əhəmiyyətlidir. Həqiqətlərimizi, Qarabağla bağlı obyektiv yanaşmaları beynəlxalq ictimaiyyətə təqdim etməkdə bu olduqca önəmlidir.

– Media sahəsində jurnalist təhsili olmayanlar da çalışır və bir çoxu uğur qazana bilir. Necə etmək olar ki, bu sferada məhz jurnalistika fakültəsinin yetirmələri söz sahibi olsunlar, kölgədə qalmasınlar?

– Maraqlı sualdır. Əslində, uğur əldə edə bilməməyin də təməl səbəbi məhz jurnalistikanın nəzəri əsaslarını bilməməkdir. Peşəkar jurnalist olmaq yalnız esse yazmağı, fikrini yazılı şəkildə ifadə etməyi bacarmaqla bitmir. Peşəkar jurnalist jurnalistikanın fəlsəfəsini, standartlarını, normalarını bilməlidir ki, öz fəaliyyətini qura bilsin. Jurnalistikada tənzimləmə mexanizmlərindən – istər hüquqi, istər özünütənzimləmə – xəbərdar olmalıdır ki, peşə normalarına əməl etməməyin nəticələrini dərk edə bilsin. Jurnalistikanın ictimai nəzarət funksiyasını anlamalıdır ki, medianın mahiyyətini dərk etsin. Sosial məsuliyyət konsepsiyasından məlumatlı olmalıdır ki, çiynində cəmiyyət, insanlar qarşısında necə ciddi, böyük yük daşıdığından xəbərdar olsun.

Jurnalistika xəbərdən başlayır. Xəbərin nə olduğunu bilməlisən ki, jurnalistikada ilk addımını ata biləsən. Bu səbəbdən nəzəriyyəni bilmək olduqca vacibdir. Lakin jurnalistika praktik vərdişləri sevən bir peşədir. Praktikadan gələn və indi də praktik jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, bunu da xüsusilə vurğulamağı özümə borc bilirəm. Düşünürəm ki, bizim tələbələrin çətinliklə özlərinə yer tutmalarının önəmli səbəblərindən biri məhz bu praktik vərdişlərin zəif olması ilə bağlıdır. Bunun da səbəbi o idi ki, 3 il bundan əvvələ qədər jurnalistikaya qəbul olunanların əksəriyyəti, məsələn, hüquqa balı çatmayanlar idi. Onlar peşəyə maraq göstərmirdilər və biz nə qədər çalışsaq da, əksəriyyəti sadəcə olaraq ali təhsili başa vurmaq və diplom almaq həvəsinə dərslərdə iştirak edirdi. Yəni onların praktik jurnalistikaya gəlmək kimi bir hədəfləri olmurdu.

Lakin bildiyiniz kimi, bu il artıq 4 il olacaq ki, bakalavr pilləsinə qəbul iki turda həyata keçirilir və ikinci tur xüsusi qabiliyyət imtahanıdır. Yəni jurnalistikaya marağı olanlar 3-cü qrupa qəbul üzrə ümumi test imtahanından sonra Dövlət İmtahan Mərkəzinin saytında təqdim edilən xüsusi elektron ərizəni dodururlar və ikinci tur – esse, yazı müsabiqəsində iştirak edirlər. O müsabiqədən müsbət nəticə alanlar jurnalistika ixtisasına qəbul olunurlar.

– Bu gün dünya jurnalistikasında həm də ixtisaslaşma ənənəsi formalaşıb. Yəni tutaq ki, tibb sahəsindən yazan jurnalist əslində ixtisasca həkimdir, sadəcə jurnalist kimi də təhsil alıb təkmilləşir və ya təbiətdən yazan media nümayəndəsi təbiət ixtisası sahibidir. Bəs bu tip jurnalistikanı necə qiymətləndirirsiz? Belə üsulla jurnalist yetişdirmək daha məqbul deyilmi?

– Müsbət qiymətləndirirəm. Məhz bu səbəbdən, səhv etmirəmsə, 4 ildir ki, magistratura ixtisaslarımıza qəbul prosesində bütün qrup və ixtisaslar üzrə bakalavrı bitirmiş tələbələr iştirak edə bilərlər. Bizim müxtəlif ixtisaslara sahib magistrlərimiz var. Onların bir çoxu təhsilini başa vurduqdan sonra jurnalist fəaliyyəti ilə məşğul olmaqdadır. Bundan əlavə, qeyd etdiyiniz kimi, öz ixtisası üzrə jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün müxtəlif kurslar, treninqlər də təşkil etmək olar. Məsələn, müraciət olarsa biz – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi olaraq bunu edə bilərik. Bunun üçün bizim həm kadr potensialımız, həm də yetərli texniki bazamız artıq var.

– Bəs dərsliklərə gəldikdə… Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yenilənir. Dərslikləriniz, tədris proqramlarınız bu sürətə uyğunlaşa bilirmi?

– Uyğunlaşmalıdır. Başqa çarəmiz yoxdur, bu həm də bizim müəllim kimi borcumuzdur. Əvvəldə də qeyd etdim: jurnalistika daim inkişafda olan, dinamik sahədir. Bu gün ənənəvi media öz yerini interaktiv, rəqəmsal mediaya verir. Media öz simasını dəyişir. Kütləvi informasiya vasitələrinin demassifikasiyası gedir. Hətta klassik janrlarda belə dəyişikliklər baş verir. 20 il bundan əvvəl xəbərə, analitik janra verilən tələblə indiki tələb tamamən fərqlidir. Bütün bunlar dərslikləri, dərs vəsaitlərini, tədris proqramlarını daim yeniləməyi tələb olaraq qarşımıza qoyur. Elə təqribən 10 gün əvvəl keçirilən son Elmi Şuramızda da bu məsələni müzakirə etmişik. Tədris proqramlarının, mühazirə mətnlərinin yenilənməsinə ciddi əhəmiyyət verilməlidir. Bu, tələb kimi bütün müəllimlərimizin qarşısında qoyulub.

– Tələbələrin ənənəvi gileylərindən biri təcrübə saatlarının azlığı, nəzəriyyəyə böyük yer ayrılmasıdır. Bu gileyi xüsusən yaradıcı sferada, xüsusi qabiliyyət tələb edən sahələrdə haqlı saymaq olar. Təcrübə azlığı media orqanlarına üz tutan məzunların fəaliyyətində özünü dərhal büruzə verir. Rəhbərlik etdiyiniz fakültənin öz radio studiyası var, qəzeti dərc olunur. Bunlar yetərlidirmi? Daha hansı addımların atılmasını istəyirsiz?

– Bu suala qismən cavab vermişəm. Əlavə onu bildirim ki, bu gün bizim fakültədə son standartlara cavab verən tədris-teleradio studiyası fəaliyyət göstərir. Studiyada tələbələrimiz ana dildə və ingiliscə universitet yeniliklərindən ibarət həftəlik xəbər proqramı hazırlayır və “Youtube” kanalında yayımlayırlar. Fakültəmizdə Qəzet Tədris Laboratoriyası fəaliyyət göstərir ki, orada tələbə və müəllimlərimiz gündəlik olaraq ölkənin aparıcı mətbuat orqanlarının nömrələri ilə tanış ola bilirlər.

Tələbələrin praktik vərdişlərini formalaşdırmaq üçün də son zamanlar ciddi addımlar atılıb. 1981-ci ildə yaradılan tədris-teleradio studiyası BDU-nun təşəbbüsü, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmirdən sonra 2016-cı ilin may ayında müəllim və tələbələrin ixtiyarına verilib. Bu il martın 28-də universitetin “Azercell Telekom”la əməkdaşlığı çərçivəsində fakültədə Barama Media Mərkəzinin açılışı olub. “Azercell” və “PAŞA Bank”ın dəstəyi ilə yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərə innovativ ideyaları reallaşdırmaqda dəstək vermək, media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün onları müxtəlif layihə, proqramlara cəlb etməkdir. Təbii ki, bu istiqamətdə işlər davam etdiriləcək. Və yeni layihələrə, proqramlara start veriləcək.

– Siz beynəlxalq jurnalistika üzrə ixtisaslaşmısız. Fakültənin və tələbələrin xarici media orqanları ilə əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsi hansı səviyyədədir? Sizin bu istiqamətdə planlarınız varmı?

– Beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan magistrlərimizin dissertasiya mövzuları xarici media təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi ilə bağlı olur. Bu zaman, şübhəsiz ki, həmin media orqanları tədqiqat obyekti kimi götürülür, səfirliklərə müraciət edilir, tədqiqata cəlb olunan media orqanlarının yeni buraxılışlarını əldə etmək üçün internet üzərindən abunə yazılır, ödəniş edilir. Bizim fakültədə Qəzet Tədris Laboratoriyası fəaliyyət göstərir. Ora bizim fakültənin həm də zəngin kitabxanasıdır. Ölkənin aparıcı media orqanlarına abunə olmuşuq və onların hər yeni nömrəsi tanış olmaq üçün müəllimlərin və tələbələrin ixtiyarına verilir. Eyni şeyi xarici mətbuat orqanları ilə də etməyi düşünürük. Bununla bağlı xarici ölkələrin səfirliklərinə də müraciət edəcəyik. İnanıram ki, onlar özləri də bu əməkdaşlıqda maraqlı olacaqlar. Bundan əlavə, istər müəllim, istərsə də tələbələrimizin xarici media orqanlarına səfərlərini də planlaşdırırıq. Ümumiyyətlə bununla bağlı aktivliyi artırmağa ehtiyac var.

Burada bir məqam da ümumiyyətlə beynəlxalq jurnalistika ixtisasının özəlliyi ilə bağlıdır. Doğru bildirdiniz ki, mən bu ixtisası bitirmişəm və təəssüf ki, bizim qrup – 1999-cu il bakalavr buraxılışı bu ixtisasın son buraxılışı oldu. Və yalnız magistraturaya qəbul həyata keçirildi. Bizim cəmi 4 buraxılışımız oldu və bu gün o ixtisas üzrə təhsilini bitirən yoldaşlarımızın sayı təqribən 40-a yaxın olsa da, hər biri dövlətimizi alnıaçıq, üzüağ şəkildə xarici ölkələrdə təmsil edir, ixtisasımıza uyğun müxtəlif dövlət strukturlarında çalışırlar. Bu gün beynəlxalq mediada təmsilçiliyimizə ehtiyac olduğu bir zamanda, informasiya müharibəsinə məruz qaldığımız bir dönəmdə bu xüsusilə əhəmiyyətlidir. Razılaşaq ki, bakalavr baza təhsili ilə il yarımlıq magistratura bir deyil. Düşünürəm ki, “Beynəlxalq jurnalistika” ixtisasına bakalavriat səviyyəsində qəbulun bərpa edilməsində fayda var və inanıram ki, gələcəkdə bu da mümkün olacaq.

– Təcrübəli jurnalistləri tədris prosesinə cəlb edirsizmi?

– Bəli, edirik. Onlar saathesabı qaydada həmişə tədrisə cəlb ediliblər. Eyni zamanda mütəmadi olaraq tələbələrimizlə görüşlər təşkil edilir, təcrübəli jurnalistlər müxtəlif kursların tədrisi zamanı qonaq qismində fəxri mühazirəçi kimi dəvət edilirlər. Ümumiyyətlə bizim fakültədə bu ənənə həmişə olub və bundan sonra da olacaq. Peşəkar jurnalistlərlə tələbələrin ünsiyyəti həmişə müsbət effekt verir. Bu, tələbələrin öz ixtisaslarına maraqlarını artırmaqla yanaşı onların nəzəriyyə ilə birgə praktik vərdişlərə yiyələnmələrinə də dəstək vermiş olur. Yeni tədris ilindən başlayaraq bu cür görüşləri sistematik şəkildə keçirməyi planlaşdırırıq. Və təbii ki, tələbələrimizlə görüşlərə dəvət edəcəyimiz qonaqlardan bir xahişimiz də olacaq: tələbələrimizin işlə təmin olunmasına dəstək versinlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR