İnsanlara hürriyət, millətlərə istiqlal!

Jalə Mütəllimova: “Qarabağ qələbəsi həm də doğru ideoloji xəttin nəticəsidir”

1173 12.05.2022 09:20 KİVDF layihələri A A

“Qarabağ mövzusu dövlət başçısının, o cümlədən rəsmi şəxslərin çıxışlarının ana xətti idi”

“Millətin, dövlətin var olması və uzun illər mövcud olması üçün milli mənlik vacibdir. Milli mənlik şəxsiyyət olmaq üçün yazılmamış qanundur. Milli kimlik olmadan vətəndaş, insan, millət  olmaq mümkün deyil. Dövlət bunların ən alisidir.  Bunun üçün sadaladıqlarım olmalıdır, necə deyərlər, təməldir”.

Bu fikirləri “Yeni Müsavat”a jurnalist Jalə Mütəllimova bildirdi. O xatırlatdı ki, Qarabağ 30 il işğal altında oldu və Azərbaycan Qarabağı azad etmək üçün ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Birliyi, NATO, BMT kimi onlarla təşkilata müraciətlər etmişdi: “Azərbaycan 30 il ərzində işğal edilmiş ərazilərlə bağlı daxili siyasətində doğru, dəqiq hesablanmış ideoloji kurs müəyyənləşdiyi üçün qələbə qazana bildi. Bəyənsək də, bəyənməsək də, irili-xırdalı ədəbiyyat nümunələri yarandı, filmlər çəkildi (hətta Hollivudda film çəkilməsinə nail olduq), türk kinematoqrafiyasında tarixi filmlərdə, seriallarda epizodik də olsa, Azərbaycanla bağlı məqamlar var. Bunların hamısı Azərbaycan dövlətinin xidmətidir. İctimai şüurda, təhtəlşüurda Qarabağ mövzusunun oturması üçündür. İncəsənət, mədəniyyət, həmçinin  kitablar, dərsliklər ideologiyanın vacib qollarından biridir. Qarabağ mövzusu dövlət başçısının, o cümlədən rəsmi şəxslərin çıxışlarının ana xətti idi. Qarabağ milli, ideoloji xətt idi. Qarabağ qələbəmiz təkcə siyasi və hərbi qüdrətimizin nəticəsi deyildi. Bu, həm də qurulan doğru ideoloji xəttin nəticəsi idi. İctimai şüurda, təhtəlşüurda, hərb müstəvisində savaş bitib. Qalıb siyasi müstəvidə həll olunacaq delimitasiya və demarkasiya məsələləri, xalqlar arasında münasibətlərin normallaşması, iqtisadi əlaqələr və s. Bu məsələlərin həll olunması üçün isə zamana ehtiyac var”.

İnsan alveri, narkotiklər və qədim peşə... - Jalə Mütəllimova yazır...

 Jalə Mütəllimova

Mütəllimova qeyd etdi ki, qazanılmış ideoloji kurs digər məsələlərə yönəldilməlidir: “Bundan sonrakı mərhələdə vətənpərvərlik yönündə təbliğat qurmalıyıq, ictimai təbliğatı aparmalıyıq, ideologiyamızı qorumalıyıq. Siyasi yöndə, vətəndaş yetişdirilməsi işində, mədəniyyət, incəsənət sahəsində, xarici siyasətdə Azərbaycan vətəndaşının davranışı, mövqeyi ilə bağlı ideologiya qurmalıyıq. Azərbaycan qlobal problemini həll etdikdən sonra artıq özü üçün və regionda uzunmüddətli olması üçün milli ideoloji kursunu müəyyənləşdirməlidir. Gənclər siyasəti, mədəniyyət, incəsənət, vətəndaş cəmiyyətinin idarə olunması məsələləri üzrə ideoloji xətt qurulmalıdır. Televiziyalar, milli mediamız yenidən qurulmalıdır və istiqamətlər dövlət tərəfindən müəyyən edilməlidir. Və bütün bu məsələlərdə milli kadr potensialını ön planda saxlamaq lazımdır. Gələcəyimizi bu cür görürəm”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR