İnsanlara hürriyət, millətlərə istiqlal!

İt yalanı

2229 21.01.2024 19:13 Yazarlar A A

Ətrafımız cürbəcür saxtakarlıqlarla dolub-daşır. Nə insanlara etibar qalıb, nə heyvanlara. Adama rast gəlirsən, baxırsan, heç cür anlamaq olmur: bunun burnu və ağzı özünündür, yoxsa sonradan qoydurub? Dana əti alırsan dükandan, Hindistan camışının leşi çıxır. Hətta bitkilər də bizə kələk gəlməyə başlamışdır. Pomidor xiyar dadı verir, kartof ağac qabığı.

Keçən ilin oktyabrında bütün dünya mediası, əsasən özünə hörmət qoyanlar guya mehriban bir xəbər paylaşmışdılar. Portuqaliyada dünyanın ən yaşlı iti canını bəşəriyyətə tapşıraraq səmalara uçmuşdu. (Açığı, Portuqaliyanın adını eşidən kimi mənim yadıma “Qalya” lətifəsi düşür, heyf ki, burda yazmaq mümkün deyil, bilənlər bilməyənlərə danışsın). İtin 31 yaşı varmış, bu isə dünya rekorduymuş. Adətən itlər uzağı 9-10 il yaşayır, 11 yaşasa yaxşı hesab olunur, 13 il böyük uğur imiş, 16 yaş isə fantastik sayılırmış və sairə. Kriştianu Ronaldonun həmyerlisi olan, Portuqaliya mastifi (cinsin daha romantik Rafeyru du Alenteju kimi adı da var, ancaq bu bizim nəyimizə lazımdır?) cinsindən olan həmin it isə Ginnesin rekordlar kitabına tullanmışdı, ağzında sümüklə. Bir itin 16 il yaşaması insani şkala ilə hesablasaq, hansısa adamın 120 il yaşamağı ekvivalentində bir zad imiş. Həmin dəftər-kitabla baxsaq, Portuqaliyadakı itin hardasa 240 il yaşadığını söyləmək olardı.

Açığı, bu it haqda oxuyanda Seyid Əzim Şirvaninin “Köpəyə ehsan” şeirini xatırlamışdım. Seyid 19-cu əsrdə yazdığı o gözəl əsərdə Şahsevən tərəkəmə tayfasından bir hacının başına gələn əhvalatı nəql edir. Hacının çoxlu qoyunu, bu qoyunları qoruyan Bozdar adlı iti varmış. Qafqaz qoyun itləri çox etibarlı it cinsidir, sözgəlişi, Türkiyədəki ünlü Qanqal it cinsini məhz qafqazlı tərəkəmələr elə o itlərin əsasında yetişdiriblər, məlumatınız olsun. Nə başınızı ağrıdım, bir gün Bozdar ölür. Hacı iti çox sevdiyi üçün onu kəfənlədir, az qala insan kimi dəfn eləməyə hazırlaşır. Xəbər ərazidəki mollaya çatır, molla durur gəlir ki, prosesə etiraz eləsin, haray qopartsın. Ay dinimiz əldən getdi, vay iman yıxıldı və sairə. Hacı mollanın şivənindən xəbər tutur, sürüdən 50 qoyun ayırır, durur yolun üstündə. Molla çatanda ona deyir ki, it vəsiyyət eləyib, gərək bu 50 qoyunu sənə verim. Bu zaman molla kövrəlir, deyir:

İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.

Nəsə, kim istəsə tapıb özü oxusun, poeziya fasiləmiz bitdi. Qayıdaq Portuqaliyaya. Yuxarıda yazdığım kimi, it oktyabrda manşet olmuşdu, bugünlərdə isə ortaya yeni faktlar çıxıb və itin yaşı ciddi şübhələr oyadıb. Məlum olub ki, itin yiyəsi onu reyestrdə 2022-ci ilin yayında qeydiyyatdan keçirmişdir. İtin cavanlıq fotolarında isə ayrı it təsvir edilmişdir. Nəticədə Ginnesin rekordlar kitabı dünyanın ən yaşlı iti adına yeni namizədlərin qəbulunu belə dayandırmağa məcbur qalmışdır. Bobbinin (rəhmətliyin ismi-şərifi belənçikdir) rekordu isə hələlik saytda qalır, ancaq böyük ehtimal yaxın vaxtlarda siləcəklər.

Buyur. Nə qədər feyk xəbərlər, yalan-palan oxumaq olar? Adi bir köpəyin xəbərini belə bizə düzgün çatdırmırlar, sən isə istəyirsən dünyadakı geopolitik proseslər haqda dəqiq informasiyalar oxuyasan.

Yazını da başqa bir hörmətli, ancaq daim ac şairdən misra ilə bitirmək istəyirəm: “Gər dersə Füzuli ki, gözəllərdə vəfa var, Aldanma ki, şair sözü əlbəttə yalandır”.

P.S. Bu yazıda bir dənə də səhv söz yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR