İnsanlara hürriyət, millətlərə istiqlal!

İşsizlik və maaş problemi: elə dəyişikliklər olacaq ki...

15041 16.02.2024 09:09 Sosial A A

Ekspertlər Prezidentin andiçmə mərasimindəki çıxışını belə qiymətləndirdilər

Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev iqtisadiyyatdakı hədəflər haqda da danışıb. Dövlət başçısı deyib ki,   bu ilin yanvar ayının nəticələri ümidvericidir: “Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. 

Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir”.  

Dövlət başçısı deyib ki,  2003-cü ildə Azərbaycanda minimum əmək haqqı 9, indi 345 manatdır: “Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əmək haqqı 940 manatdır. Əlbəttə ki, bu, bizi qane edə bilməz”. 

Prezidentin sözlərinə görə,   Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradılıb: “Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”.

Prezident yoxsulluqla mübarizə haqda bunları deyib: “Biz əlbəttə ki, yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq”.  

 Prezident onu da deyib ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək: “Bizə sabit neft hasilatı lazımdır və investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.

Təbii qazla bağlı. Biz artıq səkkiz ölkəyə təbii qaz ixrac edirik. Tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Bax, bizə edilən xahişlər bu məqsədi daşıyır. Biz isə etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir, prinsip etibarilə bu vəziyyət bizi qane edir.

Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir.

Vüqar Bayramov — Vikipediya

 Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ölkə Prezidenti çıxışında yeni dövr üçün yeni hədəfləri bəyan edib: “Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investsiyası mühitinin daha da yaxşılaşdırılması, rəqabətin yaxından müdafiəsi, monopoliyaya qarşı mübarizə və eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. 

İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu ərazilərimiz Azərbaycan üçün 10 milyard manatdan artıq yeni dəyər formalaşdıra biləcək. Bu kontekstdən Qarabağ yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni drayverlərindən birinə çevriləcək".

Millət vəkilinin fikrincə, yeni dövrdə sosial təminat tədbirlərinin gücləndirilməsi özünü əmək haqqı və pensiya artımlarında da göstərəcək: “Azərbaycan Prezidenti son 20 ildə iqtisadi və sosial göstəricilərdəki artımları qeyd etməklə yanaşı, bu sahədə işlərin daha da genişləndiriləcəyini bildirdi. Bu o deməkdir ki, yeni mərhələdə sosial təminat tədbirləri ünvanlılığı ilə seçilməklə yanaşı, həssas qrupların daha yaxından müdafiəsinə imkan yaradacaq. Bütövlükdə, Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu, yeni inkişaf dövrü olacaq”.

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, ölkə Prezidentinin andiçmə mərasimindəki çıxışında verdiyi əsas mesajlardan biri bu idi ki, biz iqtisadiyyatımızı inkişaf etdirməliyik: “Biz danışıqlar yolu ilə işğal olunmuş ərazilərimizin geri qaytarılmasının mümkün olmayacağını gördükdə müharibə variantını düşünməyə başladıq. Müharibənin də köhnə yanaşmalarla aparılmasının ciddi risklər, itkilərlə nəticələnəcəyi test edildi, hesablamalar aparılaraq yeni yanaşmalar (texnologiyaların tətbiqi və sair) tətbiq edilməklə müvəffəqiyyətli bir şəkildə işğal olunmuş ərazilərimizi geri qaytardıq. Hamımız etiraf edirik ki, bugünkü vəziyyəti (ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanı) 2020-ci il sentyabrın 26-da (II Qarabağ müharibəsi başlamazdan bir gün əvvəl) xəyalımızda belə canlandırmaqda çətinlik çəkirdik. İqtisadiyyatda da eyni vəziyyətdir. Güclü iqtisadiyyat güclü dövlət, güclü ordu, rifah, yəni əslində hər şey deməkdir. Bunun üçün də biz Qarabağ məsələsində tətbiq etdiyimiz tamamilə yeni yanaşmalar tətbiq edəcəyik. Burada yeni düşüncə tərzi, fərqli yanaşma, məsələlərin köklü qoyuluşu əsas prioritet məsələlərdəndir”. 

Ekspert bildirir ki, növbəti illərdə həll olunacaq bir çox məsələlər var: “Dövlət müəssisələrinin rentabellə işləməsi, qurumlararası borcların bağlanması, Ələt Azad İqtisadi Zonasının səmərəli bir şəkildə fəaliyyətə başlaması, Qarabağdakı infrastruktur layihələrindən özəl sektorun genişlənməsinə keçid və sair. Düşünürəm ki, bir neçə önəmli və fundamental məsələyə yeni baxışların da formalaşacağı gözləniləndir.

Əvvəla, öncəki ilin büdcə xərcləmələrinin növbəti ilin büdcə gəlirlərində geridönüş effektinin hesablanması və bu effektin artırılması üçün tədbirlərin görülməsi. Bu məsələnin ilbəil effektiv həlli Neft Fondundan büdcəyə transfertin ilbəil bir neçə faiz (ilk illərdə 3-5 faiz, növbəti illərdə kumulyativ təsirini də nəzərə alaraq 7-8 faiz azalma mümkündür. Nəzərə alaq ki, bu azalma ilk baxışda az görünə bilər. Lakin bu azalmanın ilbəil artan büdcə xərcləri, nəticədə böyüyən büdcə fonunda çox böyük olduğu aydın olur) azalması önəmli və əsas prioritet məsələlərdən biridir.

İkincisi, ixrac, ixraca yanaşma tərzi və artırılmasına yeni fundamental yanaşmaların olacağı gözləniləndir. 

Biz aydınlaşdırmalıyıq ki, gömrük fiskal siyasətin tərkibində qalmalıdır, yoxsa fərqli yanaşma və siyasət müəyyən olunacaq?

Üçüncüsü, kənd təsərrüfatı sahəsində kiçik təsərrüfatların önəmi, kənd təsərrüfatı təyinatlı hər bir hektar torpağın iqtisadi dəyəri və onun artırılmasına yeni yanaşmanın olacağı gözləniləndir.

Hazırda taxıl məsələsində dünyanı gözləyən təhlükənin müəyyən edilməsi və nəzərə alınması gözləniləndir (yəni anbarlarda yığılıb qalmış ucuz Rusiya və Ukrayna taxılı həm MDB, həm də Avropa ölkələrinin fermerlərinin taxıl satışlarına cidd mənfi təsir edir. Bu mənfi təsir növbəti illərin taxıl əkinlərində özünü göstərsə, bir neçə mənfi və arzu olunmayan təsirlərini təsəvvür etmək çətin deyil).

Fikrimcə, istehsala və istehsalda idxalın payının azaldılmasına yeni yanaşma və baxışın olacağı, brend məhsulların yaranması üçün fundamental addımların atılacağı və yeni yanaşmaların formalaşacağı, holdinqlərin böyüməsi və genişlənməsi, lakin bununla belə, kiçik və orta sahibkarlığın genişlənməsinə təkan verəcək peyk şirkətlərin formalaşması və inkişafı istiqamətində ciddi təhlillərin olacağı və addımların atılacağı gözləniləndir". 

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR