İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsmini de, deyim kimsən...” - Adın insan taleyində rolu

2408 23.04.2022 08:40 KİVDF layihələri A A

Bu ilin I rübündə ölkədə uşaqlara ən çox hansı adların qoyulduğu açıqlanıb. Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin yanvar-mart aylarında doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Uğur, Hüseyn, Əli, Yusif və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

İslam Peyğəmbəri (s) buyurub ki, övladın valideyn üzərində bir haqqı da ona yaxşı ad qoyması ilə bağlıdır. Ümumiyyətlə, ad insanın taleyində hansı rolu oynayır? Alimlər adın insanı taleyini dəyişdirdiyini təsdiqləməsələr də, psixoloqlar bunun əksini düşünürlər. Onlar eyni adlı daşıyıcılarda oxşar xarakter əlamətləri tapırlar.

Tanınmış psixoterapevt Elmir Əkbər mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “İnsan adı onun taleyindı əhəmiyyətli rol oynayır. Çünki insanın identifikasiya funksiyası sırf onun adıyla başlayır. Mən kiməm deyəndə, o ”mən"in yanında adı çəkilir. Ona görə də öz adına münasibət insanın birinci növbədə özünə münasibəti demək olur. Bu səbəbdən də hər dəfə bu məsələyə çox həssas yanaşıram, valideynlərə tənqidi yanaşıram. Bəzi valideynlər ümumiyyətlə düşünmürlər adı necə seçmək lazımdır. Samiray, Stəkan, Qotaz... Belə ad qoyulmuş uşaq özünü gələcəkdə necə hiss edəcək. Bir dəfə orta məktəbdə uşaqlardan ən böyük arzuları ilə bağlı sual verilmişdi. Cavabında dedi, “ən böyük arzum odur ki, böyüyüm, öz adımı dəyişim”. Uşağın arzusuna baxın. İkinci tərəfdən insanın demokratik azadlığı və hüquqları var. İnsan istədiyi adı, familiyanı seçə bilər. Buna müdaxilə etməyimiz demokratik haqların pozulması deməkdir. Heç kimə qadağa qoymaq mümkün deyil. Bu artıq yetkinlik yaşına çatmayan insanlara xasdır, onlar istədiklərini edə bilər.

4be6f289-b0e7-4254-b846-c321845f06f5.jpg (270 KB)

Psixoterapevt: “Samiray, Stəkan, Qotaz adı qoyulmuş uşaq özünü gələcəkdə necə hiss edəcək?”

Uşaqlara ad qoyulanda diqqətli olmaq lazımdır. Elə bir ad seçilməlidir ki, gülünc olmasın. İndi bəziləri elə qəribə, qeyri-adi xarici adlar seçirlər. Bu özü də başqa bir fəsad yaradır. Adamın üç uşağı var, bilmirsən erməni, ya serb adıdır, bilinmir nə adıdır. Kimsə ulu babasının, nənəsinin adını övladına qoyur, adı uşaqda yaşatmaq istəyir. Bu özü də absurddur. İnsan nəyə nail olmaq istəyir? Gənc ailələr öz valideynləri tərəfindən sıxılır, şantaj olunur ki, atasının anasının adı mütləq uşağa qoyulsun. Bu bir sıra problemlər yaradır. Bəzən şüur altı ana öz qızına aqressiv yanaşır. Niyə, çünki o başqa ad qoymaq istəyirdi, qaynanası zorla öz adını uşağa qoydurub".

Firudin Qurbansoy: Məgər hidrometeoroloqlar hava proqnozu verəndə Allahın  işinə qarışır? - 14.12.2021, Sputnik Azərbaycan

Astroloq: “Xoşbəxt olmayan adamın adını uşağa qoymazlar”

Astroloq Firudin Qurbansoyun da mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Qədim Misirdə deyirdilər ki, ölən adamın adını çəkmək onu yenidən diriltmək kimi bir şeydir. O mənada hər bir adamın taleyinə müstəsna səviyyədə təsir edir. Allahın adları Cövşən Kəbir duasında var. Əksər insanlar Allahın adını qoyur, məsələn, Rəhim, Lətif, Rəhman, Alim və sairə. Peyğəmbərlərin, onların ailə üzvlərinin adlarını da qoyurlar. Bu adları daşıyan adamlar adlarının mənasını biləndən sonra özlərini cəmiyyətdə adekvat aparırlar. Onlar çox vaxt şərab içməzlər, şeytan bunlara vəsvəsəyə salsa da, pis əməllərdən uzaq durmağa çalışırlar. Bu mənada təsiri çox böyükdür. Bundan əlavə, adın səsləndirilməsinin belə təsiri var. Misal üçün, ad qapalı hecayla başlayıb, qapalı heca ilə bitərsə, bu adamlar bir az yığcam, öz fikirlərini bildirmirlər. Amma ad saitlə başlayıb saitlə qurtarırsa, məsələn, Arifə, Aidə kimi adların sahibləri sirr saxlaya bilmirlər. Deyirlər ki, xoşbəxt olmayan adamın adını qoymazlar. Misal üçün, birhecalı, ikihecalı adlar-misal üçün Gül, Nur kimi adların sahiblərinin immun sistemi zəif olur. Tez-tez xəstələnirlər.

Adlar çoxhecalı olsa daha yaxşı olar, bu adamlar dözümlü, səbirli olur. Bu adın sahibləri sözü düşünüb sonra deyərlər. İnsanlar çox vaxt özlərinə təxəllüs də götürürlər. O adın energetikası onların fəaliyyətinə çox da uyğun olmur. Məsələn, Vladimir Ulyanovdur, amma Lenin təxəllüsünü götürmüşdü. Vasili İosifoviç Cuqaşvili “Stalin”i təxəllüs kimi götürmüşdü.  

“Ay” tərkibində olan adlar isə qızlara qoyulmalıdır. Ay qadınlara, günəş isə kişilərə məxsusdur. Günəş bir cür görünür. Ay isə bir ay ərzində 28 şəklə düşür. Qadınlar da sabit deyillər. Bütün dünya xalqlarının dinində də Ay bilavasitə qadınlara aiddir. Ay bədr olanda qadınlar əsəbi, qısqanc olurlar. Şəms ümumiyyətlə qız adı ola bilməz. Şəmsi, Şəmsəddin, Şəmsulla, bu adlar yalnız kişilərə məxsusdur. Qızına Şəmsiyyə adı verirlər. Şəmsiyə çətir deməkdir, mənasına baxın nə deməkdir də. Təki qeyri-adi ad olsun, onu qoyurlar. Traktor adı verənlər var. Oğluna Madlen adı qoyanlar var. Bu absurddur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR