İnsanlara hürriyət, millətlərə istiqlal!

İslama xəyanətdən danışa biləcək sonuncu ölkə - İran uğursuz “əxlaq polisi” rolunda

1328 12.04.2024 00:10 Siyasət A A

İrandakı hakim rejimin “islam”ın “i”sinə belə dəxli olmadığını kim bilməsə də, Azərbaycan xalqı yaxşı bilir. Adında “islam” sözü daşımasına rəğmən, gerçəkdə orada panfarsist, şovinist bir üsul-idarənin hökm sürdüyü az qala, məktəbli uşağa da bəllidir. SSRİ dağılandan sonra cənub qonşumuzun işğalçı Ermənistanla qurduğu münasibətlərinin xarakterinə ötəri nəzər salmaq yetər ki, buna əmin olasan.

Tehran indi də bu münasibətlər üzərində əsir. Səbəb bəsit: İran Ermənistanı bölgədə müsəlman Azərbaycan və Türkiyəyə qarşı ən əlverişli plasdarm, iki Türk dövlətinin qüdrətlənməsinə və Turan birliyinə qarşı ən etibarlı müttəfiq, hətta forpost qismində görür.

Bu imperativ o dərəcədə güclüdür ki, molla rejimi özünün qatı düşməni Qərblə, illah da Qərbin 1 nömrəli dövləti ABŞ-la İrəvanın işbirliyinə göz yumur, qulağının dibində kollektiv Qərbin sürətlə baza yaratmasnı görməzlikdən gəlir. Yəni öz gözündəki tiri götürmək əvəzinə, gördüyü və axtardığı tək şey Azərbaycanda “sionist izləri”, “sionist obyektləri”dir. 

286af1d6d40aa074156d7fe149da1d10.jpg (302 KB)

Başqa sözlə, İran Qərb qədər riyakarlıq, ikiüzlülük edir. Medalın o biri üzü kimi. Riya və saxtakarlıq isə islam əxlaqı ilə bir araya sığmaz. Amma kimə deyirsən? Fars rejimi inadla sığışdırmağa səy edir...

Absurd da ondadır ki, iki gün öncə İranın dini lideri müsəlman dövlətlərinin İsraillə əməkdaşlığını nə az, nə çox “xəyanət” adlandırıb. Bəs hələ də öz qonşularına qarşı ərazi iddiasından əl çəkib sülh müqavilələri imzalamaq istəməyən fitnə-fəsad yuvası Ermənistanla əməkdaşlıq necə, islama, dinimizə xəyanət deyil?.. 

ef3b7dad9c4c601ab4d61e31c41709c6.png (252 KB)

Əvvəla, Azərbaycan dövlətinin İsrail-Fələstin probleminə münasibəti bəlli: Bakı yəhudi dövləti ilə tərəfdaşlıq əlaqələrinə rəğmən, məsələdə beynəlxalq birliyin yanındadır. BMT TŞ-nin Fələstinlə bağlı qətnamələrini, “iki dövlət” prinsipini həmişəki kimi yenə dəstəkləyir. Başqa cür ola bilməz, çünki Azərbaycan beynəlxalq hüquqa sayğılıdır. 

Bəs İran necə, o da sayğılımı? Elədirsə, guya Fələstin müsəlman xalqının dərdini çəkən Tehran nədən eyni həssasiyyəti erməni işğalı dövründə Azərbaycanın müsəlman (şiə) xalqına qarşı göstərmədi? BMT TŞ-nin Qarabağla bağlı qətnamələrini vecində almadı, diametral əks yanaşma sərgilədi? Qarabağda etnik təmizləmələr, soyqırımları, bəşəriyyət əleyhinə neçə-neçə digər cinayətlər törətmiş Ermənistanın yanında yer aldı? 

bb.jpg (138 KB)

İşğal dövründə İran Azərbaycan nəinki ərazilərimizin azad edilməsinə kömək etmədi, buna hətta əngəllər yaratdı, 44 günlük müharibə zamanı belə, müzəffər ordumuzun irəliləməsinə mane olmağa çalışdı. İsrail dövləti isə tam əksinə, ordumuzun ən müasir silahlarla təchiz olunması, güclənib təcavüzkar Ermənistanı cəzalandırması üçün əlindən gələni etdi.

Təbii ki, qardaş və müsəlman Türkiyənin tarixi dəstəyi də öz yerində. O Türkiyə ki, İrandan fərqli olaraq, işğalçı ölkə ilə öz sərhədləri dərhal bağladı, silahlı qüvvələrimizin NATO standartına keçidi üçün əsl qardaş əlini uzatdı və günü bu gün də bu yöndə hər şeyi edir. Eləcə də Pakistan İslam Respublikası – hansı ki, hələ də Ermənistanı müstəqil dövlət kimi belə, tanımır. Bakı ilə sülh müqaviləsi imzalamasını onun qarşısında tanınmanın əsas şərti kimi qoyur...

Azərbaycan xalqı indi kimə minnətdar olmalı, kimin xahişini eşitməli, kimin sözünü mötəbər saymalıdır? Dövlət maraqlarını ümmət maraqlarından üstün tutan yalançı din xadimlərinin, ayətullahların? Əlbəttə ki, batilin yox, haqqın yanında yer alanın!

“Xəyanət” demək asandır? Görəsən İranın on illərlə işğala məruz qalmış müsəlman (şiə) Azərbaycanını qoyub məscidlərimizdə donuz saxlamış Ermənistanın yanında yer almasının, ondan ötrü yeganə “nəfəslik” rolu oynamasının adı nə idi? Bircə dəfə təcavüzkar Ermənistana göz ağartmadığı halda, günü bu gün də Azərbaycanı hədələməsinin, səfirliyimizə terror hücumu təşkil eləməsinin adı nə? 

agdam-mescid.jpg (41 KB)

Bəs 40 milyonluq müsəlman azərbaycanlıya öz ana dilində yazıb-oxumağı yasaqlayıb bir ovuc erməniyə özəl məktəblər açmağın adını nə qoyaq – xristian həmrəyliyimi?

Sözü ona gətiririk ki, islam həmrəyliyindən danışa biləcək ən axırıncı ölkə İrandır. Bölgədə apardığı yanlış siyasəti ilə, hərəkətləri ilə islam birliyinə ən böyük xəyanəti etmiş bu dövlət həmin haqqı çoxdan itirib...

 

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR