İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana xüms adı ilə niyə milyonlar göndərilir?

1921 10.02.2023 12:51 Media A A

Rəsul Mirhəşimli: “İldə bir dəfə toplanılan zəkatın niyə başqa bir dövlətə göndərilməsinə razı oluruq...”

Artıq uzun müddətdir ki, Azərbaycandan İrana xüms vergisi adı ilə külli miqdarda pulların  göndərildməsi barədə məlumatlar yer alır. Ekspertlər bildirirlər ki, Azərbaycanda minlərlə insanın getdiyi ziyarətgahlar  İranın birbaşa nəzarətində olur. Əhli-beyt İran tərəfindən daha çox idarə olunur və bu mərasimlər birbaşa Xomeyni Fondu tərəfindən maliyyələşdirilir. Həmin ziyarətdə on minlərlə azərbaycanlı iştirak edir. Gedənlərin məqsədi öz inanclarını yerinə yetirmək olsa da, İran kəşfiyyatı, xüsusi xidmət orqanları orada müəyyən adamların ələ alınmasını həyata keçirir. Hətta bunun üçün xüsusi moizə oxuyanlar da olur... Həqiqətən də ölkəmizdə xüms-zəkatın xərclənməsi üçün müvafiq ünvanlar, imkansızlar təbəqəsi yoxdurmu, yığılan pullar İran rejimi üçün, terrorçular üçün göndərilirmi?

Nəzərə çatdıraq ki, xüms və zəkat imkanlı möminlərin ildə bir dəfə Allah yolunda öz gəlirlərindən verməli olduğu vergi növü (vacib əməl) sayılır və müstəsna olaraq kasıb müsəlman təbəqəsinin ehtiyaclarına yönəlməlidir. Bu vəsait ilk növbədə kasıb qohumlara, olmazsa, qonşuluqdakı kasıblara, o da olmazsa, ərazidəki, ölkədəki imkansız insanlara (ailələr, tələbələr və s.) çatdırılmalıdır.

O zaman zəkat, xüms verən imkanlı iman adamları vəsaitlərin hara, kimə xərclənməsi ilə maraqlanırlarmı? Xəbərləri yoxsa, onda necə, bu onlar üçün günah yazılmır ki? Məscidlərdə və ya digər dini məkanlarda yığılan fitrə-zəkatların xərclənməsinə nəzarət varmı?

İnanclı xanımların hicab hüququ - Ərdoğanın təklifi Azərbaycanda da  reallaşsa...

 Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, zəkatla bağlı əmrlər Qurani-Kərimdə 30-dan artıq ayədə bəyan edilir: “Bu ayələrin bəziləri müsəlmanlara bu əməli gerçəkləşdirilməsi əmri, bir çoxu isə Allahın hikmətini açıqlayan ayələrdir. Allah-Taala bu ayələrin birində buyurur: ”Elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!" (“Nisa” surə, ayə 162)

Ayədən də göründüyü kimi, bu ibadəti yerinə yetirən müsəlmanlara mükafat olaraq əvəzi veriləcək Allahın vədlərindən biridir. Zəkat, eyni zamanda, İslamın beş şərtindən biridir. Bu şərtlərin sırasında üçüncü yerdə qərarlaşan, imkanı çatan şəxslərin qazanclarının bir qismini yoxsul və imkansızlara verilməsi hikmətinin vəzifə olaraq buyurulduğu, namazdan sonra gələn ibadətdir. Bu ibadətin də hikməti müsəlmanın hər il qazancının bir qisminin imkansızlarla paylaşaraq, həmin insanların maddi sıxıntılarının bir qismini ödəmək, özünün isə Allahın əmrini yerinə yetirərək, müsəlmanlıq vəzifəsinin icrasında ardıcıl olması və mənəvi-ruhi rahatlıq əldə etməsidir".

İlahiyyatçı əlavə edib ki, zəkatın verilməsi fərdi xarakter daşıyır, hər kəs illik qazancını hesablayıb, bu hesabdan zəkatını ayırıb, tanıdığı, yaxud tövsiyə edilən yoxsul insanlar arasında bölə bilər: “Bəzi müsəlmanların topladığı zəkatların İrana göndərilməsi ilə bağlı Azərbaycan cəmiyyətində informasiyalar yayılır. Bu hərəkətləri isə anlamaq mümkün deyil. Əgər oruc tutan azərbaycanlı müsəlman Fitr zəkatını özünün tanıdığı kasıb insanlara özü şəxsən çatdıra bilirsə, ildə bir dəfə toplanılan zəkatının niyə başqa bir dövlətə göndərilməsinə razı olur? Bu da bəzi ”nüfuz sahibləri"nin dini bilikləri kasad olan müsəlmanların inamından sui-istifadə etmələri ilə mümkün ola bilər. Zəkatın başqa ölkələrə göndərilməsi ilə qərar istisna hallarda verilə bilər. Bu günlərdə qardaş Türkiyədə soydaşlarımız baş verən təbii fəlakətin faciələrini yaşayır. Azərbaycanlı müsəlmanların zəkatlarını yardıma möhtac qardaşlarımızın vacib ehtiyaclarının ödənilməsi üçün qardaş ölkəyə göndərməsinə kimsə etiraz etməz. Bu əməli edən azərbaycanlı müsəlmanların hərəkətləri həm insanlarımız tərəfindən təqdir olunar, həm də, Allah qatında savaba yazılar".

Ekspert onu da əlavə edib ki, bir müddət əvvəl Azərbaycan parlamenti “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlər edib: “Qanuna uyğun olaraq, məscidlərin və ibadət yerlərinin maliyyə vəsaitlərinə nəzarət də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin öhdəliyinə keçib. Ümid edirəm ki, bu amil toplanan vəsaitlərin ölkə daxilində mərkəzləşmiş qaydada xərclənməsinə də yardımçı olacaq.   Azərbaycanlı müsəlmanın zəkatını öz imkansız həmvətəninə çatdırması bir yandan təbliğ, başqa bir tərəfdən isə təşviq ola bilər. Bu halda, bu ibadəti yerinə yetirmək istəyənlər üçün bəlli ünvanlar müəyyən edə, daha geniş fərdlər təbəqəsini əhatə edə bilər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlətarası münasibətlərin inkişaf etdirtilməsi" mövzusunda hazırlanıb.

HAZIRLADI: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR