İnsanlara hürriyət, millətlərə istiqlal!

İran kanalı “Yeni Müsavat”ın əməkdaşını dayandırmağı tələb edir - VİDEO

2804 08.02.2023 14:09 Media A A

İranın Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyi ilə tanınan “Səhər” kanalı indi də əlinə lupa alıb “Yeni Müsavat” əməkdaşlarının yazdıqlarını təftiş etməyə girişib. Birbaşa efirdə yazarımız Elşad Paşasoyun Facebook səhifəsində paylaşdığı yazıları “sionist rejimə” xidmət kimi təqdim etməklə “Yeni Müsavat”ın ünvanına təhdidlər dilə gətirilir. Siyasi ekspert kimi təqdim olunan Q.Nurani bu xüsusda danışarkən səfirliyimizdə törədilən qanlı terroru “məişət hadisəsi” kimi təqdim etməklə faktiki olaraq İran hakimiyyətinin mövqeyindən çıxış edir və aydındır ki, sifariş yerinə yetirmiş olur. Amma bütün təfərrüatları, ortaya qoyulan videokadrları ilə terror aktı olduğu şübhə doğurmayan hadisə barədə Elşad Paşasoyun yazdıqlarını “qara piar”, Azərbaycan hakimiyyətinin “sifarişi” adlandırır. Halbuki, bu da absurd iddiadır. Üstəlik, bizi İsrailin, “sionist rejimi”nin tapşırıqlarını yerinə yetirməkdə ittiham etməsi isə olduqca gülüncdür.

Əməkdaşımız Elşad Paşasoy feysbuk səhifəsindəki paylaşımına istinad olunması haqda bunları deyib:

"Q.Nurani İranın Ermənistanın yanında olduğu, Ermənistana dəstək verdiyi barədə yazdıqlarımıza da şübhə ilə yanaşmağa cəhd edib. Lakin yazdıqlarımızın əksinə arqumentlər gətirə bilməyib, çünki reallıq ortadadır. “Azərbaycanın ən ağır günlərində İran Azərbaycanın yanında olub”- deyən iranlı ekspert çox uzağa getməsin, elə son gəlişmələrə diqqət etsin. 44 günlük müharibə və ondan sonrakı illərdə İranın davranışlarına, elə İrandakı səfirliyimizdə terror törədilməzdən bir neçə gün əvvəl Paşinyanın həyat yoldaşının prezidentin iştirakı ilə keçirilən tədbirdə yuxarı başda əyləşdirilməsi, məscidə aparılması, “əməli-saleh” şəxs statusunda təqdim olunması, həmçinin Tehranla İrəvan arasında “bacı-qardaş” münasibətini rəsmiləşdirən sazişin imzalanmasının şahidi olduq.

Söhbət 30 il ərzində Azərbaycanın işğalda olan ərazilərindəki məscidləri dağıdan, Allahın evində donuz saxlayan ölkədən gedir! İranın son iki ildə Azərbaycan sərhədlərində iki dəfə hərbi təlimlər keçirməsi də Ermənistana qarşı təhdid deyildi və bu, Azərbaycana “səmimi münasibət”dən irəli gəlmirdi. Yəni real münasibətin necə olduğunu İranda da yaxşı anlayırlar. Biz Azərbaycan vətəndaşları olaraq hər zaman normal münasibətlərin tərəfdarı olmuşuq, hətta Ermənistanla da münasibətlərimizin səhmana salınmasına tərəfdarıq, bölgədə günahsız insanların qanının axıdılmasına qarşıyıq. Eyni zamanda Azərbaycan dövləti öz ərazisindən İrana qarşı istifadəyə heç zaman imkan verməyib bu illər ərzində, müxtəlif təzyiqlərə, təsirlərə rəğmən. Amma bütün bunların qarşılığında bütün dünyada toxunulmazlıq hüququ olan diplomatlarımızın terror hücumuna məruz qalması ağlasığmaz hadisə oldu və təbii ki, bu, hər kəs tərəfindən lənətlənməli olaydır, biz də təkcə jurnalist mövqeyindən çıxış etmirik, həm də insan olaraq münasibətimizi ifadə edirik. Allahın yaratdığını məhv etmək cinayət olmaqla yanaşı, dində böyük günahdır, bunun cəzası ağırdır, gərək ki, Nurani daxil, digər ekspert və iranlı jurnalistlər də bunu unutmasınlar. İran telekanalında şəxsimizlə bağlı müzakirənin açılmasının səbəbləri barədə hələ ki, konkret bir ehtimal irəli sürmək istəmirəm. Amma təbii ki, İranın anti-Azərbaycan kanalında hansısa hədəf göstərilməyimiz sağlam niyyətdən irəli gəlmir. Biz dövlətimizə, hüquq-mühafizə orqanlarımıza güvənirik və istisna deyil ki, təhlükəsizliyimizə yönəlik hər hansı təhdid etimalı ilə bağlı müvafiq qurumlarımıza müraciət edə bilərik”.

Musavat.com "Səhər" kanalının sözügedən verilişinin videoyazısını təqdim edir:

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR