İnsanlara hürriyət, millətlərə istiqlal!

İran həmin LAYİHƏYƏ iştahlanaraq susur – “şeytan dövlət” onu 5 yerə bölə bilər...

1794 07.04.2024 12:41 Siyasət A A

“Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək cəhdləri qəbuledilməzdir. Bu proses bu gün Cənubi Qafqazda sülhə gedən yolun qapadılmasına gətirib çıxara bilər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

samir esas.jpg (198 KB)

Politoloq vurğulayıb ki, çox maraqlı bir tendensiya yaranıb:

“Son vaxtlara qədər “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” deyən İrandan səs çıxmır. İran hətta Azərbaycanı ittiham edirdi ki, sən bölgəyə İsraili, NATO-nu gətirirsən və s. Amma bu gün Ermənistan açıq şəkildə NATO-nu bölgəyə gətirmiş olur. Görünür, İran mövqe bildirmək istəmir. Halbuki Azərbaycan İkinci Qarabağ savaşından sonra təklif etdi ki, altılıq bir platforma yaradılsın. Yəni 3 Cənubi Qafqaz ölkəsi - Ermənistan, Azərbaycan, Gürcüstan və ona qonşu olan 3 ölkə - İran, Rusiya, Türkiyə. Nə İran, nə də Ermənistan bu məsələyə yaxın düşdü. Bu istəkdən vaz keçdilər. Bu gün artıq İranın dostu Ermənistan ABŞ-ı bölgəyə gətirir. Halbuki İran ABŞ-ı şeytan dövlət adlandırır”.

“Bundan sonra nə baş verəcək?” sualına politoloq belə cavab verib:

“Hesab edirəm ki, necə ki, Avropa İttifaqının sülhməramlı missiyası adı altında keçmiş hərbçiləri yavaş-yavaş Ermənistan-Azərbaycan sərhədinə yığmağa başladılar, eyni vəziyyəti daha da genişləndirəcəklər.

MİSSİYA.jpg (295 KB)

Necə ki, Fransa Ermənistanı silahlandırır, bu dəfə artıq geniş kontingentlə gələcəklər. İqtisadi layihə demələrinə baxmayın. Mən buna inanmıram. Hesab edirəm ki, daha çox hərbi sahəni gücləndirməyə çalışacaqlar. Bu, birbaşa İranın özünə təhdid yaradacaq. Hələ ki, İran səsini çıxarmır. Ola bilsin ki, İran Hindistan, İran, Ermənistan və Gürcüstan üzərindən keçən “Baharat yolu” layihəsinə iştahlanır. Anlamır ki, ABŞ-ın əsas məqsədi və hədəfi İranın 5 yerə bölünməsidir. Üstəlik, Ermənistanı hərbi poliqona çevirirlər. Bu, artıq qırmızı xətlərin keçilməsidir. 20 oktyabr 2022-ci ildə Azərbaycan Zəngilanda Hava Limanının açılışını edərkən İran Ermənistanın Qafan rayonunda konsulluq açdı. Bu onu göstərir ki, İran bölgədə konsulluq vasitəsilə olmağa çalışır. Hətta son vaxtlar erməni politoloqlar tərəfindən İranın Ermənistanda hərbi baza qurmaq niyyətinin olduğu da deyilir”.

“ABŞ bölgəyə gələndə İran nə edəcək?” sualına ekspert belə cavab verib:

“Qərb ölkələri Paşinyan vasitəsilə İranı tam nəzarətdə saxlamağa başlayacaqlar. İkincisi, Rusiya Ermənistanı sıxışdırmağa doğru gedəcək. Rusiya Paşinyan administrasiyasını hakimiyyətdən sala biləcəkmi? ABŞ və Avropa İttifaqı ilə imzalanmış müqaviləni Paşinyanın yerinə gələcək şəxsin ləğv etməsini reallaşdıra biləcəkmi? Bunlar sual altında olan məsələlərdir. Hesab edirəm ki, Nikol Paşinyan Qərbin dəstəyini arxasına alıb Rusiyaya qarşı çevrilməyə çalışır.

BRUKSƏ.jpg (84 KB)

Azərbaycan, Rusiya, Türkiyə açıqlama verdi ki, biz məsələni bölgədə həll etməliyik. Altılıq platforması əslində bir növ hər bir ölkə üçün bərabər şərait yaradır. Fikrimcə, Prezident İlham Əliyevin Mövlud Çavuşoğlu ilə görüşündə səsləndirdiyi fikirlər ondan xəbər verir ki, yeni konfiqurasiya Qərb tərəfindən Ermənistan üzərindən həyata keçirilməyə çalışılır.

CAVUS SON.jpg (118 KB)

Bölgəmizdə çox təhlükəli oyunlar gedir. Bu oyunların görünən tərəfi Ermənistandırsa və onu Azərbaycana qarşı yönəldirlərsə, bunu da iqtisadi layihə deyib arxa planda hərbi layihə edirlərsə, daha geniş məqamda burada Rusiya və daha uzunmüddətli strategiyada Çin var. Görünən odur ki, burada məqsəd birbaşa həm İranı nəzarətdə saxlamaq, həm də Rusiyanı bölgədə sıxışdırmaqdır. Yaxud da sıxışdırıb tam çıxara bilməsə də, Rusiyanın bölgədəki imkanlarını məhdudlaşdırmaqdır”.

Politoloq bildirib ki, Azərbaycana müəyyən formada təsir etmək də bu kontekstə daxildir:

“Amma Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı enerji layihələri onların qarşısına bir maneə kimi çıxır.

Hesab edirəm ki, atılan addım Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsinin ertələnməsinə, şərtlərin müəyyən mənada dəyişdirilməsinə hədəflənib. Təsir etmək istəyəcəklər. Təbii ki, ağır bir prosesdir. Amma gözlənilən odur ki, baş verənlərin kontekstində arada qalacaq dövlət Ermənistan, ardından isə İran olacaq. Çünki Qərbin İranı sıxışdırmaq cəhdləri artıq Ermənistan vasitəsilə reallığa çevrilir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR