İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin təsdiqlədiyi Azərbaycan-Rusiya sazişinin iqtisadi və siyasi dəyəri varmı?

4022 05.11.2015 16:27 İqtisadiyyat A A
Vüqar Bayramov: “Siyası çalarları olan bu addım eyni zamanda iqtisadi təsirlərə də malikdir”

Natiq Cəfərli: “Hər iki ölkədə məhkəmələr hakimiyyətin sifarişi ilə işlədiyi üçün qanunun heç bir təsir gücü olmayacaq”

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin RF və Azərbaycan hökumətləri arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb. 2014-cü il sentyabrın 29-da Həştərxanda imzalanmış sənədin məqsədi iki ölkənin investorları üçün daha əlverişli rejim təqdim etməkdir.

Məlumatda deyilir: "Saziş Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəldilib”.

Qeyd edək ki, Putinin bu addımı ekspertlər tərəfindən siyasi bir addım kimi qiymətləndirilir və Qərbin saksiyalarına məruz qalan şimal qonşumuzun Qafqazda möhkəmlənmək istəyini ifadə edir. 

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı mövcud investisiyaları ilə müqayisədə azərbaycanlı iş adamlarının və iri biznes qurumlarının Rusiyaya investisiya yatırımının həcmi daha böyükdür. 

Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya investisiyası artıb. 2015-ci ilin 6 ayı ərzində Rusiya investisiyası ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq, 221,9 milyona çatıb. Azərbaycanın bu ölkəyə yatırdığı birbaşa investisiyaların həcmi isə 1 milyard dolları ötüb. 

Bəs, görəsən belə olan halda bu qanunun imzalanması Azərbaycana nə qazandıracaq? Azərbaycanlı investorların Rusiyadakı bizneslərinə hər hansı faydası olacaqmı? Yoxsa, bu addım sadəcə bir siyasi jestdir və Rusiya Qərbin üz döndərməsi fonunda Cənubi Qafqaz və Yaxın Şərq ölkələri ilə münasibətlərə istilik gətirmək istəyir? 

Musavat.com-un suallarını cavablandıran iqtisadçı alim Vüqar Bayramov Putinin belə bir qanunu imzalamasını siyasi jest kimi dəyərləndirib: “Rusiya prezidentinin investisiyaların qorunması ilə bağlı qanunu imzalaması daha çox siyasi jest kimi dəyərləndirilsə də, təbii ki, məsələnin iqtisadi tərəfləri də var. Aydındır ki, Qərbin sanksiyaları fondunda Rusiya regionda daha çox möhkəmlənməyə çalışır. Moskva ilə Brüssel və eləcə də Vaşinqton arasındakı buzların yaxın zamanlarda əriməyəcəyi bəllidir. Bu kontekstdən Rusiya MDB-də güclənməyə və eləcə də Yaxın Şərqə yenidən qayıtmağa çalışır. Azərbaycan Rusiya üçün əhəmiyyətli ölkədir. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən çoxuna sahib olan ölkəmiz Ukrayna ilə yanaşı birlikdə ən strateji dövlətlərdən hesab edilir. Balanslı xarici siyasət aparan Azərbaycanın Rusiya ilə münasibətlərində heç zaman ciddi problemlər olmayıb. Bu baxımdan, Moskva daha çox iqtisadi layihələrə üstünlük verir. Son qanun investisiyaların qarşılıqlı “mübadiləsinə” imkan verəcək. Bu baxımdan siyası çalarları olan bu addım eyni zamanda iqtisadi təsirlərə malikdir. Azərbaycan üçün Rusiyadakı investisiyaların qorunması vacibdir”. 

İqtisadçı alim bu qanunun iqtisadi faydalarının olacağını da istisna etmədi: “Bir tərəfdən Dövlət Neft Fondu Rusiyaya investisiya edib, digər tərəfdən özəl və fərdi yatırımçıların şimal qonşumuzda xeyli sərmayələri var. Buna görə də, sərmayələrin qorunması ölkəmiz üçün iqtisadi əhəmiyyət daşıyır. Digər tərəfdən, sərmayələrin qarşılıqlı qorunması rus pullarının da ölkəmizə axınına səbəb ola bilər. Rusiya iş adamlarının dərman preparatlarının istehsalı daxil olmaqla qeyri-neft sektorunda bir sıra istiqamətlər üzrə yatırım etmək istəyi də bu baxımdan diqqəti çəkəndir. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2013-cü ildə 2,4 milyard dollar olub. 2014-cü ildə bu rəqəm rublun dəyərdən düşməsi nəticəsində 1,8 milyard dollara qədər azaldı. 2015-ci ildə də dövriyyənin azalacağı gözlənilir. Deməli, regional çətinliklər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələrin dəstəklənməsi üçün yeni addımların atılmasına ehtiyac var idi. Son qanun da məhz bu addlmlardandır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, hər iki ölkədə normal iqtisadi məhkəmə sisteminin olmaması bu qanunun işlək mexanizminin olmadığından xəbər verir: “Normal ölkələrdə belə qanunlara ehtiyac olmur. Çünki, beynəlxalq qanunlar investorların fəaliyyətini qoruyur. Rusiyanda bu qanunun qəbul olunması isə daha çox siyasi çalarları ilə seçilir. Azərbaycan Rusiyadan fərqli olaraq Ümumdünya Ticarət Təşkilatınln üzvü deyil. 17 ildir ki, Azərbaycan bu təşkilata üzv olmaq üçün danışıqlar aparır və üzv olmamaqda israrlıdır. Çünki ÜTT-yə üzv olmağın bir şərti də birgə investisiyaların qorunması ilə bağlı öhdəliklərin götürülməsidir. Rusiya bu təşkilata üzv olub, lakin Azərbaycan üzv deyil. Çox güman ki, Rusiyanın bu addımı atmasının yeganə iqtisadi səbəbi məhz bununla bağlıdır. Lakin digər səbəbləri siyasi jest kimi, Rusiyanın Azərbaycanla daha çox yaxınlaşma istəyi kimi dəyərləndirmək olar. Əgər Rusiyada normal məhkəmə sistemi yoxdursa, bu qanunun heç bir faydası olmayacaq. Hər iki ölkədə  məhkəmələr sifarişli qərarlar verirsə, siyasi hakimiyyətin məhkəmələrə təsir imkanları böyükdürsə bu qanunun heç bir dəyəri yoxdur.  Digər tərəfdən Rusiyaya investisiya qoyan əksər azərbaycanlı iş adamları Rusiya vətəndaşıdır və onların fəaliyyəti  ikitərəfli qanunlarla deyil, Rusiyanın daxili qanunları ilə tənzimlənir. Lakin ARDNŞ-in və Beynəlxalq Bankın Rusiyada investisiyaları var. Həmçinin BTB bankın və LUKOİL-in burada investisiyaları var. Bu qanun sözügedən qurumların mülkiyyət hüququnu qoruyacaq. Yəqin ki, Rusiya hökuməti Azərbaycanda iqtisadi vəziyyətin yaxın müddətdə gərginləşəcəyini düşündüyü üçün öz investorlarını qorumaq üçün belə bir addım  atıb”. 

İqtisadçı ekspert Nazim Məmmədov isə Azərbaycanın Rusiyanın rəhbərlik etdiyi istənilən iqtisadi və ya siyasi antiqərb blokuna üzv olmasının əleyhinə olduğunu bildirdi: “Hər bir ölkə ilə ikitərəfli münasibətlərin genişləndirilməsi müsbət haldır. Lakin mən Azərbaycanın heç bir iqtisadi və ya siyasi bloka qoşulmasının tərəfdarı deyiləm. Ermənistanla strateji, hərbi tərəfdaş olan bir ölkənin rəhbərlik etdiyi hər hansı ittifaqa, eləcə də Gömrük İttifaqına Azərbaycanın daxil olması qəbuledilməzdir. Bu baxımdan biz ikili tərəfdaşlığın tərəfdarıyıq. Lakin biz unutmamalıyıq ki, bizim məhsullarımızın əsas alıcıları məhz Avropa ölkələrdir. Ölkəmizə gələn avtomobillərin, texniki avadanlıqların, informasiya texnologiyalarının hamısı Qərbdən gəlir. Rusiyadan bizim iqtisadiyyatımızın inkişafı üçün ala biləcəyimiz heç bir şey yoxdur. Bu qanunun imzalanması Azərbaycana heç nə vəd etmir. Biz tarixdə Kremlin siyasətinin Azərbaycanda hansı faciələrə səbəb olduğunu bilirik və mən qatı əleyhdarıyam ki, Azərbaycan Rusiyanın rəhbərlik etdiyi antiqərb bloklarına qoşulsun. Bu, bizə fayda deyil, ziyan gətirə bilər. Putinin imzaladığı bu qanun şirnikləşdirici bir qərardır və Azərbaycanı antiqərb isterikasına qoşmaq istəyir. Ancaq biz buna getməməliyik”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR