İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiyməti 25 dollara qədər düşə bilər

1578 05.11.2016 11:00 İqtisadiyyat A A
Neftin qiymətinin noyabr ayının sonunda baş tutacaq OPEC toplantısından sonra düşəcəyi ilə bağlı ehtimallar artır. Əksər ekspertlər sözügedən toplantıda qərarın verilməyəcəyi qənaətindədirlər.

Qlobal bazarda neft qiymətləri noyabrın 30-da Vyanada  keçiriləcək növbəti OPEC sammitindən sonra 25 dollar/barelə qədər enə bilər. Buna səbəb neft hasilatçısı olan ölkələr arasında hasilatın məhdudlaşdırılmasına dair ortaq fikrə gəlməkdə yaranan çətinliklərdir. Belə ki, hasilatçı ölkələrin hər biri digər ölkələri hasilatı azaltmağa çağırır, özü isə hasilatı sürətlə artırmağa davam edir.

Oktyabrda OPEC üzrə gündəlik hasilat 34 milyon barelə yaxınlaşıb, Rusiya 11,22 milyon barel/gün hasilatla postsovet dövrünün maksimal həddinə çatıb, Liviya və Nigeriya neft hasilatını bərpa edərək bazara əlavə 800 min barel neft ötürüb, İraq və İran isə öz növbəsində hasilatı sürətlə artırmağa davam edir. Bununla yanaşı, hasilatçı ölkələrin rəsmiləri hasilatın məhdudlaşdırılmasının zəruriliyi, hətta bu prosesdə razılaşmanın əldə edilməsinə yaxın olduqlarını səsləndirirlər. 

“Report”un analitik qrupu hesab edir ki, neft qiymətlərinin artması və 50 dollar/barelə yaxınlaşması, həmçinin ABŞ-da şist neft hasilatı artdığı üçün qiymətlərin maksimal həddinin yaxın illərdə 40 dolları keçməyəcəyi proqnozlaşdırılır. Vyana sammitində isə hasilatçı ölkələrin qış mövsümünün başlaması ilə əlaqədar neftə tələbin artması fonunda hasilatın məhdudlaşdırılmasına dair qərarın alınmayacağı və neft bazarında yaranmış vəziyyətin bir qədər də təhlil edilərək növbəti iclasda bu məsələyə yenidən baxılacağı qərarının alınması gözlənilir. Sammitdə razılaşmanın əldə edilməyəcəyinə digər səbəb isə neft bazarı uğrunda gedən kəskin mübarizədir. Məhz bu səbəbdən heç bir iri neft hasilatçısı hasilatını məhdudlaşdırmağa razı olmayacaq. Belə ki, İran və İraq prosesə qoşulmayacağını bildirib, bu isə Səudiyyə Ərəbistanının öz hasilatını azaldaraq prosesə dəstək verməsinə gətirib çıxarır ki, bunun da mümkün olmayacağı bəllidir. Üstəlik, hər iki tərəf hazırda qeyri-rəsmi müharibə içindədir. Hazırda dünya neft hasilatında liderliyə sahib olan Rusiyanın isə maliyyə problemləri səbəbi ilə hasilatı azaltmayacağı dəqiqdir. Bu ölkənin rəsmiləri mütəmadi olaraq hasilatın azaldılması deyil, dondurulmasına dəstək verəcəyini bildiriblər. Sadalanan amillər nəzərə alındıqda neft bazarında 2016-cı ilin sonu və 2017-ci ildə gərginliyin maksimal həddə çatacağı gözlənilir. Vyana sammitindən sonra neft qiymətlərinin kəskin azalacağı, 2017-ci ildə isə hətta 25 dollar/barelə qədər enəcəyi real görünür".

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, OPEC toplantısında anlaşmanın əldə olunacağı ehtimalları azdır: “Təqribən bu ilin fevral ayından bəri OPEC və Rusiya danışıqlar yolu ilə, sözlü müdaxilələr, bazara psixoloji təsirlər yolu ilə müəyyən qədər qiymətləri bahalaşdıra bildilər. Qiyməti 50 dolara qədər çəkməyi bacardılar. Amma bazar oyunçuları nəhayət anladılar ki, OPEC-in anlaşma ilə bağlı problemləri var. OPEC daxilində ciddi fikir ayrılıqları var. OPEC-in qəbul etdiyi hər hansı bir qərarın yoxlama mexanizmləri yoxdur ki, qəbul etdiyi qərarları yoxlasın və qərarları pozan hər hansı ölkəyə qarşı sanksiya tətbiq etsin. OPEC-in belə bir gücü və yetkisi yoxdur. OPEC-lə bağlı belə bir problem var. Son danışıqlarda OPEC-ə daxil olmayan altı ölkəni də dəvət ediblər. Belə məlum oldu ki, kvotalarla bağlı ciddi problemlər var, kvotaları bölüşdürə bilmirlər. 

Çünki OPEC-ə daxil olan bir neçə ölkə, əsas oyunçu ölkələrdən biri, İran, İraq, Liviya kimi ölkələr hasilatlarını maksimum həddə çatdırmağı düşünürlər. Öz bazar paylarını qorumağı düşünürlər. Buna görə də bir anlaşma olmadı. Noyabrın sonunda Vyanada keçiriləcək görüşdə ciddi bir anlaşma olması ehtimalı çox aşağı düşdü. 

Buna görə analitiklər hesab edirlər ki, əgər hər hansı bir anlaşma olmasa, OPEC toplantısından sonra qiymətlərdə çox ciddi enmələr müşahidə olunacaq. Düşünmürəm ki, qiymətlər lap aşağı, bareli 25 dollara qədər enəcək. Amma ən azından 35 dollara qədər qiymət geri çəkilə bilər. Amma formal da olsa, müəyyən anlaşma olacaq. Sözdə müdaxilələr olacaq ki, qiymətlərin daha da aşağı düşməsinin qarşısı alınsın. Düşünürəm ki, OPEC toplantısından sonra neftin qiyməti bu ilin ikinci yarısında olduğu kimi, 40-50 dollar arasında "rəqs edəcək". Amma bu, bir daha sübut edir ki, 2017-ci ildə dünyada iqtisadi artım tempinin də zəif qalacağını nəzərə almaqla, uzun zaman, uzun illər neftin qiymətinin kəskin artması ehtimalı getdikcə sıfırlanır".

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR