İnsanlara hürriyət, millətlərə istiqlal!

“Manata təzyiqlərin artacağı ehtimalı yüksəkdir”

4030 29.09.2016 08:20 İqtisadiyyat A A
Manatın məzənnəsi ilə bağlı yenidən müzakirələr aparılır. Son olaraq Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir. Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5 faiz korreksiyaya uğrayıb: “Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir.

Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və sair amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdi. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”.

Maraqlıdır, Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün hansı zəruri addımlar atılır? Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manata təzyiqlərin artacağı şübhəsizdir: “Mərkəzi Bankın sədrinin Maliyyə Sabitliyi Şurası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində milli valyutaya  təzyiqlərin aradan qaldırılmasına dair verdiyi açıqlama ilə bağlı bildirmək istəyirəm ki, hökümətin iqtisadi bloku tərəfindən milli valyutaya təzyiqin azalmasına yönəlmiş tədbirlər ilk növbədə  Neft Fondu və Mərkəzi Bank tərəfindən bazara çıxarılan dollar  təklifinin müəyyən dərəcədə artırılması olub. Həmçinin idxal əməliyyatlarının azaldılması, dövriyyədə olan manat kütləsinin sıxılması, nəzərdə tutulmuş bir sıra investisiya layihələrinə aid xərclərin dayandırılması kimi tədbirlər görülüb. Bu addımların qısamüddətli makroiqtisadi effekti hazırda ölkədə müşahidə olunur. Lakin həmin addımların dayanıqlı effektindən təəssüf ki, söhbət gedə bilməz. Çünki milli valyutanın məzənnəsinin formalaşmasına təsir edən fundamental amillərlə bağlı tendensiyalar dəyişmir. Bu tendensiyalar bir tərəfdən  xarici faktorlarla, yəni dünya bazarında neftin qiymətinin ölkə iqtisadiyyatı üçün qeyri-məqbul səviyyədə olması ilə, digər tərəfdən isə milli iqtisadi sistemin strukturu ilə bağlıdır ki, buraya kapital axınının, idxaldan asılılığın yüksək səviyyədə  olması və digər amillər daxildir. Bu baxımdan, yaxın aylarda manata təzyiqlərin artacağı ehtimalı yüksəkdir. Hesab edirəm ki, dayanıqlı şəkildə milli valyutaya təzyiqlərin azalması üçün ilk növbədə ölkədən kapital axınının qarşısı maksimum şəkildə  alınmalı, heç olmasa daxili bazarın təmin olunması baxımından ölkədə real sektorun inkişafı təmin edilməlidir. Eyni zamanda ölkəyə alternativ dollar axını kanalları inkişaf etdirilməli, idxalı əvəz edə biləcək sahələrdə real şəkildə müsbət dinamikaya nail olunmalıdır. Əks halda, sırf sərt pul siyasəti ilə, manat kütləsinin azaldılması ilə, rezervlərin tükənməsi hesabına müəyyən məhdud çərçivədə dollar təklifinin artırılması hesabına manatın məzənnəsinin möhkəmləndirilməsi, orta və uzunmüddətli  perspektivdə qeyri-mümkündür. Əksinə, real sektorun maliyyə resurslarına çıxışına qoyulan məhdudiyyətlər işgüzar fəallığın azalmasına səbəb olaraq, ölkədə həm daxili bazarın təmin olunması, həm ixrac potensialının diversifikasiyası, həm də işgüzar mühitin zəifləməsi və istehlak həcmlərinin azalması  nəticəsində ölkədən kapital qaçışının artması baxımından zərərlidir. Nəzərə almaq lazımdır ki, hər bir iqtisadi sistemdə dayanıqlı maliyyə sabitliyinin bünövrəsi dayanıqlı və rəqabətqabiliyyətli real sektorun inkişafıdır. Buna görə də iqtisadi bloka daxil olan qurumlar strateji yanaşma göstərməli və makroiqtisadi tənzimləmə siyasətində real sektorun inkişafını prioritet kimi qəbul etməlidirlər”.

Image result for professor elşad məmmədov

Ekspert Samir Əliyev isə qeyd edib ki, maliyyə naziri və baş bankir manatın durumu ilə bağlı qısa olsa da maraqlı açıqlamalar veriblər: “Bu açıqlamalardan aşağıdakı nəticələrə gəldim: Manatın üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur. Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər. Hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək. Mərkəzi Bankın pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu baş versə belə, digər alətlər vasitəsilə, məsələn, depozit hərracı ilə bazara yol tapmasına imkan verməyəcək. Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək. İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq. Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq. Burada yeni fikirlər yoxdur, ekspertlər həmişə bu fikirləri səsləndirib. Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq kifayət qədər sezilirdi, xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin ”məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir",- fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi. Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyünü qeyd edib. O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələ ki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir".

Röya RƏFİYEVA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR