İnsanlara hürriyət, millətlərə istiqlal!

İxracat azalır - neft-qaz gəlirləri və qeyri-neft sektorunda enmə var...

2983 04.09.2016 22:13 İqtisadiyyat A A
Ekspertlər bildirirlər ki, valyuta bazarında gərginliyin artacağını halda vəziyyət bir az da mürəkkəbləşəcək və iqtisadi durum ağırlaşacaq...


İxracatla bağlı göstəricilər həyəcan təbili çalır. Bu ilin ilk 7 ayında ixracat keçən ilin müvafiq dövrünə nisbətən 38,57 faiz azalıb. Bu barədə açıqlama verən ekspert Qubad İbadoğlu bildirib ki, əsas ixrac məhsulu olan xam neft və neft məhsullarının ixracatından gəlirlərin azalması yalnız neftin dünya bazar qiymətləri deyil, həmçinin ixracatla bağlı göstəricilərin pisləşməsi ilə bağlıdır: “Gömrük məlumatına görə, bu ilin 7 ayının yekunlarına görə, xam neft ixracatı 1 milyon 3 04 min ton və ya 9,6 faiz azalıb. Dövr ərzində azalma tendensiyası neft məhsullarının ixracatında da müşahidə olunub. Belə ki, xam neftin ixracatı bu ilin 7 ayında keçən ilə nisbətən 407 min 412 ton və ya 31, 7 faiz azalıb. İxracatda əsas malların struktur təhlili göstərir ki, bu ilin ilk 7 ayında xam neftin satışından əldə edilən valyuta gəliri 3,55 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,31 milyard dollar və ya 39,5 faiz azdır. Bu dövrdə yalnız xam neft satışından gəlirlər deyil, həm də neft məhsullarının ixracatında qazanc 259 milyon dollar və ya 54,3 faiz azalıb. Müqayisə olunan dövr ərzində təbii qaz ixracatı 20 milyon kub metr artsa da, onun satışından əldə edilən gəlir 2,5 milyon dollaradək az olub. Beləliklə də, neft-qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən 2,57 milyard dollar azalıb”.

Ekspertin sözlərinə görə, ixracatda narahatedici əsas məqamlardan biri də neft-qaz gəlirlərinin azalması ilə yanaşı, qeyri-neft bölməsinin ixracatının da aşağı düşməsidir: “Təəssüf ki, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından 6 ay, ilk devalvasiyadan 1 il 7 ay ötməsinə baxmayaraq, bu sahədə nəinki irəliləyiş, hətta geriləmə vardır. Belə ki, bu ilin 6 ayının gömrük məlumatına görə, qeyri-neft bölməsinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq cəmisi 584,5 milyon dollar təşkil edib. Qeyri-neft bölməsinə məxsus olan ixracat məhsullarının struktur təhlili göstərir ki, ötən illə müqayisədə bu ilin ilk 7 ayında ən çox artım meyvə və tərəvəzdə olmuş və bu növ məhsulun ixracatından 41,2 milyon dollar çox gəlir əldə edilib. Təhlil olunan dövrdə çay, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar, spirtli və spirtsiz içkilər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatların ixracatında gəlirlər azalmış, pambıq iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların ixracatında isə artım qeydə alınıb”. 

Q.İbadoğlunun sözlərinə görə, qeyri-neft ixracat məhsullarının strukturunun retrospektiv təhlili göstərir ki, mövsümi amillərin təsiri ilə növbəti aylarda bu bölmənin əsas ixrac məhsulu olan meyvə-tərəvəzin ümumi yekunda payı azalaraq, bütövlükdə qeyri-neft ixracatının mövqeyini zəiflədəcək: “Təbii ki, perspektivdə valyuta bazarında gərginliyin artacağını halda vəziyyəti bir az da mürəkkəbləşdirəcək və iqtisadi durumu ağırlaşdıracaq. İdxalı əvəz edən yerli istehsalın təşkili və ixracatın artımı Azərbaycan manatının sabitləşdirici əsas amillərdən sayıla bilər. Bu isə milli iqtisadiyyatın liberallaşdırılmasını, xarici ticarətin açıqlığını və sağlam rəqabətin dəstəklənməsini tələb edir”.

Keçmiş maliyyə naziri Fikrət Yusifov isə musavat.com-a bildirib ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatlarında cari ilin 7 ayı ərzində ixracın həcminin 38,57 faiz azalması bildirilir: “Bunun əsas səbəbi bir tərəfdən neftin qiymətlərinin, digər tərəfdən isə onun hasilatının aşağı düşməsi ilə bağlıdır. Bütövlükdə 7 ay ərzində idxal və ixrac arasında 167,5 milyon ABŞ dolları həcmində mənfi saldo əmələ gəlib. Ölkənin tədiyyə balansındakı mənfi saldo isə 250 milyon dollara yaxındır. Yaranmış vəziyyət manatın məzənnəsinə təzyiqləri artıran başlıca səbəblərdən birincisidir. Manatın məzənnəsinə təsir edən başqa səbəblər isə yaranmış panik durumda hər kəsin əlindəki manatı ehtiyac oldu-olmadı birinci imkan düşən kimi dollara çevirmək cəhdidir. Apardığımız araşdırmalar göstərir ki, hətta bir çox təşkilatlar ayın axırında işçilərinə əmək haqqı şəklində ödəyəcəkləri vəsaiti də əvvəlcədən dollara dəyişib, ayın axırında onu daha sərfəli kursla manata çevirərək əmək haqqı ödəyirlər. Digər tərəfdən, büdcədən ayrılan vəsaitlərin - xüsusilə də təmir-tikinti, abadlıq işləri üçün ayrılan vəsaitlərin böyük bir qismi dərhal dollara çevrilir. Nəticə etibarilə tədiyyə balansında mənfi saldonun mövcud olduğu bir məqamda, manata təkcə xarici valyutaya təbii ehtiyacı olan idxalatçılar tərəfindən deyil, başqa bütün səviyyələrdən də basqılar edilir. Belə olan halda təbii ki, manatın məzənnəsində hər gün baş verən ucuzlaşmaları başa düşmək çətin deyil. Nəzərə alaq ki, ölkədə xarici valyutaya təbii ehtiyac təkcə idxal mallarını alıb gətirmək üçün yaranmır. Ortada başqa təbii məqamlar da var. Bu sıraya xaricə turist kimi gedən vətəndaşların özləri ilə apardıqları xarici valyutanı, təhsil və müalicə üçün xaricə çıxarılan valyutanı, xaricdən kredit götürmüş müəssisələrin, o cümlədən bankların ilin sonuna doğru vaxtı çatmış öhdəliklər üzrə etdikləri ödənişləri, başqa ölkələrdə yatrımlar etmək məqsədilə baş verən kapital axınını da əlavə etdikdə, mənzərənin bir o qədər də ürəkaçan olmadığı aydın olur”.

Qeyd edək ki, 2016-cı ilin yanvar- iyul aylarında Azərbaycanın özəl sektorunun ixracı 444 milyon 358 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 253 milyon 246 min dollar və ya 36 faiz azdır. 2015-ci ilin yanvar- iyul aylarında Azərbaycandan özəl sektorun ixracı 697 milyon 603 min dollar təşkil etmişdi. Ekspertlərin fikrincə, Azərbaycan nümunəsi bir daha sübut edir ki, artıq devalvasiyalar ixracı artırmır. Çünki digər ölkələr də eyni vaxtda devalvasiyaya gedirlər. Bu da ixracatçıların əlinə daha çox milli pul keçməsinə imkan vermir. Həmçinin hamı eyni vaxtda ixracı artırmağa yönəldikdə ixrac malı bolluğu yaranır və qiymətlər aşağı düşür. (marja.az). Digər bir səbəb isə qlobal tələbin aşağı düşməsidir. İxrac yalnız mal satan tərəfin səyi ilə əlaqədar bir iş deyil. Qlobal durğunluq ilə əlaqədar olaraq dünya ölkələrində mallara tələbat aşağı düşüb. Neft ixrac edən ölkələrin gəlirləri azaldığından əhali xərclərini də azaldıb. 


Röya, 
musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR