İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiqrazlar yastıq altındakı pulları üzə çıxaracaqmı?

3448 27.01.2016 09:30 İqtisadiyyat A A
Maliyyə naziri Samir Şərifovun ANS-in “Hesabat” proqramına müsahibəsində səsləndirdiyi bir sıra məqamlar mətbuatda ciddi müzakirələrə səbəb olub. 

Qeyd edək ki, nazir valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün bir sıra tədbirlərin həyata keçiriləcəyini, yaxın günlərdə bazara istiqrazlar təqdim ediləcəyini deyib: “Bunlar manat istiqrazlarıdır. Bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları dəvət edirəm ki, evdə yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar. Biz yüksək faiz ödəyəcəyik. Bu faizlər inflyasiyadan bir qədər yuxarı olacaq. İnflyasiya 10 faizdirsə, biz 11-12 faiz verəcəyik”.

İqtisadçı ekspertlər nazirin səsləndirdiyi fikirləri birmənalı qarşılamayıblar. İqtisadçı ekspert Azər Mehtiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hökumət rəsmilərinin baş verəcək proseslərlə bağlı ictimaiyyətə açıqlama verməsi və onu əsaslandırması çox önəmlidir: “Bu addımlar nəinki qərar verildikdən sonra, əksinə, qərar verilməzdən əvvəl atılmalıdır. Çünki iqtisadiyyatdakı böhran durumu və bu böhranın aradan qaldırılması istiqamətində hökumətin hansı addımlar atacağı haqqında cəmiyyət vaxtında məlumat almalıdır. Atılan addımların əsas mənbədən birbaşa əhaliyə çatması çox önəmlidir. İctimaiyyət anlasın ki, qərarlar nədən ibarətdir, nə üçün qəbul olunub və bu qərarlar necə həyata keçiriləcək, proseslər necə tənzimlənəcək? Bu cür izahlar çox  önəmlidir. Çünki Azərbaycanda çox qəribə bir vəziyyət yaranıb ki, qanunvericilikdə edilən dəyişikliklər, qəbul olunan qərarlar yalnız qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır. Buna qədər cəmiyyətə ötürülən informasiyalar fərqli olur. Hətta bəzən informasiyaların qeyri-dəqiq ötürülməsində müəyyən qurumlar maraqlı olurlar. Bu da düzgün olmayan informasiyanın  cəmiyyətdə yayılmasına və doğru olmayan reaksiyalara  səbəb olur. Bu baxımdan, ən vacib məsələ hökumət adamlarının televiziyalarda vaxtında çıxış etməsi və yalan danışmadan, doğru-düzgün informasiyaların cəmiyyətə çatdırılmasıdır”.


Ekspert onu da qeyd elədi ki, bizdə hələ də müvafiq qurumların rəhbərləri ölkədə baş verən böhranın səbəblərini açıqlamaq əvəzinə, müxtəlif bəhanələr axtarırlar: “Göstərməyə çalışırlar ki, bu iqtisadi böhranın səbəbi heç də ölkədəki yanlış iqtisadi idarəetmə deyil, kimlərinsə verdiyi  səhv proqnozların nəticəsidir. Ancaq bu yanlış yanaşmadır. Ölkədə hökumət düzgün qərar qəbul edib, tətbiq edərlərsə, o zaman kiminsə şərh verməsi ilə ölkə iqtisadiyyatında panika baş verməz. Bu baxımdan, panikanın əsas səbəbi çox gec qəbul olunan qərarlar, bəzən isə düzgün olmayan qərarlardır. Məsələn, valyuta bazarında  prosesləri tənzimləyən qurumların rəhbərləri televiziyada hər hansı bir devalvasiyanın olmayacağını bəyan edəndən bir neçə gün sonra manat dəyərdən düşdü. Və ya, hökumət bu gün bir qərar qəbul edir, bir neçə gün sonra həmin qərarın mənfi təsirlərini gördükdən sonra  ləğv edir. Bu cür qeyri-müəyyənlik, qərarların ardıcıl olmaması son nəticədə panika yaranmasına gətirib çıxarır. Bu cür qərarların qəbulundan qaçmaq, qərarlar qəbul edilməzdən əvvəl onun təsirlərini nəzərə almaq, bu zaman cəmiyyətə həmin qərarların nə üçün qəbul edilməsi və hansı istiqamətdə addımların atılması haqqında məlumat verilməlidir. Bütün hallarda hökumətin əsas funksiyası iqtisadi-siyasi proseslərin arxasında sürünmək, hadisə baş verdikdən sonra onun təsirlərini aradan qaldırmaq deyil. Hökumət hadisələri qabaqlamalı və iqtisadiyyatda baş verəcək mənfi hadisələrin qarşısını almaq üçün öncədən düşünüb qərar verməlidir”. 

Azər Mehtiyev maliyyə nazirinin istiqrazların dövriyyəyə buraxılması təklifini müsbət qiymətləndirsə də, bunun yetərli olmadığını qeyd etdi: “Maliyyə naziri həm valyuta bazarında, həm ölkə iqtisadiyyatında yaranmış vəziyyətin aradan qaldırılması üçün atılacaq addımlardan danışdı. Xüsusilə də valyuta bazarında baş verən proseslərin tənzimlənməsi ilə bağlı fikirlər səsləndirdi.  Bildirildi ki, Maliyyə Nazirliyi istiqrazlar buraxmağa hazırlaşır, həm manat, həm dollar istiqrazları dövriyyəyə buraxılacaq, bununla da əhalinin əlində olan pulların dövriyyəyə qaytarılmasına çalışacaqlar. Bu doğru addımdır. Çünki  həqiqətən də son zamanlar yaranmış qeyri-müəyyən mühitdə insanlar əllərində olan cüzi vəsaiti də dollara çevirməklə gözləmə mövqeyi tutublar. Bu vəziyyət iqtisadiyyat üçün ağrılı bir proses ola bilər. Getdikcə əhali ilə hökumət arasında münasibətlərin korlanmasına, etimadsızlığa gətirib çıxarar. Ölkədə iqtisadi aktivliyin artırılması baxımından ən müxtəlif addımlar atılmalıdır. Məsələn, əmanətlərin məbləğinin tam sığortalanması, dollar və ya manatla ola biləcək istiqrazların satılması vəsaitlərin dövriyyəyə cəlb olunmasını nəzərdə tutur. Banklarda kredit faizlərinin aşağı salınması, xüsusilə işgüzar insanlara aşağı faizlərlə güzəştli kreditlərin verilməsi və sair mexanizmlər tətbiq edilməlidir ki, ölkədə iqtisadi canlanma baş verə bilsin.

Ancaq bu addımlar yetərli deyil. Yalnız bu qərarlarla əhalinin öz vəsaitlərini gətirib banklara qoyacağını, həmin istiqrazları alacağını düşünmək bir qədər sadəlövhlük olardı.  Çünki ötən il son dərəcə  gərgin hadisələrlə yadda qaldı. Bu hadisələr əhalinin banklara inamının sarsılmasına səbəb oldu. Bu etimadın qazanılması zaman istəyir. Hökumətdən ardıcıl addımların atılmasını istəyir”.   

Nərgiz LİFTİYEVA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR