Dünya Bankı 2016-cı ildə Azərbaycanda 0,8 faiz iqtisadi artım proqnozlaşdırır
Dünya Bankı (DB) dünya iqtisadiyyatı üçün öz qiymət və proqnozlarını pisləşməyə doğru yenidən nəzərdən keçirib.
"Report" xəbər verir ki, indi DB cari ildə artımı 2,9%, gələcəkdə isə 3,1% gözləyir.
Bu göstərici 2015-ci ilin iyun ayında güman ediləndəndən müvafiq olaraq 0,4% və 0,1% azdır. Sözügedən rəqəmlər DB-nin yanvarın 6-da Vaşinqtonda təqdim etdiyi yeni "Qlobal iqtisadi perspektivlər" hesabatında göstərilir.
Bank ötən ilin yekunu üzrə artımı indi 2,4% qiymətləndirir. Bu da iyun ayında gözləniləndən 0,4% azdır.
Bankın hesabatına görə 2015-ci ildə Azərbaycanda iqtisadi artım 2,0% təşkil edib. Eyni zamanda 2016 və 2017-ci illərdə artım müvafiq olaraq 0,8% və 1,2% həddində proqnozlaşdırılır.
Yeni hesabatı jurnalistlərə təqdim edən bankın baş iqtisadçısı Kauşik Basu 2015-ci ili "dünya iqtisadiyyatı üçün məyusedici il", 2016-cı ili isə "riskli il" adlandırıb.






