İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın qərarı: ən çox udan kim, uduzan kim?

1896 28.06.2016 07:25 İqtisadiyyat A A
“Böyük Britaniyanın Avropa Birliyindən çıxması ittifaqa böyük zərbədir.  Bu, tarixi böhrandır. Britaniyanın AB-dən çıxması xüsusilə maliyyə bazarları üçün qeyri-müəyyənlik dövrü yaradıb”. Bu fikirləri Fransa mətbuatına müsahibəsində ölkənin eks-prezidenti Nikolya Sarkozi söyləyib. Buna bənzər fikirlər əksər mütəxəssislər tərəfindən səsləndirilib. 

Referendumun nəticələri dünya iqtisadiyyatında da təlatüm yaradıb. Dünyanın iri şirkətlərinə, dövlətin valyuta ehtiyatlarına ciddi ziyan dəyib. O cümlədən Azərbaycan Dövlət Neft Fondu avronun zəifləməsi ilə ehtiyatlarından yarım milyard manat həcmində itki verib. 

“Yeni Müsavat”a açıqlamasında referendumdan sonrakı prosesləri dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, brexit birmənalı şəkildə dünya bazarına mənfi təsir edib: “Çünki söhbət dünya bazarının aparıcı ölkələrindən birinin Avropa Birliyindən çıxmasından gedir. İnstitutsional baxımdan Böyük Britaniya Avropa Birliyinə tam olaraq inteqrasiya etməmişdi, avrozonada yox idi, amma Avropanın idarəetmə qurumlarında təmsil olunurdu. Bu baxımdan onun Avropa Birliyini tərk etməsi nəinki adıçəkilən qurumların, eləcə də dünya iqtisadiyyatına təsirsiz ötüşmədi. Böyük Britaniya ÜDM-in həcminə görə dünyada ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra beşinci yerdədir, Avropa Birliyində iqtisadi gücünə görə ikinci ölkədir. Yəni söhbət kifayət qədər böyük gücə malik olan ölkənin Avropanı tərk etməsindən gedir. O baxımdan avronun dollara nisbətən zəifləməsi, dolların dünya bazarında möhkəmlənməsi müşahidə olunur və nəticə etibarilə yalnız valyuta bazarına deyil, biznesə də təsir göstərdi. Vəsaitlərini banklarda saxlayan iş adamlarının faktiki olaraq ziyanla üzləşməsinə gətirib çıxartdı. Biznesmenlərdə bir qərarsızlıq formalaşdırdı. Bundan sonra onlar daha ehtiyatlı davranacaqlar və çalışacaqlar ki, riskə yol verməsinlər. Böyük Britaniyanın itirəcəyi əvvəlcədən bəlli idi. Bu ölkə daha çox strateji gəlirlərə ümid edir və faktiki olaraq bu ölkənin milli valyutasının stabilləşməsi üçün Böyük Britaniya Mərkəzi Bankından təcili paket olaraq 300 milyard dollar vəsaitin intervensiyası həyata keçirilib. Güman olunur ki, qlobal təzyiq artdıqca bu məbləğ də arta bilər. Bu onu göstərir ki, bu referendum hətta Böyük Britaniya üçün kifayət qədər zərərli oldu. Lakin ölkə miqrant problemindən sonra strateji olaraq çalışır ki, gəlirlərini tənzimləsin”. 

İqtisadçının fikrincə, bu prosesin Azərbaycan üçün də bir sıra təsirləri var: “Azərbaycana mənfi təsirlərin olmadığını söyləmək doğru olmaz. Çünki referendumun nəticələri elan olunan gün Azərbaycan valyuta bazarında dollar qıtlığı yarandı. Dolların məzənnəsi Mərkəzi Bankın imkan verdiyi 4 faiz çərçivəsində ən aşağı həddə qədər dəyişdi. Bu ondan xəbər verir ki, artıq müəyyən təsirlər özünü göstərməkdədir. Bundan başqa, söhbət  Azərbaycanın xarici ticarət dövriyyəsinin yarıdan çoxunun yerləşdiyi qitədən gedir. O baxımdan bu, istənilən halda Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək. Ayrılma nəticəsində dünya iqtisadiyyatında gedən proseslər ölkəmizin də gəlirlərinə təsir göstərəcək. Neft Fondunun dollarla olan rezervləri dəyərini artırsa da, digər valyutalarla, xüsusən də avro ilə olan rezervlərimiz dəyərsizləşir”. 


V. Bayramov onu da diqqətə çatdırdı ki, əgər bu valyutaların məzənnələri aşağı səviyyədə qalsa, nəticə etibarilə DNF-in ehtiyatlarının dollar ifadəsində dəyər itirməsinə səbəb olacaq: “Güman olunur ki, bundan sonra valyuta bazarında dollara tələbat daha da artacaq, manata təzyiq yüksələcək. İndiki məqamda belə dollara tələb, manata təzyiq yüksəkdir. Proses davam edəcək və dollara tələb növbəti dövrlərdə də yüksələcək. Xüsusən idxalın artması, vətəndaşların banklarda olan  əmanətlərini və əllərindəki vəsaitləri dollara çevirməyə çalışması dollara tələbin yüksəlməsinə gətirib çıxarır. Dünya bazarındakı proseslər Böyük Britaniyanın Avropa Birliyindən nə dərəcədə tez ayrılmasından asılı olacaq. Əgər Avropa Birliyi daha çevik şəkildə prosesi başa vura bilsə, o zaman avronun dollara olan nisbəti növbəti dövrdə müəyyən qədər stabilləşə bilər. Proses uzansa, Avropa Birliyinin yenidən formalaşması ilə bağlı çətinliklər qalsa, növbəti dövrdə qlobal valyuta bazarında dolların yenidən möhkəmlənməsi baş verəcək”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR