İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram ərəfəsində qiymətlər niyə qalxır?

1172 16.12.2014 10:05 İqtisadiyyat A A

“Bayram oldu, heç bilmirəm neyləyim?” Dahi şair Molla Pənah Vaqifin 3 əsr öncə yazdığı bir şeirdə işlətdiyi bu misra hələ də hər bayram ərəfəsində Azərbaycan vətəndaşlarının dilində səslənir. Səbəb isə bayram günlərində ərzaq məhsullarının qiymətlərinin əvvəlki dövrə nisbətən baha olmasıdır. İnsanların bayram ənənələrinə sadiqliyini və müxtəlif ərzaq məhsullarına tələbatın artmasını fürsət bilən işbazlar bayrama 10-15 gün qalmış qiymətləri “ceyran belinə qaldırır”. Bu isə istehlakçıların hüquqlarını pozmaqla yanaşı, əhalinin imkansız təbəqəsinin süfrəsini də boş qoyur. Ən acınacaqlısı odur ki, bayram ərəfəsində qaldırılan qiymətlər bayramdan sonra enmir və bahalaşma eyni qaydada davam edir. 

Bəs görəsən, illərdir Azərbaycanda eyni ənənənin davam etməsinin səbəbi nədir? Xarici təcrübədə də bayram ərəfəsində oxşar situasiya yaranırmı? Niyə Azərbaycanda bayram günlərində endirimlər yox, süni qiymət artımları müşahidə olunur? Süni qiymət artımının iqtisadi qanunauyğunluğu varmı? 

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, dünya təcrübəsində vəziyyət tamamilə fərqlidir: “Bayram ərəfəsində xaricdə qiymətlərin ucuzlaşması daha çox müşahidə olunur. Bu isə imkan verir ki, vətəndaşların daha çox məhsul almaq imkanı olsun. Mən Amerikada oxuduğum vaxtlarda öz təcrübəmdə də bunun şahidi olmuşam. Onların ən məşhur bayramlarından biri Şükran bayramıdır, noyabr ayında qeyd edilir. Bu bayramın özəlliyi odur ki, hər bir ailədə Şükran bayramında süfrədə hind toyuğundan  hazırlanmış yeməklər olmalıdır. Mən  düşünürdüm ki, bayram ərəfəsində qiymətlər qalxacaq,  buna görə bir ay öncədən hind toyuğu ətini alıb saxlamışdım. Sonra gördüm ki, əksinə, bayram ərəfəsində bizdən fərqli olaraq, hind toyuğu daha ucuz qiymətə təklif olunur. Ümumiyyətlə, Qərbdə və Amerikada bayramlara münasibət fərqlidir. Bu həm biznes ənənəsindən, həm də etikadan doğan bir yanaşmadır. Əksinə, orada biznesmenlər düşünürlər ki, qiymətləri aşağı salmaqla daha çox məhsul sata bilərlər. Daha çox məhsul satışı isə daha çox gəlir deməkdir”. 


V.Bayramovun sözlərinə görə, xaricdə bu, dövlətin müdaxiləsi ilə deyil, biznesmenlərin şəxsi təşəbbüsü ilə gerçəkləşir: “Bizdən  fərqli olaraq Qərb ölkələrində və ABŞ-da bazara dövlət tərəfindən müdaxilə yoxdur. Sadəcə, bu ölkələrdə biznesə münasibət fərqlidir. Azərbaycanda  biznesmenlər qısa müddətdə məhsulu daha baha satmaqla daha çox qazanmaq istəyirlərsə, Qərb ölkələrində, ABŞ-da əksinə, daha ucuz qiymətə daha çox məhsul satmaqla gəlir əldə etmək ənənəsi var. Əslində inkişaf etmiş ölkələrin bu biznes yanaşması daha uğurlu və effektivdir.  

Bu yanaşma digər tərəfdən biznes etikası ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə biznes etikası var və sosial tələblərdən irəli gəlir. Bu ölkələrdə biznesin korporativ sosial məsuliyyəti var. Azərbaycanda isə bütün sahələrdə korporativ sosial məsuliyyət çox zəif inkişaf edib. Biznesdə korporativ sosial məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, bayramlar ərəfəsində qiymətlər yalnız varlılar üçün deyil, həmçinin orta təbəqə və kasıblar üçün də əlçatan olmalıdır. Təəssüf ki, Azərbaycanda bu formalaşmayıb. Bizdə praktiki olaraq iş adamları bayram ərəfəsində eyni məhsulu əvvəlki günlərdən daha baha satmağa çalışırlar.   Bu isə biznesmenlərin etik məsuliyyətinin olmamasından irəli gəlir". 
Ekspertin fikrincə, Azərbaycanda bayram ərəfəsində qiymətlərin tənzimlənməsi üçün dövlətin müdaxiləsinə ehtiyac var: “Çox təəssüf ki, xaricdəkindən fərqli olaraq bizdə dövlət müdaxiləsi olmadan qiymətlərin tənzimlənməsi mümkün deyil. Dövlətin müdaxiləsi indiki halda vacibdir. Əsas müdaxilə forması süni qiymətlərə qarşı mübarizənin artırılması və süni qiymət tətbiq edən sahibkarlara qarşı ciddi cəza tədbirlərinin görülməsidir. Süni qiymətlərə görə cəzaların sərtləşdirilməsinə, hətta buna görə biznesin bağlanmasına getmək olar. Nəzərə alsaq ki, bayram ərəfəsində daha çox aqrar məhsullara  tələbat artır. Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyi daha çox yarmarkalar təşkil etsin, yarmarkaların dövriliyini artırsın. Hesab edirəm ki, daha çox yarmarkalar təşkil etməklə qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Bu baxımdan həm təşviqedici, həm də inzibati tədbirlərə əl atmaqla qiymətlərin tənzimlənməsinə nail olmaq mümkündür”. 

Nərgiz LİFTİYEVA






Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR