İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir

2041 09.11.2016 10:23 İqtisadiyyat A A
Banklar son aylarda əhalini kütləvi şəkildə məhkəmələrə verirlər. Borclu vətəndaşlar isə özlərini müdafiə edə bilmədiklərindən əksər hallarda məhkəmələri uduzurlar. Bu, artıq ciddi bir şəkil almağa başlayıb. Ekspertlər borcluların məhkəmələrdə hüquqlarını qorumasının vacibliyini vurğulayırlar. Həmçinin bankların məhkəmələrlə işbirliyi də narahatlıq yaradır.

“DəmirBank”ın Ağsu filialı demək olar ki, rayon sakinlərinin böyük əksəriyyətini kredit borcuna görə məhkəməyə verib. Hər gün keçirilən məhkəmə proseslərinin çoxunda bu bankın iddialarına baxılır. İnsanların sosial durumunun ağır olduğu bir zamanda maaş alan borcluların maaşlarından 50 faiz tutulur. 

Onsuz da ağır durumda yaşayan sakinlərin ailələrini nə ilə dolandıracaqları nə bankların, nə də məhkəmələrin vecinə də deyil. Kredit borcunu heç kim kefindən gecikdirmir. Elə ailələr tanıyıram ki, evində xəstə valideyni və ya övladı var. Hər aptekə gedəndə də bir paket dərman almağa məcburdur. İşləyən vətəndaşların aldığı məvacibin əlli faizi bankın iddiasına əsasən tutulur", - deyə rayon sakini bildirir. 

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankların son vaxtlar məhkəmələrə müraciəti kütləvi hal alıb: “Əksər hallarda vətəndaşlar özlərini müdafiə edə bilmirlər. Onlar yardımsız qalanda, banklar birmənalı olaraq prosesi udurlar. Həm də banklar məhkəməni öz istədikləri kimi, istədikləri şəkildə udurlar. İstənilən halda vətəndaşın banka borcu varsa, ödəniş etmirsə, bank məhkəməyə verib udacaq. Amma söhbət ondan gedir ki, hansı məbləği tələb edəcək? 

Yəni bir var vətəndaş məhkəmə prosesində etiraz edib, faiz dərəcələrinin çox yüksək olduğunu bildirir, bunun azaldılmasını tələb edir. Yaxud zaminin məsuliyyət daşımadığını deyir. Mübarizə aparan vətəndaşlar prosesdə nəyəsə nail olurlar. Əgər məhkəmədə vətəndaşlar özlərini müdafiə edirlərsə, vəziyyət acınacaqlı olmur. Amma əlbəttə, vətəndaşlar özlərini müdafiə etmirlərsə, vəziyyət birmənalı şəkildə bankların xeyrinədir. Təəssüf ki, əksər hallarda məhz belədir. Vətəndaşlarda belə bir əhval-ruhiyyə var ki, bankları məhkəmədə udmaq mümkün deyil. Bu fikri banklar özləri dövriyyəyə buraxırlar. İstəmirlər ki, vətəndaşlar onlara qarşı məhkəmələrdə mübarizə aparsınlar. Amma demək olmaz ki, banklar həmişə vətəndaşları udur. Keçən həftə Antikollektor bir bankı məhkəmədə udub. Biz zamini müdafiə edirdik. Məhkəmə onu zaminlik öhdəliyindən azad etdi”.

Ekspertin sözlərinə görə, məhkəməyə verilən vətəndaşlar əksər hallarda özlərini müdafiə etmirlər və məhkəmədə məğlub olurlar: “Daha aktiv olanlar sahibkarlardır. Özlərini məhkəmədə müdafiə edirlər və udurlar. Yəni sahibkarların bankların udduğu hallar var. İstənilən halda, bir sıra vətəndaşlar var ki, onların hətta məhkəməni udmaq şansı olmasa belə, ən azı, məhkəmədə vaxt udmaq şansı var. Bu, əslində vətəndaşın xeyrinədir. Tutaq ki, əksər hallarda vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, maraqlıdır ki, icra halını optimal şəkildə uzatsın. Bəzi hallarda vətəndaşın girovu varsa belə, ona sərf edir ki, bu proses xeyli müddət çəksin, girovunun qiyməti düşsün və sonra özü həmin girovu əldə etsin. Sadəcə, təəssüf ki, vətəndaşlar bu imkanlardan əksər hallarda istifadə etmirlər”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR