İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bank Technique” batır: baş bankir revanşa hazırlaşır

9796 25.07.2015 09:00 İqtisadiyyat A A

Beynəlxalq reytinq agentliyi “Moody’s”in Azərbaycanın bank sektorunda müşahidə olunan sistemli böhran əlamətlərinə dair iyulun 24-də yaydığı proqnoz da təhlükənin real olduğunu göstərir. “Moody’s” ölkənin aparıcı banklarından biri hesab edilən “Bank Technique”nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.

Agentlik həmçinin bankın kredit qabiliyyətini Caa2-dən Caa3-ə endirib. Bu qiymətləndirmə fevral ayında manatın devalvasiyası nəticəsində bankın kapital ehtiyatlarının zəifləməsini əks etdirir. Bankın uzunmüddətli depozit reytinqi neqativdir. Bu neqativ qiymətləndirmə bankın devalvasiya nəticəsində 25 milyon manat ziyana düşməsindən sonra ziyanın kompensasiya edilməsi üçün kapital yetərliliyinin olmamasına dəlalət edir.

Azərbaycanın bank sektorunda yaranmış böhranlı vəziyyət davam edir. Ötən həftə Mərkəzi Bank “EvroBank” ASC-nin bank lisenziyasını ləğv edib, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar verib.  Ekspertlər daha bir neçə bankın da bağlanmasını proqnozlaşdırırlar.

Bankın Mərkəzi Banka təqdim edilmiş rekapitalizasiya planına əsasən səhmdarlardan subordinasiyalaşmış borc şəklində 8 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. Bununla belə, vaxt çərçivələri müəyyən deyil. Bundan əlavə, agentlik qeyd edir ki, 8 milyon manat bankın kapitalının möhkəmləndirilməsi üçün yetərli deyil. “Bank Technique” ən azı 28 milyon manat kapital yatırımına ehtiyac duyur, bunun 5 milyon manatı birinci dərəcə kapitaldır.
Agentlik bildirir ki, əgər bank Mərkəzi Bankdan yetərli dəstəyi alsa, onun kredit və depozit reytinqinə yenidən baxılacaq.


“Moody’s” bankın aktivlərinin həcminə görə ölkənin 9-cu ən iri bankı olduğunu qeyd edərək onun bank sistemi üçün əhəmiyyətini vurğulayır.

Bildirilir ki, yaxın 12-18 ay ərzində bankın depozitlərinin həcminin artması potensialı məhduddur. Əgər bank yetərli kapital dəstəyini almasa, agentlik onun reytinqini daha da aşağı salacağı haqda xəbərdarlıq edib. 

Maraqlıdır ki, “Bank Technique”nin öz saytında (http://banktechnique.az) yaydığı məlumatlar “Moody’s”in pessimist proqnozları ilə uyğun gəlmir.  Məsələn, iyun ayında yayılan məlumata görə, “Bank Technique” ASC-nin müştərilərinin sayı 2015-ci il ərzində artaraq, 105 minə yaxınlaşıb. Saytın iddiasına görə, ilin əvvəli ilə müqayisədə bu göstərici təxminən 4% artaraq 1 may tarixinə 104,580 şəxs olub.


“İqtisadi proseslərə baxmayaraq, müştəri bazasının artımı bank tərəfindən müsbət dəyərləndirilir və maliyyə təsisatına etimadı əks etdirir. Bankda həmçinin qeyd edirlər ki, bu göstəricinin artımına İnnovativ Məsafəli bankçılıq xidmətlərinin istifadəyə verilməsi, həmçinin əmanət faizlərinin yüksəldirilməsi qərarı öz təsirini göstərmişdir” - deyə, məlumatda bildirilir. 
***

“Bank Technique”də maliyyə problemi yeni deyil. Hələ 2012-ci ilin aprelində “Texnikabank” (o vaxt belə adlanırdı) ASC-nin rəhbərliyi həbs edildikdən sonra bu bank Beynəlxalq Bankın İdarə Heyətinin o vaxtkı rəhbəri Cahangir Hacıyevin idarəçiliyinə keçmişdi. “Texnikabank” ASC-yə nəzarət uğrunda Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da səy göstərirdi. Amma o zaman hakimiyyətdən ciddi dəstəyi olan C.Hacıyev banka nəzarəti ələ aldı və E.Rüstəmov oyundankənar vəziyyətdə qaldı. Bundan sonra bankın adı dəyişdirilərək “Bank Technique” adlandırıldı, Cahangir Hacıyevin müavini Rövşən İsmayılov banka rəhbər gətirildi. “Bank Technique” Müşahidə Şurasının yeni tərkibi də (Fuad Mürşüdlü və Rauf Ağayev) C.Hacıyevin işçilərindən təşkil edildi. 


C.Hacıyevin Beynəlxalq Bankda istefasından sonra “Bank Technique”də araşdırma başladı. Çünki ən azı o səbəbdən ki, C.Hacıyevin paytaxt Bakıda elit yaşayış binalarının - “Azure Park” yaşayış kompleksinin tikintisini məhz “Bank Technique” maliyyələşdirib. Üstəlik, o da məlum olub ki, Beynəlxalq Bank kimi “Bank Technique”dən də iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb. Bu işdə də bəzi oliqarxların və iş adamlarının adı keçir. “Bank Technique”yə böyük məbləğdə və həm də girovsuz kredit götürmüş adamlar sırasında vəzifəli məmurların yaxın adamlarının olduğu da deyilirdi. 

Beynəlxalq reytinq agentliyi “Moody’s” “Bank Technique”  böhranla bağlı xəbərdarlığı da bu informasiyaların doğruluğunu təsdiqləyir. Qeyd edək ki, may ayında “Bank Technique” sədri Rövşən İsmayılovun saxlanılması barədə xəbər yayılmışdı. Sonradan bankdan təkzib edilən xəbərdə deyilirdi ki, R.İsmayılovun “Beynəlxalq Bank işi”nin istintaqını aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Saxlanılanlar sırasında bankın “Xəzər” filialının rəhbəri olan Fərid Məmmədovun (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) da adı çəkilirdi. 


Beynəlxalq Bankın Müşahidə Şurasının iyulun 22-də keçirilən toplantısında maliyyə naziri Samir Şərifovun namizədliyini müdafiə etdiyi Elmar Məmmədov İdarə Heyətinin sədri seçildi. Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun yaxın adamı kimi tanınan  Rəşad Orucovun rəhbərliyə gətirilməsi isə baş tutmadı.  

Məlumata görə, həbsdən qurtulan C.Hacıyevin bütün adamlarının bank sektorundan təmizlənməsinə başlanılıb. Beynəlxalq Bankın bütün rəhbərliyi yeniləndikdən sonra növbənin “Bank Technique” çatacağı əslində labüddür. Məlumata görə, Cahangir Hacıyevin İdarə Heyətindəki adamları təlaşdadır və onların həbs ehtimalı da mümkündür. 

İddialara görə, “Bank Technique” rəhbərliyində “əl dəyişmə” tezliklə gerçəkləşəcək. Beynəlxalq Bankın maliyyə nazirinə “güzəştə gedən” Mərkəzi Bank sədri bu dəfə ciddi revanşa hazırlaşır. Belə ki, o, “Bank Technique”də nəzarəti ələ alacaq və yaxın adamlarından ibarət İdarə Heyəti formalaşdıracaq. Güman ki, məhz bu plan tam gerçəkləşdikdən sonra Mərkəzi Bank “Bank Technique” lazım olan vəsaiti ayıracaq. 

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR