İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda biznesi necə asanlaşdırmalı - maliyyə professorundan maraqlı təkliflər

5519 03.11.2015 20:10 İqtisadiyyat A A

REDAKSİYADAN: Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov musavat.com saytına yeni məqalə göndərib. Mövzunun  aktuallığını nəzərə alıb məqaləni dərc edirik

Prezident son dövrdə ölkədə islahatların genişləndirilməsi və biznes şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir neçə ciddi fərman imzalamış və müvafiq orqanlara tapşırıq vermişdir. Bunlardan ən mühümü lisenziyaların qaydaya salınması, biznesə maneələrin aradan qaldırılması, faizlərin azaldılması üzrə olan qərarlar və göstərişlərdi. 

Keçən məqalədə prezidentin nəzərdə tutduğu islahatları dərinləşdirmək göstərişlərini və planlarını yerinə yetirməyə kömək üçün təqdim etdiyim fərman layihəsində nəzərdə tutulan tədbirlərin geniş formada açılmasına söz vermişdim. İndi bu göstərişlərin yerinə yetirilməsi icrasını hissə-hissə təqdim etmək istəyirəm.

Məsələ burasındadır ki, biznesin asanlaşdırılması istiqamətində Azərbaycan hökuməti xeyli iş görüb və bunun nəticəsi olaraq Dünya Bankının “Doing business” reytinqində yerini xeyli yaxşılaşdırıb. Hazırda Azərbaycan 189 ölkə arasında 63-cü yeri tutur, amma potensialı çox böyükdür. Hətta bəzi sahələr üzrə birinci onluğa çata bilmişik. Ölkəmiz əmlakın qeydiyyatı üzrə 10-cu yerə (2015-ci il metodikasına görə), müəssisələrin qeydiyyatı üzrə 7-ci yerə çıxıb. Amma bu istiqamətdə qoyulan vəzifəni yerinə yetirmək və prezidentin Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq strateji məqsədini reallaşdırmaq üçün yalnız birincilik uğurunda mübarizə aparmaq lazımdır. Bu, sadəcə yarış deyil, əgər bu sahədə birinci yeri tuta bilsək, ölkənin çox sürətlə inkişafını təmin edəcək. Mən bunu Azərbaycanlıların iş qabiliyyətinə, biznes və ticarət mentalitetinə, həmçinin ölkənin böyük resurslara malik olması faktlarına söykənərək  tam əminliklə deyirəm. Təsadüfi deyildir ki, Dünya Bankının bu siyahısında birinci ilkin yerləri tutan ölkələrin hamısı inkişaf etmiş ölkələrdi, məhz bu yolla da belə səviyyəyə çatıblar. Belə arqumentlər olduğu halda gərək heç kim prezidentin biznes fəaliyyətinin asanlaşdırılması tədbirlərinin əksinə çıxmasın, bu bizə neft və qazı da, qızılı da, digər resursları da əvəz edə biləcək.

Bunu nəzərə alaraq, bütün ölkələri təhlil etdim, Azərbaycanda işin təşkilini yalnız ümumi reytinqdə deyil, həm də ayrı-ayrı sahələrdə birinci yeri tutan ölkələrin prinsipləri əsasında qurmağa çalışdım və hesab edirəm, yaxşı nəticə əldə etdim, bunu təbii ki, bu sahədə çalışan və bu sənədləri hazırlayacaq mütəxəssislər daha yaxşı qiymətləndirə bilər. 

Məsələn, biznesə şərait üçün ümumi indeksə görə Sinqapur birinci yerdədi, ayrı-ayrı sahələrdə isə digər ölkələr birinci yerə çıxa bilir. Məsələn, əmlakın qeydiyyatı üzrə Yeni Zelandiya, elektrikə qoşulma üzrə Cənubi Koreya Respublikası və s. birinci yerdədilər, onların təcrübəsi əsas götürülüb.(Bax Cədvəl 1)



Cədvəl 1

 

N

Biznes asanlıgı üzrə göstəricilər

Birinci yeri tutan ölkələr

Azərbaycanin tutduğu yer

2016

2015*

2016

 

Biznes asanlığı üzrə reytinq səviyyəsi

Sinqapur

80

63

1

O cümlədən, müəssisələrin qeydiyyatı üzrə

Y. Zelandiya

12

7

2

Tikintiyə icazə alınması

Sinqapur

150

114

3

Elektrikə qoşulma

C. Koreya Respublikası

159

110

4

Mülkiyyətin qeydiyyatı

Y. Zelandiya

10

22

5

Kredit alınması

Y. Zelandiya

104

109

6

İnvestorların qorunması

Sinqapur

Y. Zelandiya

Honkonq

51

36

7

Vergiləndirmə

BƏƏ

33

34

8

Beynəlxalq ticarət

AB ölkələri

166

94

9

Müqavilələrin yerinə yetirilməsi

Sinqapur

31

40

10

Ödəmə qabiliyyəti olmayanda problemin həlli

Finlandiya

94

84

*Köhnə qayda ilə 

Azərbaycanda ən gərgin olan sahələrdən biri də  beynəlxalq ticarətdir. Bu sahədə keçən il ölkəmiz 166-cı yerdə idi, amma bu il yeni metodika ilə xeyli irəliləyərək 94-cü yerdə qərarlaşıb. Hətta qanunsuz işlər nəzərə alınsa, sonuncu yerdə olardıq. Beynəlxalq ticarətə yaradılan şəraitə görə keçən il Sinqapur birinci yerdə idi, amma bu il Avropa birliyi ölkələri, xüsusilə Danimarka birinci yerə çıxıb və bizim xarici ticarətimizi bu prinsiplər əsasında qurmamız daha yaxşı olardı. Amma Sinqapurun təcrübəsindən də geniş istifadə etmişik, çünki Sinqapur da tranzit ölkədi, bu cəhətdən də bizə uyğun gəlir.

Cədvəl 2-də idxal və ixrac üçün sənədlərin sayı, vaxt və bir konteyner üçün məsrəflər göstərilib. Bütün göstəricilər üzrə Azərbaycan Danimarkadan və həm də elə Sinqapurdan çox geri qalır. Məsələn, ixrac üçün Danimarkada 4 ədəd sənəd və bunun üçün cəmi 1 saat vaxt tələb olunur, Azərbaycanda isə 7 sənəd və 34 saat vaxt gedir. 34 saata azərbaycanlı fermerin pomidoru və ya meyvəsi xarab ola bilir. Məsrəflər də çoxdu. Biz əslində, ixracatı təşviqləndirməliyik, tam əksinə, bir konteyner malın ixracına 675 dollar məsrəf veririk, elə bir konteynerdən qazanılan mənfəət də adətən o qədər edir.

Cədvəl 2.

 

N

Göstəricilər

Avropa birliyi ölk.- Danimarka

Azərbaycan

 

İxrac üçün sənədlər, ədəd

4

7

1

İxrac üçün vaxt, sərhəddə, saat

0

34

2

İxrac üçün vaxt, sənəd hazırlığı, saat

1

35

3

İxrac xərci, sərhəd işləmələri üçün (1 konteyner üçün USD)

0

375

4

İxrac xərci, sənəd üçün,

0

300

 

İdxal üçün sənədlər, ədəd

0

5

1

İdxal üçün vaxt, sərhəd üçün,  saat

0

32

2

İdxal üçün vaxt, sənəd hazırlığı, saat

1

41

3

İdxal xərcləri (1 konteyner üçün, USD)

0

423

4

İdxal xərcləri, USD

0

200


Bir sənədlərə nəzər salaq. Nədir bunlar? Avropa ölkələri, Sinqapur, Yeni Zelandiya keçinə bilir bunlarsız, Azərbaycan yox. Cədvəl 3-ün məlumatlarından göründüyü kimi, ixraca Azərbaycanda Sinqapura nisbətən 4, Danimarkaya nisbətən 3 əlavə, idxala isə 2 və 1 əlavə sənəd tələb olunur.


Sənədlər

N

Sənədlərin adları

Danimarka

Azərbaycan

 

İxrac üçün lazım  olan sənədlər, sayı

4

7

1

İnvoys-faktura

+

+

2

İxrac gömrük bəyənnaməsi (AB üzrə  intrastat)

+

+

3

Mənşə sertifikatı

-

+

4

Fitosanitariya sertifikatı

-

+

5

Satış kontraktı

-

+

6

Transport sənədi – CMR (CMR-Waybill)

+

+

7

Qablaşdırma siyahısı

+

-

 

İdxal üçün lazım olan sənədlər-ədəd

4

5

1

Mənşə sertifikatı

-

+

2

CMR- nəqliyyat sənədi 

+

+

3

İnvoys faktura

+

+

4

İdxal gömrük bəyannaməsi  (AB üzrə intrastat)

+

+

5

Alış kontraktı

-

+

6

Qablaşdırma siyahısı

+

+


Bu əlavə sənədlərin heç biri mahiyyət etibarı ilə zəruri deyil, demək bunlarsız keçinmək olar. Sənədlərin  azalması avtomatik olaraq vaxtın azalmasına, məsrəflərin Sinqapur və Avropa ölkələri səviyyəsinə səviyyəsinə endirilməsinə və bütövlükdə ixracın və uyğun olaraq istehsal tempinin artmasına gətirib çıxaracaq. Hətta yavaş-yavaş elektron hökumət qurularkən bunlara da ehtiyac olmayacaq. 

Bunlar rəsmi olan, qanun və təlimatlarda əks olunmuş gerçəklikdi. Amma həm də qanundan kənar formalaşmış qaydalar var. Nədi bu yazılmamış qaydalar: 

1. Bütün idxal və ixrac ayrı-ayrı mal qrupları üzrə ayrı-ayrı monopolistlərin (inhisarçıların) əlindədir, inhisara nəzarət yüksək çinli dövlət məmuruna mənsubdu. İnhisarda olan hər məhsul üzrə eyni qrupa aid bir neçə şirkət məşğul ola bilər. Əgər başqa birisi eyni adda məhsulun idxalı və ya ixracı ilə məşğul olmaq istəyirsə, yalnız bu şirkətlər vasitəsilə bu işi görə bilər. 

2. İnhisar ticarət üzrə özəl vergi sistemi fəaliyyət göstərir. Büdcəyə gömrük vergilərinin ödənməsi inhisar şirkətlər vasitəsilə həyata keçirilir, amma alınması zamanı heç bir qanunvericiliyə əməl olunmur, inhisarçı şirkət özü istədiyi kimi və məbləğdə (amma hamı üçün eyni) vergi qoyur, lakin rəsmi vergilərdən qat-qat çox. Məsələn, mənə məlum  olan “A” mal vahidinə - Rusiyadan idxal olunan, qanunla 20-25 dollar vergi götürülməlidir, amma 60-56 dolar götürülür ki, bu da onun gömrük dəyərinin 60-70%-i  həcmindədir. Eyni proseslər tranzit üzrə var. Tranzit yüklər də yalnız inhisarlar vasitəsilə idarə olunur. Buna görə də ölkədən tranzit qaydada mal ötürülməsi çox baha başa gəlir və ölkəmiz bu coğrafi üstünlükdən yararlana bilmir. Məsələn, bir ton taxılın Rusiyadan İrana ötürülməsi Azərbaycan üzərindən 65 dollara (40-45 dolları rüşvətdi), Dağıstan və ya Həştərxan üzərindən 30 dollar, Qazaxıstan və Türkmənistan üzərindən 35-40 dollara başa gəlirsə, niyə iş adamları bizdən aparmalıdı?

Beləliklə, bu sahədə prezidentin göstərişlərini yerinə yetirmək, beynəlxalq ticarət rejimini dünyanın ən liberal rejiminə çevirmək üçün Nazirlər Kabinetinin bir qərar hazırlaması və təsdiq etməsi lazımdır. Bu qərar bir neçə müddəadan ibarət olacaq:

- Beynəlxalq ticarətdə sənədləşmənin qaydaya salınması və gömrükləmə zamanı yalnız dörd sənədin (Qablaşdırma siyahısı yalnız tranzit yüklərdən tələb olunmaq şərti ilə) tələb olunması və prosedurların həyata keçirilməsinin tədriclə Asan xidmətə verilməsi

- İdxal və ixracda inhisar zamanı hər bir sənədin hazırlanmasına və ticarət prosedurlarına konkret vaxt qoyulması və vaxt bitdikdə sənədlərin qəbul olunmuş sayılması

- Tranzit ticarətə şəraitin yaradılması, bütün stavkaların yenidən işlənməsi, rəqabət qabiliyyətli tranzit dərəcələrinin müəyyən olunması 

- İdxal, ixrac və tranzit ticarət rejiminin yeni dəyişiklərə uyğun hazırlanması və bu qərarla təsdiq olunması.

Yazılmamış qaydalara gəldikdə isə zənn edirəm, bunun aradan qaldırılmasının bir üsulu var ki, o da prezidentin MTN-nə tətbiq etdiyi üsuldur və yəqin ki, yaxın zamanlarda aradan qaldırılacaq.

Azərbaycanda növbəti ən bərbad sahə elektrik xətlərinə qoşulma, kredit alma və inşaata icazə almaqdır ki, bu sahələrdə birinci yeri tutan Cənubi Koreya, Yeni Zelandiya və Sinqapurun təcrübəsindən yararlanaraq liberallaşma sistemini hazırlayıb növbəti dəfə oxucuların müzakirəsinə təqdim edəcəm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR