İnsanlara hürriyət, millətlərə istiqlal!

QARA KÜRÜ 17-ci ƏSRƏDƏK KASIB YEMƏYİ OLUB

11454 21.02.2011 06:27 İqtisadiyyat A A
Rəyini soruşduğumuz başqa  yazarlar da həmkarının fikirlərini bölüşdü. Köşə yazarı Qan Turalı kürünü uşaq vaxtı gözü zəif olduğu üçün yediyini dedi: “Həm də o vaxtlar nisbətən ucuz idi. Amma indi çox bahadır. Qara kürünü almaq üçün gərək 3-4 köşə yazam. Bəlkə də lap çox”. Tanınmış yazar Şahvələd Çobanoğlu da qara kürünü əvvəllər yeyib: “Görməmişlik kimi çıxmasın, mən onu ara-sıra yeyirəm. Bu, həsəd aparılacaq bir məhsul da deyil. Qara kürüdən çox bu dəqiqə ölkədən bahaçılıqdan şikayət ediləcək şeylər daha çoxdur”. Köşə yazarı Zamin Hacı isə tərəddüd etdi: “Tədbirlərdə və şadlıq evlərində kürü yemişəm. Ancaq bilmirəm həmin kürü keyfiyyətli olub, ya yox. Ümumiyyətlə qara kürü barədə məlumatım azdır. Ancaq bildiyimə görə, çox bahadır. Kürü yemədən də yaşamaq olar. Əsas odur ki, azadlıq olsun”.
Elə qiymətin əlçatmazlığını nəzərə alıb ölkədə qara kürü istehsalı və istehlakı ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın iqtisadiyyatında balıqçılıq özünəməxsus yer tutsa da, getdikcə bu sahədə özünə düşən payı əlindən çıxarır. Əvvəllər Xəzərdə uzunburun, nərə, bölgə, axçalı balıq növlərindən külmə, sazan, kütüm, karp, xaşam, qarabel siyənəyi, durna balığı, qarasol və kefal balıqları var idi. Neftçaladakı Bankə Balıq Kombinatı fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dünya bazarında ehtiyac duyulan balıq, kürü kimi nemətlərin ixrac mərkəzinə çevrilib. Məsələn, 1930-cu ildə ölkədə 550 ton qara kürü istehsal olunub. Mingəçevir su elektrik stansiyasının tikintisindən sonra balıqçılığın inkişafında zəifləmə olsa da, sonrakı illərdə problem zavodların hesabına aradan qaldırılıb. Lakin 30 il sonra Bankə Balıq Kombinatı müxtəlif problemlər səbəbindən fəaliyyətini dayandırıb.
2001-ci ildə  “Azərbalıq konserni”in ləğvindən sonra hazırda bazarın böyük hissəsinə nəzarət edən “Caspian fish” şirkəti yaradılıb. Bu şirkətin gün ərzində yüzlərlə ton balıq emal etmək imkanına malik olduğu və 56 milyon dollar həcmində investisya qoyulmuş şəxsi sektor müəssisəsi olduğu bildirilir. Bu şirkət 80 adda balıq məhsulu istehsal edir. Şirkətin paytaxtda “Caspian fish” adlı mağazası da var. Lakin mağazanın satıcısı bizimlə söhbətində satışda qara kürü olmadığını dedi: “Haradasa 3-4 aydır ki, şirkət qara kürü məhsulu göndərmir. Səbəbin bilmirik. Son vaxtlar qara kürü almaq istəyənlərin də sayı artıb. Ancaq hələ ki, satışda yoxdur. Qabaq olub”. Qiymətə gəlincə, 100 qramlıq kürü 180-200 manata satılır: “Elə olur ki, 250 manata da qalxır. Bu onun təmizlənməsindən asılıdır”. Satıcı onu da əlavə etdi ki, hazırda mağazada yalnız qırmızı kürü var: “Bu kürü qızıl balığındır. 130 qramı 14 manatdır”.
“Caspian fish” şirkətindən isə bildirdilər ki, hazırda qara kürü istehsal edilmir. Ancaq kompaniyadan məsələyə münasibət bildirən olmadı. Qeyd edək ki, şəhərin bir çox mağaza və bazarlarında da qara kürü satışına rast gəlmədik. Ancaq bəzi yerlərdə süni qara kürü var. 100 qramı 50-60 manatadır.
Rəsmi açıqlamalara görə, hər il Azərbaycanda 70-80 min ton nərə ovlanır. Ölkədəki nərə balıqartırma zavodları Xəzərə ildə 15-16 milyon körpə nərə buraxır. Bir nərə isə 5-6 kilo kürü vermək iqtidarındadır. Azərbaycan balıq kürüsünün Avropa İttifaqına ixracına icazə verilən üçüncü ölkələr siyahısına daxil edilib. Hər il ölkədən 2200 kq kürü, 4300 kq nərə balıq ixrac edilir. Azərbaycanda qara kürünün 1 kiloqramı 1100-1200-dollardan satılır. Lakin Avropa və Amerikada qiymət aşağıdır. “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”na əsasən fiziki şəxslər 125 qrama qədər balıq kürüsünü Azərbaycan Respublikasından kənara çıxara bilərlər.
Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynovla da söhbətləşdik. Onun dediyinə görə, Azərbaycan qara kürü istehsalçısı olmasına baxmayaraq ölkə vətəndaşları onu ya yuxuda, ya da ən yaxşı halda toy süfrələrində görürlər: “O da hələ keyfiyyətli kürü sayılmamalıdır. Çünki çox bahadır. Azərbaycan bazarlarında süni kürü çoxdur, balıq yağının köməyilə düzəldilir. 17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan kürü indi dünyanın ən ləziz və delikates ərzaq növü sayılır. Normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı balıq və balıq məhsulları da olmalıdır. Hər bir adam ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Azərbaycanda isə qara kürü çoxları üçün əlçatmazdır...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR