İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda mənzillərin qiyməti niyə ucuzlaşmır?

3923 26.06.2014 08:28 İqtisadiyyat A A

İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, may ayında evlərin qiymətində azalma müşahidə edilib. Ancaq bu, əvvəli aya - aprelə nisbətən olan rəqəmlərdir. Ümumilikdə ötən ilin mayı ilə müqayisədə bu il qiymətlər on faizə yaxın artıb: “Faktiki olaraq əvvəlki illə müqayisədə qiymət artımları davam etməkdədir. Ən çox müzakirə olunan məsələlərdən biri elə qiymətlərin azalma imkanının olub-olmaması ilə bağlıdır. İndiki halda Bakıda mənzillərin qiymətinin aşağı düşməsi mümkün deyil. Nəzərə alsaq ki, neft ölkələrinin əksəriyyətində bu cür planlar var, bu ölkələrdə mənzillərin və daşınmaz əmlakın qiyməti yüksək olur. Çünki dövriyyədə kifayət qədər neft pulları olur. Bu da daşınmaz əmlaka süni şəkildə tələbat formalaşmasına gətirib çıxarır. Neft ölkəsi olan Nigeriyada əhalinin 70 faizinin yoxsulluq həddində yaşamasına və alıcılıq qabiliyyətinin kifayət qədər aşağı olmasına baxmayaraq, paytaxtda mənzilin qiyməti demək olar ki, dünyada ən bahalı mənzillər sırasındadır. Hətta Norveçdə belə evlərin qiyməti kifayət qədər yüksəkdir. Ona görə Azərbaycan təbii ehtiyatlara malik olduğu üçün mənzil bazarında qiymət azalması gözlənilmir. Amma neft ölkələrində mənzilin qiymətinin aşağı salınması ilə bağlı aparılan işlərə baxılması mümkündür və realdır. Əgər hökumət addımlar atarsa, qiymət azala, aşağı salına bilər”. 

V.Bayramov deyir ki, hazırda Mənzil Məcəlləsində öz əksini tapmış sosial evlərin, xalq evlərinin yaradılması təklifi reallaşsa, mənzillərin qiymətinin enməsi üçün daha bir fürsət ola bilər: “Bu, imkan verəcək ki, hökumət, dövlət bazarda təklifi artırsın, bazara mənzillə çıxsın. Bu da imkan verəcək ki, xalq evləri vasitəsilə gəliri az olan vətəndaşlar mənzillə təmin olunsun. Vəziyyət qiymətlərin azalmasına gətirib çıxaracaq. İnşaat sektorunda korrupsiyanın azaldılması da olduqca vacibdir. Korrupsiya mənzillərin qiymətinin yüksək olmasına gətirib çıxarır. Apardığımız tədqiqatlar göstərir ki, inşa edilən yeni tikililərdə olan mənzillərin təxminən on faizi alınsa da belə, ya istifadə olunmur, ya da satılmır. On faiz mənzil dövriyyəsinin bazardan çıxması da bahalığa səbəb olur. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə mənzil satılmırsa, avtomatik olaraq onun dövlət, yerli hakimiyyət orqanları tərəfindən satışı həyata keçirilir ki, durğunluq qiymətə təsir göstərməsin”. 
Ekspertin sözlərinə görə, reallıqda yaxın illərdə mənzillərin qiymətlərində aşağı düşmə ehtimalı yoxdur: “Amma təbii ki, qeyd etdiyimiz məsələlər həllini tapsa, bu, mümkün ola bilər. Bu gün mənzillərin qiymətlərinin artımı vətəndaşın orta aylıq əmək haqqı ilə uzlaşmır. Vətəndaş bir aylıq əmək haqqı ilə Bakıda bir kvadratmetr mənzil ala bilmir. Bu, o deməkdir ki, əhalinin gəlirləri ilə mənzillərin qiyməti arasında kəskin uçurum var. Bu da iqtisadi baxımdan izah edilə bilən bir uçurum deyil. Ona görə də mənzil bazarında qiymətlərin tənzimlənməsini həyata keçirmək olduqca vacibdir”. 

İqtisadçı ekspert Samir Əliyev isə qeyd edir ki, mənzillərin bahalaşmasını müvəqqəti tələbatın artması ilə əlaqələndirmək olar: “Bu tələbat uzunmüddətli deyil, daha çox epizodik xarakter daşıyır. Həm ölkədə, həm də ölkədən kənarda baş vermiş hadisələr bir sıra sektora, o cümlədən mənzil bazarına da təsir göstərir”. 


Onun sözlərinə görə, hazırda mənzillərin bahalaşmasına əsasən üç amil təsir göstərir: “Birincisi, hökumətin investisiya layihələridir. Dövlət büdcəsi hesabına bir sıra ərazilərdə, o cümlədən ”Sovetski" adlanan ərazidə aparılan söküntü işləri bazarda yeni tələbat yaradır. İkincisi, Rusiyada biznes mühitinin pisləşməsi və orada çalışan soydaşlarımızın ölkəyə axını səbəbindən yaranan tələbdir. Rusiyada bizneslərinə son verən vətəndaşlarımız əllərindəki pulu daşınmaz əmlaka, xüsusən də Bakıdakı evlərə yatırır. Üçüncü səbəb əmanət bazarında yaranmış durğunluqla bağlıdır. Son illər əmanətlərin faizlərinin aşağı salınması siyasətinin yürüdülməsi bu sektorun cəlbediciliyini azaldıb. Banka əmanət qoyub gəlir əldə edən əmanətçilərin qazancları əhəmiyyətli dərəcədə azalır. Ona görə də əmanətçilər banklardakı pullarını çıxarıb daşınmaz əmlak bazarına yönəldirlər ki, daha çox qazansınlar". 

Ekspertin sözlərinə görə, hazırda əhalinin gəlirləri ilə mənzillərin qiymətləri arasında kəskin fərq var: “Əhalinin tələbatının yüksək olmasına rəğmən alıcılıq qabiliyyətinin aşağı olması mənzillərə tələbatı azaldır. Yaranmış tələbat müvəqqəti xarakter daşıyır. Fikrimcə, hazırda mənzil bazarında köpüyün formalaşması prosesi gedir. Bahalaşma təxminən 2-3 il davam edəcək. Sonra da köpüyün partlaması təhlükəsi var. Əgər hökumət sosial proqramları, xüsusən də ipoteka proqramlarının şərtlərini yüngülləşdirməsə, ipoteka bazarının həcmi böyüməsə, yaxın üç ildə evlər kəskin ucuzlaşacaq”.
Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR