İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnsanları bu cür acımasız şəxslərdən xilas edək...” - Qüdrət Həsənquliyev

836 05.03.2024 14:32 Sosial A A

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında əvvəlcə İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevaya insan hüquqlarının qorunması istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Musavat.com-un xəbərinə görə, deputat məruzədə xüsusi diqqətini çəkən və insanları narahat edən bir məsələdən danışmaq istədiyini vurğulayıb.

O bildirib ki, bu, həm də ölkəmizin iqtisadi inkişafı ilə bağlı olan məsələdir. Deputat mülkiyyət toxunulmazlığı məsələsindən bəhs edib. O qeyd edib ki, “məruzənin 38-ci səhifəsində qeyd olunur ki, son dövrlərdə Bakı şəhərində pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri sökülərək yeni binalarla əvəzlənməkdədir. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilməməsi vətəndaşların haqlı narazılığına səbəb olub”.

Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar:

“Heç bir dövlət orqanı da onları dayandırmaq gücündə deyil. Bununla bağlı məhkəmə qərarı olmuş olsa da, belə məhkəmə qərarları açıq şəkildə icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ - yəni heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Amma bizdə bilirsiniz, arxayın tikinti şirkətləri var. Bilirlər ki, onları heç kim hüquqi məsuliyyətə cəlb edə bilməyəcək. Bunlar özləri qiymət müəyyənləşdirirlər və var-dövlət bu şirkətlərin rəhbərlərinin gözünü elə tutub ki, onlar artıq bir çox dəyərləri itiriblər. Allahdan da qorxmurlar, amma başa düşmürlər ki, bir gün insanlara qan ağlatdıranlar Allahın qəzəbinə düçar olacaqlar və Allah onlara qan qusduracaq. Elçin Mirzəbəylini tanıyırsınız, mənim müavinimdir, siyasətçidir, uzun illər ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Onun da həm həyat yoldaşının, həm də baldızının adına olan evi gəlib Nəsimi rayonunun ərazisində heç bir kompensasiya ödənilmədən mebel qarışıq söküblər. Mən sadəcə olaraq Ombudsmana sual vermək istəyirəm: bilirəm ki, Ombudsmanın gücü çatan məsələ də deyil. Amma hər halda siz burada qeyd etmisiniz ki, insanları incidirlər, nə təklif edirsiniz, bu problemin həllini siz necə görürsünüz? Qanunlarımız mükəmməldirmi? Ümumiyyətlə, Milli Məclisin bu məsələlərdə məsuliyyəti nə qədərdir və biz necə edə bilərik ki, bu vəziyyəti dəyişək və bu cür acımasız şəxslərdən insanları xilas edə bilək ki, onların evləri, əmlakları dağıdılmasın? Mən sadəcə olaraq bu məsələ ilə bağlı Ombudsmanın fikirlərini öyrənmək istəyirəm”.

Deputat bildirib ki, Azərbaycanda bir çox insanlar məcburiyyət qarşısında, iş tapmaq üçün ölkəni tərk edib, Rusiya və başqa ölkələrə üz tutublar:

“Bu zaman şərait onları məcbur edib ki, yaşadıqları ölkənin vətəndaşlığını qəbul etsinlər. Amma bizim Konstitusiyaya görə, Azərbaycan Respublikasında doğulmuş şəxslər doğulduğu vaxtdan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Ona görə də bu şəxslər hazırda qayıdıb gəlirlər, bəziləri yaşa dolub, bəziləri yenidən öz ölkəsinə qayıtmaq istəyir. Amma onlar pasport ala bilmirlər, bunların vətəndaşlıq mənsubiyyəti təsdiq olunmur. Onlar da bizim soydaşlarımızdır, bu ölkədə onların da eyni hüquqları var, onlardan üzr istəmək əvəzinə bu addımı atırıq. Onların qarşısında biz bir növ gözükölgəliyik, onları işlə təmin edə bilməmişik. Onlar məcburiyyətdən ölkəni tərk edib gediblər. Buna baxmayaraq, üzr istəmək əvəzinə, onları bu hüquqlardan da məhrum etmişik. İstərdim ki, bu məsələyə də hörmətli Ombudsman öz münasibətini bildirsin”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR