İnsan qismətini necə bilər?...
Uşaqlıqda yayı kənddə, babamgildə keçirməyi xoşlayırdım. O vaxt kənddə klub yox idi. Kinonu elə açıq havada, köhnə məktəb binasının kiçik həyətində göstərirdilər. Bəli, bir də görürdün, deyirdilər ki, axşam kino olacaq...
Vədə çatanda kişilər stul, qadınlar və qızlar isə döşəkçə-mütəkkə götürüb məktəbin həyətinə yollanırdılar. Beləcə, kino başlayırdı...
Kəndə daha çox hind və yaxud o vaxtlar deyildiyi kimi, “ağlamalı kino”lar gətirirdilər... Kino getdiyi yerdə, filmin dramatik məqamlarında bir də görürdün ki, qadınların və qızların oturduğu yerdən ağlaşma səsləri gəlir. Kişilər də sakit dayana bilmir, siqaretə güc verir, açıq havada o ki var, siqaret tüstülədirlər...
Amma hələ o vaxt hind filmlərinin bir xüsusiyyətini “kəşf” etmişdik - onlar adətən xoşbəxt sonluqla bitir, necə deyərlər, ədalət zəfər çalırdı...
Demək istəmirik ki, hələ uşaqlıqdan Hindistanın vurğunu idik. Yox, belə hiss yox idi, hətta, əksinə yaşa dolduqca bu ölkənin filmlərinə daha çox tənqidi münasibət göstərirdik - süjetlər elə primitiv olurdu ki, filmlərin “ağlamalı” və kədərdli yerlərində adamı hətta gülmək də tuturdu...
O vaxtlar ağlımıza da gəlməzdi ki, elə gün yetişəcək, hindli M. Qandi bizim siyasi kumirimizə çevriləcək. Düzdür, hələ ən yeni tarix kursunda bu adamın haqqında geniş məlumat verilirdi. Amma əsl tanışlıq sonra oldu...
Bəli, sonradan Hindistana aid çox kitablar oxuduq. Hətta birinin adı hələ də yadımdan çıxmır-"Hindistanın kəşfi" adlanırdı o kitab... Həmin kitabdan mən M.Qandinin, C.Nehrununu və R.Taqorun fikrilərilə tanış oldum...
Amma sözüm bunda deyil. Və bu boyda girişi sadəcə, öz cavanlıq təəssüratlarımı çatdırmaq üçün etdim. Bizdə hind kinolarını hələ də göstərirlər və doğrusu, bunun əösl səbəblərini bilmirəm. Bizim telekanllar az qala hər həftə köhnə və yeni hind filmləri göstərirlər...
Daha onlara baxmıram, çünki artıq bilirəm ki, geniş prokata buraxılan bu filmlər hətta Hindistanın özündə belə heç də “kinematoqrafiya incisi” hesab olunmur və bizim bildiyimizdən də savayı bir hind kinosu da var, amma o, bizim auditoriyaya hələ yol tapmayıb, necə ki, elə digər filmlər də Azərbaycan tamaşaçısına çatmayıb...
Amma burada köhnə hind kinolarının sosial tərəfinə toxumaq istəyirəm.
Bir az əvvəldə qeyd etdiyim kimi, bəli, bu filmlərdə sonda mütləq ədalət zəfər çalırdı. Bəli, qəhrəman təkbaşına mübarizə aparır, qalib gəlir və məsələ həll olunandan sonra polislər gəlib çıxırdı...
Belə süjetlər çox sadəlövh və primitiv olsa da, hər halda, sosial məzmundan xali deyillər. Göz qarşısında olanlar və bizim hər gün rastlaşdığımız status-kvo heç də həmişə ədalətin təcəssümü olmur...
Bir çox hallarda ədalət tamam başqa siyasi-sosial konfiqurasiyada təzahür edir, çünki elə ədalət də sənət əsəri kimidir, onu da hələ yaratmaq və ərsəyə gətirmək lazım gəlir...
Olanların ədalətli olması bir növ qismət anlayışı ilə bağlıdır. Qismət anlayışını isə hələ C.Əfqani islam dünyası üçün əngəl kimi araşdırmışdı...
Düzdür, bir məsələ var ki, qismət anlayışı da xristianlardakı-kalvinistlərdəki qurtuluş məsələsi kimidir. Əslində insanlar kimə aid olduqlarını, qutulmuşlardan, yoxsa, əksinə qurtulmayanlardan olduqlarını bilmirlər...
Əslində insan hələ bilimir ki, onun qisməti nədir, o, çalışmalı-vuruşmalıdır ki, özünün əsl qismətini tapa bilsin. Olanları, bütün mövcudluğu öz qisməti kimi qəbul etmək isə sadəcə, passivlik və reallıqla barışmaq deməkdir...
Bəli, bəzən ədalətə nail olmaq üçün mövcud ictimai qaydaları və konfiqurasiyanı da dəyişmək tələb olunur. Amma hər insan həm də öz taleyini özü qurmağa çalışmalıdır. Hər bir insanın taleyi onun öz səylərinin məhsuludur - qismət anlayışını da bu konteksdə başa düşmək lazımdır...
Fəqət, baxıb görürsən ki, Azərbaycanda çoxu mövcud gerçəkliklərlə barışaraq hətta onlara qəzavü-qədərin qərarı kimi baxır. Amma hamının malik olduğu onun qədəri və qisməti hesab oluna bilərmi?..
Təəssüf ki, çox adamlar və hətta ictimai institutlar buna “hə” deyə cavab verirlər. Amma qətiyyən belə deyil. Hətta yüksək sosial statusa malik olanlar belə özləri bilmir ki, onların əsl qisməti nədir...
Ona görə də ədalət elə bir şeydir ki, gərək, onun bərqərar olması üçün çalışasan, onun uğrunda hər gün, hər saat mübarizəyə hazır olasan. Onda, bəli, demək olar ki, mən cəhd etdim, amma qismətim bu imiş...






