İnsanlara hürriyət, millətlərə istiqlal!

İnqilabın 50 illik yubileyinin güdazına gedən kosmonavt – Brejnev Qaqarini niyə qəbul etməyib?

4647 09.10.2023 13:27 Yaxın tarix A A

Kosmosu ilk dəfə fəth etməsi ilə dünyanın ən populyar simasına çevrilən Yuri Qaqarin üçün hər yerdə yaşıl işıq yandırılıb.

Dünyanın ən tanınmış siyasi liderləri, dövlət başçıları kosmonavtla görüşməyə böyük həvəs və maraq göstəriblər. Sovet liderləri isə (Leonid Brejnev və Nikita Xruşov) Yuri Qaqarinin bütün istəklərini həyata keçirib. Amma nədənsə 1967-ci ilin əvvəllərində Brejnev Yuri Qaqarini qəbul etməkdən imtina edib. Bəlkə də baş katibə kosmonavtın onun qəbuluna düşməsini məruzə etməyiblər. Fakt isə odur ki, Qaqarin dəfələrlə cəhd etsə də, Brejnevlə görüşə bilməyib.

BREJ.jpg (95 KB)

Maraqlıdır, kosmonavtla baş katibin görüşü hansı səbəbdən müşkülə düşüb?

1967-ci ildə SSRİ-də Oktyabr inqilabının 50 illik yubileyinə böyük hazırlıq işləri görülüb. Tədbirə hazırlıq çərçivəsində Brejnev növbəti müşavirəni Siyasi Büronun üzvləri, kosmonavtlar və kosmosa uçuşla bağlı müvafiq qurumların rəhbərləri ilə keçirib. Baş katib Oktyabr inqilabının yubileyi münasibətilə kosmonavtların yeni bir uğura imza atmasının arzusunda olduğunu söyləyib. O, hətta bununla bağlı öz təklifini də irəli sürüb: “İki kosmik gəmi kosmosda görüşməli, kosmonavtlar açıq fəzaya çıxaraq, bir-birlərinin gəmilərinə keçməlidirlər...”

Mütəxəssislər Brejnevin bu təklifinin həyata keçməsinin mümkün olduğunu bildiriblər. Amma heç kim cürət edərək deməyib ki, bu proqramın həyata keçirilməsi üçün kifayət qədər vaxt tələb olunur.

Müşavirədən sonra mütəxəssislər proqramın həyata keçirilməsini aşağıdakı kimi planlaşdırıblar:

1. Birinci uçuşu “Soyuz 1” gəmisində Vladimir Komarov həyata keçirir.

2. Sonra “Soyuz 2” gəmisi uçuş edir.

3. 24 saatdan sonra “Soyuz 1” və “Soyuz 2” kosmosda görüşürlər, kosmonavtlar açıq fəzaya çıxaraq gəmilərində yerdəyişmə həyata keçirirlər.

YURİ.jpg (103 KB)

Uçuşların bu qədər qısa müddət ərzində uğurlu olmasına heç kim inanmayıb. Təlim-uçuş Mərkəzində böyük gərginliklər yaşanıb. Komarova ciddi təkidlər olunub ki, uçuşdan imtina etsin.

Kosmonavt isə bu təkidlərə belə cavab verib:

“Mənim imtina etməyim heç nəyi dəyişməyəcək. Bütün hallarda Brejnevin arzusu həyata keçirilməlidir. “Soyuz 1”in ehtiyat kosmonavtı isə Yuri Qaqarindir, mən imtina etsəm, əvəzimə onu göndərəcəklər, mən isə bir dost kimi onu çətin vəziyyətə sala bilmərəm...”

Yuri Qaqarin vəziyyətin reallığını tam anlayaraq uçuşun təxirə salınması üçün bütün mümkün variantlardan istifadə edib. Heç bir nəticə əldə edə bilməyəndə, o, bir neçə dəfə Brejnevlə görüşməyə can atıb. Amma baş katiblə görüşmək cəhdinin qarşısı Mərkəzi Komitənin “kiçik” kabinetlərində alınıb. Kosmonavta bu görüşün məqsədəuyğun olmadığını başa salıblar.

Uçuşa bir gün qalmış konstruktorlar kosmik gəmini test edərkən nə az, nə çox, irili-xırdalı 203 nöqsan aşkar ediblər. Amma onlara da bu haqda danışmaq qəti qadağan edilib.

Beləliklə, 24 aprel 1967-ci ildə Komarovun “Soyuz 1” gəmisinin uçuşuna start verilib. Elə ilk dəqiqələrdən nasazlıqlar özünü büruzə verməyə başlayıb. İlk olaraq günəş batareyalarının panelləri açılmayaraq sıradan çıxıb. Daha sonra naviqasiya cihazları bir-bir sönməyə başlayıb, sürət və temperatur rejiminin tənzimlənməsində problemlər yaranıb. Bütün bunlara yerdən nəzarət olunarkən artıq “Soyuz 2” gəmisinin uçuşa buraxılması mənasız sayılıb. Komarovun bütün cəhdlərinə baxmayaraq, gəminin idarə olunması hər saniyə çətinləşib. Uçuşun idarəetmə məntəqəsindən Komarova mümkün olan ilk andaca uçuşu sona çatdırmaq tövsiyə edilib. Uçuşun idarəetmə məntəqəsindəki göstəricilər isə Komarovun sağ qalmasına ümid yeri qoymayıb.

YURİ SON.jpg (109 KB)

Çox keçməmiş “Soyuz 1”lə Yerin rabitə əlaqəsi də kəsilib. Bu problemdən sonra Komarov daha 5 saat fəzada qalıb, eniş etmək istəyəndə isə paraşüt sistemləri də sıradan çıxıb. Kosmonavt 7 kilometr hündürlükdən Orenburq vilayəti ərazisində torpağa çırpılıb.

Uğursuz uçuş və Komarovun həlak olması haqqında Brejnevə məruzə edəndə baş katib məyusluğunu gizlətməyib:

“Təəssüf ki, kosmonavtika sahəsində növbəti uğurumuzu dünyaya nümayiş etdirə bilmədik. Deməli, bu sahədə boşluqlar var. Biz bu haqda qərar qəbul etməliyik…”

Komarovun həlak olması isə Brejnevi çox da təəssüfləndirməyib. O, bununla bağlı könülsüz halda katibliyə tapşırıq verib:

“Komarov üzərinə düşən vəzifəni icra edə bilmədi. Amma nə etməli? Təltif üçün fərman hazırlayın. Ailəsinə təsəlli olar…”

Oktyabr inqilabının yubileyinin güdazına gedən Komarov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib.

Qeyd edək ki, Komarov ilk uçuşunu 12-13 oktyabr 1964-cü ildə “Vosxod 1” gəmisində həyata keçirib. 24 saat 17 dəqiqə 3 saniyə davam edən uğurlu uçuşdan sonra kosmonavt Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR