İnsanlara hürriyət, millətlərə istiqlal!

“İkisi birində...”: nəhayət, birləşdilər - kinematoqrafiyamızın problemi bitdimi?

722 28.07.2023 08:00 Mədəniyyət A A

Xəbər verildiyi kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin sözlərinə görə, iclasda ölkədə kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib: “Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi (AKB) adlandırılıb. Hələlik sədrlik məsələsi düşünülməyib, çünki ayrılma prosesi bir müddət, təxminən bir ay, ay yarım çəkəcək. Ona görə də heç bir təklif yoxdur. Yəqin ki, bununla bağlı daha sonra addım atılacaq. Onsuz da hər iki qurumun işi eyni idi və yekun olaraq ittifaqlar birləşdi. Bəzi sənədləşmə işləri var, yekunlaşdıqdan sonra birliyə kimin rəhbərliyi edəcəyi müəyyənləşəcək”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın bundan əvvəl rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilmişdi. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılar idi: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Siyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. Əməkdar incəsənət xadimi Ayaz Salayev ittifaqlar birləşərsə, istefa verəcəyini demişdi.

Bəs kino adamları bu birləşmə qərarından nə gözləyirlər? Yeni vahid quruma tamamən yeni, üçüncü bir şəxs rəhbər seçilə bilərmi?

Ayaz Salayev hələlik bu barədə danışmaq istəmədiyini dedi.

Cəmil Quliyev yeni vəzifəyə təyin olundu

Cəmil Quliyev: “Sevinirəm ki, bu baş verdi...”

Əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hər iki ittifaq Azərbaycan kinematoqrafiyasına xidmət edir və hər iki ittifaqda dostlar, bir-birini sevən insanlar var və onlar daim əlaqədədir. Artıq birləşmək vaxtı çatıb və mən bunu dəstəkləyirəm. Sevinirəm ki, bu baş verdi. Qeyd edim ki, artıq yeni qurum yaranacaq, yeni sədr olacaq, çox səmərəli fəaliyyət başlayacaq. Arzu edirəm ki, yeni seçiləcək şəxs aktiv, fəaliyyətdə olan, ən əsası, kinematoqrafçıların inandığı adam olmalıdır. Həmçinin ümid edirəm ki, yeni ittifaqın heyətində də fəal şəxslər olacaq.

Bildiyiniz kimi, xalq yazıçısı Anar qurumun adının “Birlik” olması ilə bağlı çox gözəl təklif irəli sürüb. Ona görə “Birlik” ki, ölkədə bütün kinematoqrafçılar birləşir. Azərbaycan kinematoqrafçıların işi çoxdur. Çox maraqlı proseslər, işlər getməli və kino bu proseslərin mərkəzində dayanmalıdır. Ona görə də birləşmək çox vacibdir. Kinematoqrafçıların biri orada, biri burada olması yaxşı hal deyil, hamı birlikdə çalışmalı və əsas odur ki, bir-birini sevib, dəstək olmalıdırlar. Biz yaşlı kinematoqrafçılar çox az sayda, bir ovuc qalmışıq və ona görə də bir-birimizə münasibətimiz yaxşı olmalıdır. Çünki hamımız bir yerdə Azərbaycan Kinostudiyasında bir yerdə işləmişik, onun yaranmasında iştirak etmişik. Bu birlik həm də milli kinomuzun inkişafına təkan verəcək, beynəlxalq əlaqələr genişlənəcək, mübadilələr aparılacaq, festivallar təşkil olunacaq, müxtəlif masterklaslar keçiriləcək və sairə".

Səhnənin gülən üzü - Afaq Bəşirqızı

Afaq Bəşirqızı: “Yeni quruma o şəxs rəhbərlik etməlidir ki...”

Xalq artisti Afaq Bəşirqızı isə məsələ ilə bağlı inamsızlığını qeyd etdi: “Bütün bu birləşmələr və sairə, bunların hamısı bir məsələ ilə bağlıdır - sədr kim olacaq... Məsələn, tutaq ki, mən bir nəqliyyat vasitəsinə minirəm, əgər sürücü onu düzgün idarə etmirsə, bir dayanacaqdan sonra onu tərk edirəm. Bu məsələ də buna bənzəyir. Hesab edirəm ki, yeni yaranacaq quruma mütləq şəkildə kinonu, onun tarixini bilən, aktyor və aktrisaları çox gözəl tanıyan adam olmalıdır.

Onu da qeyd edim ki, hazırda kinematoqrafiyamızda demək olar ki, kadr yoxdur. Olanlar da artıq qocalıb və həmin karvanı dartmaq mümkün deyil. O ki qaldı gənclər və ortayaşlılar, zamanında onları bir neçə müəssisəyə rəhbər qoydular, onlar isə həmin müəssisələri, o cümlədən telestudiya və kinostudiyanı dağıtdılar. Hansı ki, onların istedadlarına inanırdıq, əl qabiliyyətlərinə bələd  idik. Lakin qeyd etdiyim kimi, gəldilər, vətənin bir parçasına xəyanət etdilər, zərər vurdular, nə var “yeyib” getdilər. Lakin yeni mədəniyyət nazirinə çox inanıram. Çünki onunla ünsiyyətdə olmuşam və bilirəm ki, bəli, incəsənəti bilir, məlumatı var. Düşünürəm ki, həmin ittifaqla bağlı seçimində səhv etməz".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR