İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qardaş ölkənin vətəndaş cəmiyyətləri də yumruq kimi birləşir...

1287 24.05.2022 10:05 KİVDF layihələri A A

Türkiyə və Azərbaycan arasında imzalanan memorandum çiyin-çiyinə fəaliyyətə dəstək olacaq; QHT rəhbəri: “Koordinasiyalı hərəkət etməyə ehtiyac var”

Ötən həftə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi.

“Yeni Müsavat” xatırladır ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Türkiyə  Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalandı. Forumun yekunu olaraq bəyanat səslənərək, qəbul edilib.

Bəyanatda “Türkiyə və Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları bu formatda tədbirlərin mütəmadi olmaqla keçirilməsi razılığına gəliblər. Növbəti Əməkdaşlıq Forumunun Türkiyədə keçirilməsi və  Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platformasının təsis olunması qərara alınıb. Bu memorandumun imzalanması kifayət qədər mühüm hadisədir. Çünki iki qardaş dövlət arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq, hərbi müttəfiqlik olsa da, vətəndaş cəmiyyəti sektorunda bir o qədər yaxınlaşma müşahidə olunmurdu.

Daha doğrusu, bəzi təşkilatların fəaliyyətində müəyyən aktivlik görmək olardı, bütövlükdə iki qardaş dövlətin vətəndaş cəmiyyətləri sıx təmasda deyildilər. Ona görə memorandum imzalanması vacib mərhələdir. İndən belə Türkiyə ilə Azərbaycan QHT-ləri arasında daha geniş əməkdaşlıqlar qurula bilər ki, bu da vətəndaş cəmiyyəti institutlarının birgə hərəkət etməsinə tramplin ola bilər. Və bu memorandum əsasında beynəlxalq aləmdə iki qardaş ölkənin vətəndaş cəmiyyətləri koordinasiyalı hərəkət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda təxminən 4000 QHT qeydiyyatdan keçib. Düzdür, heç də onların hamısı aktiv fəaliyyət göstərmirlər. Türkiyədə isə belə təşkilatların sayı 120 minə yaxındır. Təbii ki, ərazi və əhali sayı baxımdan qardaş ölkə bizdən daha böyükdür. Ona görə birgə fəaliyyət üçün bir çox QHT-lər fəal olmalıdırlar, fayda verməlidirlər. Xüsusən də dünyada beynəlxalq münasibətlərin mürəkkəb dövrüdür, belə həssas vaxtda hər kəs imkanlarını səfərbər etməli, iki qardaş ölkənin vətəndaş cəmiyyətləri də birlik göstərməlidirlər.

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

 Günel Səfərova

Bu mövzuda danışan “Vətəndaş” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərovanın sözlərinə görə, Türkiyə ilə Azərbaycanın vətəndaş cəmiyyəti sektorları bir-birindən fərqlənirlər, lakin oxşarlıqları da var. QHT rəhbərinin sözlərinə görə, qardaş ölkədə daha çox vəqflər fəaliyyət göstərir: “Onlar konkret bir problem üzərində fokuslanır, onun həlli üçün çalışır, sonra digər məsələyə keçirlər. Bizdə isə bir qədər fərqlidir. Amma ortaq cəhətlər də var və fikrimcə, keçirilən forum münasibətləri sistemləşdirəcək. Ancaq bu əməkdaşlıq təkcə rəsmi səviyyədə olmamalıdır, QHT-lər bir-biri ilə işləməlidirlər. Çünki beynəlxalq münasibətlərin tənzimlənməsində bizim koordinasiyalı hərəkət etməyimizə ehtiyac var”.

Bundan başqa, G.Səfərova hesab edir ki, qarşılıqlı olaraq təcrübələrimizi bölüşə bilərik: “O baxımdan bu memorandum bir ilkdir, iki qardaş ölkə bütün sahələrdə əməkdaşlıq etdiyi kimi, vətəndaş cəmiyyətinin inkişafı üçün də çiyin-çiyinə işləyəcəklər. Bir daha təkrar edirəm ki, buna qədər Türkiyə ilə fəaliyyət göstərənlər olub, amma bu səviyyədə əməkdaşlıq qurulması ilk hadisədir”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə imzalanan “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun mühüm əhəmiyyətə malik olduğunu hesab edir. Onun fikrincə, bu forum Azərbaycan və qardaş Türkiyənin vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığın genişlənməsinə, yeni mərhələyə daxil olmasına mühüm töhfə verəcək: “Digər mühüm bir məqam Azərbaycan və Türkiyənin belə bir forum keçirməklə bütün dünyaya növbəti dəfə öz birlik və həmrəyliklərini nümayiş etdirməsi ilə bağlıdır. Bildiyiniz kimi, tarixin bütün dönəmlərində Azərbaycan və Türkiyə bir-birilərinin yanında olub, dar məqamda bir-birilərinə dəstək veriblər. Bunun son örnəyi 44 günlük Vətən müharibəsi oldu. Bu müharibədə qardaş Türkiyə Azərbaycana həm diplomatik, həm də mənəvi baxımdan böyük dəstək verdi, onunla həmrəylik nümayiş etdirdi. Bu baxımdan əlamətdar hadisə hesab edirəm”.

Emil SALAMOĞLU,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR